AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
Filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev: “İnternet mühitində yenilənən ənənəvi folklor obrazları”
Yan 04, 2019 | 03:22 / Müsahibələr, çıxışlar
Oxunub 206 dəfə

AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev AZTV-nin “Səhər” musiqili-informasiya proqramının qonağı olub. Verilişdə müasir dövrdə internet folklorunun araşdırılması məsələləri geniş müzakirə olunub. 

H.Quliyev vurğulayıb ki, İnternet folkloru müasir dövr dünya folklorşünaslığının aktual elmi problemlərindəndir. Son dövrlər bu sahədə Amerika, Avropa, Rusiya və Türkiyə folklorşünaslığında mühüm tədqiqatlar aparılmaqdadır.

Müasir dövrdə İnternetin əsas kommunikasiya vasitəsinə çevrilməsi virtual aləmi mədəni proseslərin cərəyan etdiyi mühitə çevirmişdir. Bu isə öz növbəsində folklor yaradıcılığı üçün yeni şəraitin ortaya çıxmasına səbəb olmuşdur. Belə bir şəritdə folklor sosial proseslərin ən operativ təcəssümünə çevrilmişdir. Heç şübhəsiz ki, İnternet folkloru da sosial sferanın güzgüsü kimi ən müxtəlif rəy və maraqların, emosional-psixoloji ehtiyac və  arzuların təzahürüdür.

Gənc alim, onu da diqqətə çatdırıb ki, folkorun İnternet mühitində mövcudluğu bir neçə formada özünü göstərir. Birincisi, real mühitdən toplanılaraq arxivləşdirilən folklor resurslarının rəqəmsallaşdırılması və İnternetə daxil ediləsi. İkincisi, ənənəvi folklorun virtual mühitə transformasiyası, üçüncüsü isə, virtual-kommunikativ mühitin özündə meydana gələn folklor faktları.

Ənənəvi folklorun virtual mühitə transformasiyası isə müxtəlif səviyyələrdə özünü göstərir. Xüsusilə diqqəti cəlb edən trendlərdən biri ənənəvi folklor obrazlarının yenidən yaradılması, cari situasiya və şərtlərə müvafiq olaraq formlaşdırılmasıdır.

Bütün bu qeyd olunan istiqamətlərin araşdırılması, eləcə də Azərbaycandilli virtual mühitdə gedən folklor proseslərinin hər tərəfli öyrənilməsi qarşıda duran mühüm məsələlərdəndir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015