AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Sərxan Xavəri: "Folklorda metaforanın multidissiplinar aspektdən müzakirəsi gələcəkdə gənc alimlərin bu mövzuya diqqətinin artmasına zəmin yaradır"
Noy 22, 2018 | 02:27 / Müsahibələr, çıxışlar
Oxunub 242 dəfə

AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri Mədəniyyət TV-nin "Buta - mədəniyyət xəbərləri" verilişinə müsahibə verib. O, Noyabrın 21-də AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən “Folklorda metaforik düşüncənin semantikası” mövzusunda respublika elmi konfransı haqqında ətraflı məlumat verərək deyib ki, konfrans müasir dövrdə dünya folklorşünaslığının ən aktual mövzularından olan folklorda metaforik düşüncəyə həsr olunub. Hazırda dünyada folklorda metafora sadəcə bədii təsvir vasitəsi olmaqdan daha çox, gerçəkliyin, xüsusən də sosial və psixoloji gerçəkliyin mədəniyyətdə əksi texnologiyası olaraq xüsusi bir düşüncə tipologiyası kimi araşdırılır. Buna görə də müxtəlif sosial qrupların maraq və dünyagörüşünün ifadəçisi olan folklorda metaforik düşüncə, yalnız sözlü mətnlərin bədii məziyyətini deyil, ümumən ənənəvi mədəniyyətin mahiyyətini, onun bir sosial-mədəni təsisat olaraq əsas səciyyəsini, gerçəkliyin hansı mexanizmlər əsasında yenidən yaratmasını anlamaq baxımından xüsusi əhəmiyyətə malikdir. Alim qeyd etdi ki, konfransda dinlənilməsi nəzərdə tutulan məruzələrdə bu aspekt, folklor janrlarının və motivlərinin metaforik düşüncə aspektindən araşdırılması, onun fəlsəfi aspektləri  xüsusi olaraq nəzərə alınıbdır.

Sərxan Xavəri  əlavə etdi ki, tədbirin özəlliklərindən biri də ondan ibarətdir ki, burada yalnız folklorşünaslar deyil, müxtəlif elm sahələrinin nümayəndələri, arxeologiya, etnoqrafiya, fəlsəfə, dilçilik və digər elm sahələrinin nümayəndələri iştirak edirlər. Bu da mövzunun multidissiplinar olaraq araşdırılma zərurətindən irəli gəlir. Mövzunun belə geniş müstəvidə multidissiplinar aspektdən araşdırılması bu istiqamətdə gələcək tədqiqatların genişlənməsinə, gənc alimlərin bu mövzuya diqqətinin artmasına, necə deyərlər, bu mövzunun respublika miqyasında tədqiqatın fokus nöqtəsinə gətirilməsinə öz töhfələrini verəcəkdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015