AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
"XX əsrin ikinci yarısı Azərbaycan mədəniyyəti: akkultural situasiya və folklorun inteqrativ funksionallığı" mövzusunda elmi seminar keçirilib
Noy 07, 2018 | 12:33 / Konfranslar, iclaslar
Oxunub 23 dəfə

Noyabrın 7-də AMEA Mərkəzi Elmi Kitabxanasında Folklor İnstitutunun təşkilatçılığı ilə filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin "XX əsrin ikinci yarısı Azərbaycan mədəniyyəti: akkultural situasiya və folklorun inteqrativ funksionallığı" mövzusunda elmi seminarı keçirilib. Seminarda AMEA-nın Folklor, FəlsəfəArxeologiya və Etnoqrafiya institutlarının əməkdaşları, respublikanın ali təhsil müəssisələrinin müəllim və tələbə kollektivi, doktorant və dissertantlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov mövzunun aktuallığından və əhəmiyyətindən danışıb.

Sonra çıxış edən Sərxan Xavəri bildirib ki, mürəkkəb təşəkkül və təkamül yolu keçmiş Azərbaycan mədəniyyətinin  sosial-mədəni sistem olaraq dəqiq geneoloji, tarixi, kulturoloji, sosioloji, ideoloji, hətta teoloji modelini bütün parametrlər üzrə müəyyənləşdirmək üçün onun digər mədəni sistemlərlə təması, qarşılıqlı münasibətləri üzərində xüsusilə dayanılmalıdır. Nəzərə çatdırıb ki, istənilən mədəniyyətin sistem bütövlüyü və bu bütövlüyü şərtləndirən etnokulturoloji xüsusiyyətlər adi halda olduğundan çox, yad mədəniyyətlə  aktiv təmas məqamlarında daha qabarıq özünü göstərir.

Məruzəçi milli ictimai-humanitar elmi dövriyyədə o qədər də geniş işlənilmə dairəsinə malik olmayan "akkulturasiya" anlayışından danışıb. Bildirib ki, akkulturasiya müasir kulturologiyada yad mədəniyyətlə fasiləsiz təmas nəticəsində onun mənimsənilməsi prosesini ifadə edir: "Akkulturasiya prosesi əksər hallarda təsir edən hakim donor mədəniyyətlə təsirə məruz qalan resipiyent mədəniyyət arasında baş verir və bu andan resipiyent mədəniyyəti öz mədəni identikliyini qoruyub saxlamaq, yaxud da yad mədəniyyəti qəbul etmək kimi fundamental dilemma qarşısında qoyur. Bu dilemmanın mümkün həlli kombinasiyaları birinin seçilməsi zəruri olan dörd strategiya meydana çıxarır: assimilyasiya (mədəni identikliyin tam itirilməsi və yeni mədəni identikliyin qazanılması), separasiya (mədəni identikliyin tam qorunması və yad mədəniyyəti tamamilə inkar), marginalizasiya (ənənəvi mədəni identikliyin itirilməsi və yeni mədəni  identikliyin qəbul edilməməsi), inteqrasiya (ənənəvi mədəni identikliyin qorunması şərtilə yeni mədəniyyətlə zənginləşmə)".

S.Xavəri akkulturasiya prosesinin Azərbaycan milli mədəniyyətinin müxtəlif mərhələlərində, xüsusən də olduqca mürəkkəb akkultural situasiyalarla müşayiət olunan ötən əsrin 60-80-ci illər üzrə elmi baxımdan izlənilməsinin zəruri olduğunu qeyd edib. Natiq bu mərhələnin seçilməsini onunla əsaslandırıb ki, XX əsrdə Azərbaycanın dövlət müstəqilliyinə ikinci dəfə qovuşduğu tarixə qədərki yaxın on illəri əhatə edən dövr öz etnokulturoloji sistem bütövlüyü və yeni keyfiyyət göstəriciləri ilə müasir Azərbaycan milli mədəniyyətinin ayrıca bir mərhələsini təşkil edir.

Daha sonra S.Xavəri həmin mərhələdə Qərb mədəniyyəti ilə münasibətlər kontekstində yaranan yeni akkultural situasiyada Azərbaycan mədəniyyətinin strateji seçiminin inteqrasiya olduğunu, inteqrasiyanın reallaşmasını təmin edən başlıca amilin isə ənənəvi mədəniyyətin, folklor təfəkkürünün bu proseslərdə əsas tənzimləyici parametr kimi iştirak etdiyini əsaslandırıb. O, qeyd edib ki, həmin tarixi mərhələdə Azərbaycan mədəniyyətinin Qərbin müxtəlif mənəvi-intellektual tendensiyalarına çevik reaksiyası, həm də bu reaksiyaların kifayət qədər professional səviyyədə olması onunla şərtlənirdi ki, milli mədəniyyət bu proseslərə kifayət qədər dəqiq müəyyənləşmiş folklor təfəkkürü ilə daxil olub. Bu mərhələdə milli mədəniyyət  folklor təfəkkürünü yeni məzmunda həzm edərək Avropa mədəni ənənələri ilə sintez edir. Milli mədəniyyətdə folklor yaddaşına əsaslanan yaradıcılıq istiqamətləri  mədəni hərəkat səviyyəsinə qalxır.

Natiq müxtəlif mədəniyyət faktları üzrə aparılan təhlillər əsasında qeyd edib ki, XX əsrin 60-80-ci illəri Azərbaycan mədəniyyətində folklorun  tənzimləyici parametr funksiyası aşağıdakı mexanizm əsasında reallaşıb: əsas xüsusiyyəti sosiointeqrativ funksionallıq olan folklor yeni akkultural situasiya yarandığı məqamda sistemə daxil olan elementlərin yeni düzümünü təmin etmək məqsədilə aktivləşmiş, onları sistemin özünün semantik strukturuna tabe etdirmiş, başqa sözlə ifadə etsək, sosiodiferensial funksiyanı reqlamentləşdirmişdir.

Qeyd edilənlərə əyani nümunə olaraq məruzəçi XX əsrin ikinci yarısı  Azərbaycan mədəniyyətinə aid bir sıra örnəklərə diqqəti yönəldib. Məruzəçi bildirib ki, XX əsrin ikinci yarısı Azərbaycan mədəniyyətinin müxtəlif istiqamətlərində, ədəbiyyatda, musiqi sənətində, rəssamlıqda, kinoda folklorun iştirakı bütöv bir sistem xarakteri daşıyır. Folklor bu mədəniyyət nümunələrində yalnız formal göstəriciləri janr modelləri, vəzn, qafiyə, dil-üslub xüsusiyyətləri, zahiri dekorasiyası və s. ilə deyil, milli düşüncə texnologiyası olaraq iştirak etmişdir. Alim nəticə olaraq XX əsrin 60-80-ci illərində yeni akkultural situasiyada strateji seçim olaraq assimilyasiya, separasiya və marginalizasiyanın qarşısının alınmasını və inteqrasiyanın reallaşmasını təmin edən başlıca amilin ənənəvi mədəniyyətin, folklor təfəkkürünün bu proseslərdə əsas tənzimləyici parametr kimi iştirakı olduğunu bildirib.

Sonda Sərxan Xavəri folklorşünas alimlərin qaldırılan elmi problemlə bağlı suallarına cavab verib. Məruzə ətrafında geniş müzakirələr aparılıb. Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoylu, Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanov, tanınmış kulturoloq, professor Fuad Məmmədov və digərləri çıxış edərək mövzunun aktuallığını, müasir Azərbaycan mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətini, bu istiqamətdə tədqiqatların davam etdirilmə zərurətini qeyd ediblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015