AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
NAIL TAN: "AZERBAYCAN NASREDDIN HOCA FIKRA KÜLLIYATI DA YAYIMLANDI"
Noy 27, 2018 | 11:29 / Maraqlı məlumatlar
Oxunub 1664 dəfə

Türk Dil Qurumunun elmi nəşri olan "Türk dünyası dil və ədəbiyyat dərgisi"ndə tanınmış türkiyəli folklorşünas alim Nail Tanın bu yaxınlarda AMEA Folklor İnstitutu tərəfindən dərc edilən “Molla Nəsrəddin lətifələri” kitabı haqqında məqaləsi dərc edilib. Müəllif "Dünya Nasreddin hoca fıkra külliyatı 1616-a yükseldi" adlı məqaləsində kitab haqqında elmi mülahizələrini oxucularla paylaşıb.

Alim bu nəşri yüksək qiymətləndirərək qeyd edib ki, "AMEA Folklor İnstitutu Molla Nəsrəddini Sovet dönəminin mədəni müdaxilə qalıntılarından azad edərək Azərbaycan xalqının düşüncəsindəki, qəlbindəki müdrik/aqil kimliyinə uyğun lətifələri ilə elm dünyasının yenidən hüzuruna gətirmişdir. Bu külliyyat heç şübhəsiz, bir çox yeni məqalə, hekayə, roman, oyun, uşaqlar və gənclər üçün kitabların yazılmasına, cizgi filminin, filmin çəkilməsinə səbəb olacaqdır".

Xatırladaq ki, bu ilin iyul ayında AMEA  Folklor İnstitutunun və SOCAR AQŞ-nin təşkilatçılığı ilə “Molla Nəsrəddin lətifələri” kitabının və www.mollanasreddin.az portalının təqdimat mərasimi keçirilib. Kitabı tədbir iştirakçılarına təqdim edən AMEA Rəyasət Heyətinin elmi-katibi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev bildirib ki, nəşrdə ümumtürk mədəniyyətinin ortaq gülüş qəhrəmanı olan Molla Nəsrəddinlə bağlı XIX əsrin ikinci yarısından bu günə qədər Azərbaycanda nəşr olunmuş 30-a yaxın mənbədən 600-dən çox lətifə toplanılıb. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan topluda lətifələr mənəvi-əxlaqi və didaktik prinsiplər əsas götürülüb.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

 

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015