AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Video
Sərxan Xavəri: "Mədəniyyətimizin akkultural kontekstdə öyrənilməsi zəruridir"
Noy 08, 2018 | 01:34 / Müsahibələr, çıxışlar
Oxunub 30 dəfə

AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri Mədəniyyət TV-nin "Buta - mədəniyyət xəbərləri" verilişinə müsahibə verib.  "XX əsrin ikinci yarısı Azərbaycan mədəniyyəti: akkultural situasiya və folklorun inteqrativ funksionallığı" mövzusunda keçirilən elmi seminar  haqqında ətraflı məlumat verən alim deyib ki, mürəkkəb bir təşəkkül və təkamül yolu keçən Azərbaycan milli mədəniyyəti tarixi inkişaf prosesi ərzində müxtəlif mədəni sistemlərlə qarşılıqlı əlaqədə olmuş, müxtəlif akkultural situasiyalardan keçib. Mədəniyyətimizin açıq sistem xarakterinə malik olmasının nəticəsidir ki,  onun tarixi qatlarında  müxtəlif dünya sivilizasiyalarının bir sıra dini, fəlsəfi, estetik, əxlaqi fikir cərəyanlarının izləri, əlamətləri cəmlənmiş, lakin  bu cür kulturopolifonik mənzərə heç bir halda eklektikaya çevrilməmiş, Azərbaycan milli mədəniyyəti müasir günümüzə müəyyənedici türk substratı əsasında vahid bir mədəni bütövlük kimi daxil olub.

S.Xavəri həmçinin vurğulayıb ki, XX əsrin ikinci yarısı Azərbaycan mədəniyyəti  öz etnokulturoloji sistem bütövlüyü və yeni keyfiyyət göstəriciləri ilə müasir Azərbaycan milli mədəniyyətinin ayrıca bir mərhələsini təşkil edir. Bu mərhələdə Azərbaycan mədəniyyətinin ayrı-ayrı istiqamətləri qarşılıqlı olaraq bir-birini elə mexanizmlər əsasında stimullaşdırmaq, bəhrələndirmək xüsusiyyətinə malik idi ki, bu,  ilk növbədə bu otuz illik mərhələdə mədəniyyətin müstəqil milli etnomədəni sistem xarakteri kəsb etməsindən xəbər verir.

Həmin tarixi mərhələdə Azərbaycan mədəniyyətinin yeni akkultural situasiyada xüsusu sistem bütövlüyünü təmin edən başlıca amil ənənəvi mədəniyyətin, folklor təfəkkürünün bu proseslərdə əsas tənzimləyici parametr kimi iştirakı idi. Həmin tarixi mərhələdə Azərbaycan mədəniyyətinin Qərbin müxtəlif mənəvi-intellektual tendensiyalarına çevik reaksiyası, həm də bu reaksiyaların kifayət qədər professional səviyyədə olması onunla şərtlənirdi ki, Azərbaycan bu proseslərə kifayət qədər dəqiq müəyyənləşmiş folklor təfəkkürü ilə daxil olur.   Bu mərhələdə milli mədəniyyət  folklor təfəkkürünü yeni məzmunda həzm edərək Avropa ədəbi ənənələri ilə sintez edir. Milli mədəniyyətdə folklor yaddaşına əsaslanan yaradıcılıq istiqamətləri  bu illərdə mədəni hərəkat səviyyəsinə qalxır.

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015