AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
AMEA-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə elmi sessiya keçirilib
Noy 20, 2018 | 05:30 / Konfranslar, iclaslar
Oxunub 250 dəfə

Noyabrın 20-də AMEA-da Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan elmi sessiya keçirilib.

Humanitar Elmlər Bölməsinin (HEB) təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi"nin keçirilməsi və 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında sərəncamlarını xatırladıb. Akademik qeyd edib ki, ümummilli lider Heydər Əliyev ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin araşdırılmasına xüsusi diqqət yetirib. Alim ulu öndərin bu siyasətini uğurla davam etdirən ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamlarının AXC-yə dövlət tərəfindən verilən yüksək qiymətin göstəricisi olduğunu və elmi ictimaiyyətimiz qarşısında mühüm vəzifələr qoyduğunu bildirib. O, həmçinin AXC-nin 100 illiyinin qeyd olunması ilə bağlı AMEA-da Tədbirlər Planına uyğun olaraq artıq bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Natiq AXC-nin 100 illiyinin qeyd olunmasının ölkəmizdə azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşdirilməsinə xidmət göstərdiyini vurğulayıb. Bildirib ki, cəmi 23 ay mövcud olmuş AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin yaradıb.

Sonra çıxış edən HEB-in akademik-katibi, akademik Teymur Kərimli ölkə başçısı İlham Əliyevin Sərəncamını tariximizə, milli-mənəvi irsimizə böyük qayğının təzahürü kimi dəyərləndirib. Akademik bildirib ki, müsəlman Şərqində ilk parlamentli respublika olan AXC iki ildən az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, digər sahələrlə yanaşı, mədəniyyət istiqamətində də mühüm addımlar atıb. Vurğulayıb ki, Cümhuriyyət dövründə ölkədə teatr və kitabxanalar yaradılıb, ana dilində mətbuat orqanları açılıb, milli kadrların hazırlanmasına xüsusi diqqət yetirilib. Natiq qeyd edib ki, Cümhuriyyətin müstəqillik, azadlıq ideyalarının, demokratik dəyərlərin, azərbaycançılıq məfkurəsinin təbliği hər zaman incəsənət xadimlərinin yaradıcılığında özünəməxsus yer tutub.

Elmi sessiyada AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı, filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəyli "Cümhuriyyət dövründə Azərbaycanın maarifçi qadınları", Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlilov "Azərbaycan Cümhuriyyətinin istiqlal konsepti", Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səfura Quliyeva "İstiqlalımızın 100 ili poeziyada", Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rahibə Əliyeva "Cümhuriyyətin baş memarı Zivərbəy Əhmədbəyov" adlı məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015