
Fev 25, 2019 | 09:54 / Konfranslar, iclaslar
AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyevin “Virtual mühitdə folklor: ənənə və kommunikasiya” kitabı işıq üzü görüb.
Kitab AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun elmi redaktorluğu ilə nəşr olunub.
Monoqrafiya İnternet mühitində meydana gələn folklor yaradıcılığının spesifikası, informasiya-kommunikasiya texnologiyalarının inkişafı kontekstində folklorda baş verən dəyişikliklər, virtual mühitdə yaranan yeni ənənə və davranışların analizinə həsr olunub.
Kitabda virtual mühitdə folklorun aktuallaşma perspektivləri, “üz-üzə” ünsiyyətdən virtual kommunikasiyaya transformasiya məsələləri, İnternetdə cərəyan edən folklor prosesləri araşdırılmışdır. XXI əsrdə qloballaşma və virtuallaşmanın mövcudluğu, mədəniyyətlərin çulğalaşması və hibridləşməsinin güclənməsi, yeni fəlsəfi konsept və ideologiyaların meydana gəlməsi şəraitində sosial-mədəni reaksiya kimi folklorun virtual mühitdəki spesifikası təhlil olunub. Tədqiqatda kommunikasiya və folklor, rəqəmsal kommunikasiya vasitələrində folklorik modellər, virtual sosial mühitdə folklorlaşma, İnternet folklorunun semantik analizi, Azərbaycandilli virtual mühitdə folklorik dinamika kimi məsələlər müasir elmi nəzəri yanaşma və baxışlar əsasında öyrənilib.
Kitab “Virtual mühitdə folklor” problemi altına birləşən 3 əsas istiqaməti özündə ehtiva edir.
Kitabın “Virtual mühitdə folklor: problemin nəzəri-metodoloji aspektləri” adlanan birinci hissəsində informasiya-kommunikasiya texnologiyalarının meydana çıxması kontekstində şifahi mədəniyyətdə baş verən dəyişikliklər, o cümlədən, yazının, radio, televiziya kimi kütləvi-informasiya vasitələrinin ortaya çıxması, nəhayət, ən böyük kommunikasiya vasitəsi olan İnternetin kəşfi ilə xalq mədəniyyətinin təbiətində gedən müxtəlif tipli proseslər təhlil olunmuşdur. Qeyd olunmuşdur ki, müasir dövrün ən böyük fenomeni olan İnternetin kəşfi və sürətlə yayılması kommunikasiya imkanlarının əvvəlki dövrlərlə müqayisədə tamamilə fərqli bir səviyyəyə yüksəlməsinə və cəmiyyətin bütün sferalarında fundamental dəyişikliklərin baş verməsinə gətirib çıxarmışdır. Belə bir şəraitdə birbaşa olaraq ünsiyyətlə sıx bağlı olan xalq mədəniyyətinin təbiətində bir sıra yeni keyfiyyətlər ortaya çıxmış, xalq biliyinin texnoloji mühit çərçivəsində ifadəsinin spesifik formaları yaranmış, bütövlükdə folklorun müasir cəmiyyət üçün yeni məna və rolları meydana gəlmişdir. Bu hissədə “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı kontekstində folklor”, “Virtual mühitdə folklorun aktuallaşma perspektivləri: texnologiya və mədəniyyət münasibətləri”, “Folklor və İnternet: virtual folklora yanaşma tendensiyaları”, “Kommunikativ dinamika kontekstində folklor: “üz-üzə” ünsiyyət və virtual kommunikasiya”, “Sözün texnolojiləşməsi”: sözdən yazıya, yazıdan rəqəmsallaşmaya keçiddə folklor”, “İnternet folklorunun araşdırılması: baxışlar və yanaşmalar” kimi problemlər araşdırılıb.
Kitabın “Rəqəmsal mərhələdə folklorun təməl anlayış və prinsiplərinin yenidən dəyərləndirilməsi” adlanan ikinci hissəsində isə, müasir dövrün folklor proseslərinə bir zamanlar Alan Dundes tərəfindən fundamental şəkildə qoyulan və konseptual formada cavablandırılan “xalq” (folk) kimdir?” və “bilik” (lore) nədir?” sualları ətrafında baxılmışdır. Rəqəmsal texnologiyaların və İnternetin mövcudluğu şəraitində müəyyən olunmuşdur ki, ənənəvi folklorşünaslığın folklor barədə müəyyənləşdirdiyi bir sıra təməl prinsiplər (şifahilik, anonimlik və s.,) öz immunitetini itirmişdir. Çünki bir tərəfdən qlobal informasiya şəbəkəsi daxilində milli xarakter və kimliyin digərləri ilə çulğalaşması “xalq” kimdir?” sualına yenidən baxılmasını aktuallaşdırırsa, digər tərəfdən isə xalq biliyinin rəqəmsal texnologiyalar əsasında ortaya çıxması “bilik” nədir?” sualına yeni baxışı zəruri edir. Bu hissədə virtual folklor problemi “Virtual mühitdə folklorun şifahiliyi: “yazmaq” yoxsa “danışmaq”?”, “Virtual sosial mühitdə folklorik ənənə”, “İnternet mühitində kollektiv rəyin spesifik təzahürü: anonimliyə yeni baxış”, “İnternet folklorunun müəyyənləşdirilməsində variantlılıq məsələsi” kimi aspektlərdən araşdırılmış və bir sıra mühüm elmi nəticələr əldə olunub.
Kitabın “Azərbaycandilli virtual mühitdə folklor prosesləri: ənənə və kommunikasiya” adlanan sonununcu hissəsində virtual folklor problemi ilə bağlı mövcud elmi-nəzəri yanaşmalar Azərbaycandilli virtual mühitdə gedən folklor proseslərinə tətbiq olunmuş və təhlillər aparılmışdır. Burada üzə çıxarılmışdır ki, Azərbaycandilli virtual mühitdə gedən folklor prosesləri istər forma, istər məzmun, istərsə də funksiya baxımından əvvəlki dövrlərdən tamamilə fərqlənir. Belə ki, açıq informasiya mühiti şəraitində müasir fəlsəfi-ideoloji konseptlərin, trend və tendensiyaların təsiri altında virtual Azərbaycan folkloru mühitində yeni məzmunlu atalar sözləri və deyimlər, ənənəvi folklor qəhrəmanlarının ironik və parodik modelləri ortaya çıxmışdır. Eyni amanda bu hissədə “Virtual kommunikativ mühitdə folklorik simvollaşdırmanın yeni modeli” və “Azərbaycandilli virtual mühitdə “caps”-lar: milli müdrikliyin “Albert Eynşteyn” obrazı” kimi mövzular da araşdırılıb.
Kitabda belə bir nəticəyə gəlinmişdir ki, folklorun ifa və icra mühitinin dəyişməsi (“üz-üzə” kommunikasiyadan virtual kommunikasiyaya keçid), onun təcəssüm olunma vasitələrində (söz, rəsm, foto, qrafik işarə və s. formasında rəqəmsallaşma), ötürülmə və yayılma üsullarında (elekton poçt, SMS, sosial şəbəkə və s.), eləcə də söyləyici, mətn və auditoriya müstəvisində yeniliklərin yaranmasına, bütövlükdə isə ənənəvi folklordan virtual folklora keçidin baş verməsinə səbəb olmuşdur. Bu da folkloru öyrənən elmin də qarşısında müxtəlif problem və suallar qoymuşdur ki, hazırda həmin istiqamətdə dünyanın bir sıra nüfuzlu elmi mərkəzlərində mühüm tədqiqatlar aparılmaqdadır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.