AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
Günel Məmmədova: "Silbo, quş dili və ya fit dili adlanan qeyri-adi ünsiyyət vasitəsinin sizcə, sirri nədədir?"
Noy 03, 2018 | 09:12 / Müsahibələr, çıxışlar
Oxunub 23 dəfə

AMEA Humanitar Elmlər Bölməsinin aparıcı mütəxəssisi Günel Məmmədova AZTV-nin "Səhər" musiqi-informasiya verilişinə müsahibə verib. Silbo, fit dili və ya quş dili də adlandırılan qeyri-adi ünsiyyət vasitəsi haqqında hazırlanmış süjetin müsahibi olan gənc alim deyib ki, əlbəttə hər birimiz kiçik yaşlarımızda fit çalmışıq, hətta fit vasitəsilə hansısa mahnıları da zümzümə etməyə çalışmışıq. Ancaq planetimizin bəzi ərazilərində fit azyaşlı uşaqların əyləncə vasitəsi deyil, əksinə həmin ərazidə yaşayan insanların ən mühüm ünsiyyət vasitəsidir.

O, çıxışın da onu da bildirib ki, bəzi mənbələrdə “Quş dili” də adlanan bu ünsiyyət vasitəsinə Fransanın, Yu­na­nıstanın bəzi azsaylı əhalisi olan kəndlərində, Cənubi Amerikada, Cənubi və Şərqi Af­rikada, hətta, Vyetnamda, Nepalda, Birmada rast gəlinsə də, bu ünsiyyət vasitəsi da­ha çox İspaniyanın La Gomera adasında və qonşu Türkiyə Respublikasının Qara də­nizin dağlıq ərazisində yerləşən Kuşköy kəndində daha çox istifadə olunur.

Kanar adalarının ərazi etibarilə ən kiçiyi hesab olunan La Gomerada artıq neçə əsr­­lərdir ki, fit dilindən istifadə olunur.  Bu dilin yaranması ba­rədə əlimizdə dəqiq mə­lumatlar olmasa da, deyə bilərik ki, XV əsrdə avropalılar La Gomerada məs­kun­laş­mağa başlayanda adanın Şimali Afrika mənşəli sakinləri fit di­lindən istifadə edib­lər. Bəzi mənbələrdə fit dilinin yaranmağa tarixini maldarlığın yaranması və inkişafı ilə başladığı barədə mülahizələrə rast gəlirik.

İspanlar özləri bu qeyri-adi danışıq dilini silbo, bu dillə danışan insanları isə silbador adlandırırlar.

Bəs sizcə silbo adlanan bu fit dilinin sirri nədədir?

Danışan şəxs dilin ucunu dişlərinə sıxaraq fit çalmağa başlayır və eyni zamanda da sözləri tələffüz etməyə çalışır. Bəzi silbadorlar bu zaman bir və ya iki barmaqlarını ağızlarına yaxınlaşdırırlar. Hətta bəziləri ovuclarının içərisini səsgücləndirici kimi də isitfadə etməyə cəhd edirlər.

Məşhur fransız səyyahı Andre Klass bir neçə ay bu adada yaşamış və fit dilini dərindən öyrənməyə çalışmışdır. Onun sözlərinə görə bu ünsiyyət vasitəsindən istifadə edən insanlar çox güclü fit çalırlar.

Gənc alimin sözlərinə görə, fitlə danışıq zamanı yalnız danışıq tonu saxlanılır. Lakin, artikulyasiya və fonasiya, yəni tələffüz prosesi kimi xarakterik xüsusiyyətlər itirilir. Bu xüsusiyyətlər vurğu və ritmik fərqliliklərlə əvəz olunurlar. 

Apardığımız araşdırmalardan əldə etdiyimiz məlumatlar onu göstərir ki, silbadorlar 5-6 km-lik məsafədən, hətta bəzən 11 km uzaqlıqdan da bir-birlərini eşidə və anlaya bilirlər.  Bəli bu fikir bəzilərimizə qəribə gələ bilər. Ancaq fitin gücünü və dağlıq regionların akustik şərtlərini nəzərə alsaq bunun mümkünlüyünü asanlıqla təsəvvür edə bilərik.

İkinci Dünya müharibəsindən sonra yaranan iqtisadi çətinliklər fit dilinə də öz təsirini göstərib. Yaranan iqtisadi çətinliklər üzündən yerli əhali adanı tərk etdikcə quş dilinə olan maraq da tədricən azalmağa başlayıb, hətta 1970-80-ci illərdə adada bu qədim ünsiyyyət vasitəsinə sahib olan cəmi bir neçə adam qalmışdı.

Lakin son dövrlərdə bu qədim ünsiyyət vasitəsinə yenidən maraq artmış, hətta İspaniyanın orta məktəblər üçün tədris proqramında Silbo Gomeranın tədrisinə başlayıblar.

Fit dili – yəni, quş dili adlanan bu ünsiyyət formasının YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün Türkiyə Respublikası 2017-ci ilin dekabrında təklif irəli sürüb. Hətta quş dilinin əlifbasının yaradılması məqsədilə Türkiyənin Girəsun Universitetində işlər də başlayıb. Artıq bi dilin öyrənilməsi həmin universitetin tədris proqramına da salınıb.

G.Məmmədova müsahibəsinin sonunda mövzu ilə bağlı elmi araşdırmaları müxtəlif aspektlər üzrə davam etdiyini söyləyərək ümidvar olduğunu bildirib ki, yaxın zamanda araşdırmalarını yekunlaşdırıb apardığı tədqiqatların gedişatı və nəticələri barədə televiziya izləyicilərinə və mövzu ilə maraqlanan hər kəsə  daha dolğun və müfəssəl məlumatlar verə biləcəkdir. 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015