AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Azərbaycan alimləri Dubnada beynəlxalq elmi konfransda iştirak ediblər
Noy 23, 2018 | 10:14 / Konfranslar, iclaslar
Oxunub 213 dəfə

Moskva vilayətində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) “Fiziklər və liriklər: MDB ölkələrində elm və ədəbiyyat sahəsində dünya təcrübəsi və reallıq” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbir AMEA, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və BNTİ tərəfindən təşkil olunub. Konfransda AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Xəzər Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, Milli Məclisin deputatı Ağacan Abıyev, AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid, AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və başqaları iştirak ediblər.

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev konfransı açaraq Dubna elmi şəhərciyi və rəhbərlik etdiyi institutun fəaliyyəti barədə məlumat verib.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşavir-elçisi Aqşin Əliyev alimlərə işlərində uğurlar arzulayıb.

Daha sonra təbiət elmləri ilə humanitar elmlərin qarşılıqlı fəaliyyəti, gənclərin elm və mədəniyyət tarixinin öyrənilməsinə cəlb edilməsi, Azərbaycan və Rusiya alimlərinin əməkdaşlığının inkişafı və digər məsələlər ətrafında müzakirələr aparılıb. Müzakirələrdə BNTİ-nin əməkdaşları Valter Furman, Yevgeni Şablin, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun dosenti Abuzər Bağırov, AYB Moskva bölməsinin məsul katibi Afaq Şıxlı və başqaları iştirak ediblər.

Qeyd edək ki, dəqiq və humanitar elmlərin nümayəndələri arasında mübahisə ötən əsrin ortalarında sovet şairi Boris Slutskinin “Literaturnaya qazeta”da 1959-cu ildə dərc olunmuş “Fiziklər və liriklər” şeirindən sonra başlayıb. B.Slutski şeirində dünya qanunlarının dəyişməsi, müasir dövrdə ədəbiyyatçılara deyil, dəqiq elmlərə daha çox ehtiyac duyulduğu bildirmişdi.

Xatırladaq ki, “Fiziklər və liriklər: MDB ölkələrində elm və ədəbiyyat sahəsində dünya təcrübəsi və reallıq” mövzusunda beynəlxalq elmi konfransın birinci hissəsi noyabrın 16-17-də Bakıda və Şamaxıda keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015