AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Video
İnternet folklorunun öyrənilməsi yeni mərhələyə qədəm qoyur
Okt 19, 2018 | 10:57 / Müsahibələr, çıxışlar
Oxunub 256 dəfə

AMEA-nın elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev Mədəniyyət TV-nin "Buta" informasiya verilişinə müsahibə verib. Müasir elmdə internet folklorun öyrənilməsindən danışan gənc alim vurğulayıb ki,  müasir dövr informasiya-kommunikasiya texnologiyalarının sürətlə yayılması, həyatın bütün sahələrində yeni imkanların ortaya çıxması ilə xarakterizə olunur. Bu proses insan yaradıcılığının əksər istiqamətlərində, eləcə də, xalq biliyinin təcəssümü və ifadə olunmasında da özünü göstərməkdədir. Belə ki, texnokulturoloji mühitin təbiətinə, yeni sosial şərt və tələblərinə müvafiq olaraq burada ortaya çıxan xalq biliyi spesifik xüsusiyyətlər qazanmışdır. Bu spesifiklik yalnız xalq yaradıcılığının yeni forma və modellərdə təşkil olunması ilə deyil, eyni zamanda, yeni trend və tendensiyaların, baxış və dünyagörüşlərin, fəlsəfi və ideoloji konseptlərin təzahür etməsi ilə xarakterizə olunur.

Xüsusilə də, dinamik sosial şərtlər və proseslər zəminində folklora baxışın meydana gəlməsi, xalq biliyinin ən müxtəlif situasiya və şəraitə adekvatlaşma keyfiyyətinin müəyyənləşdirilməsi, folklorun müxtəlif maraq və ortaq dəyər əsasında formalaşan ayrı-ayrı qrupların dünyagörüş və baxışlarını ifadə etməsi barədə qənaətlərin irəli sürülməsi yeni folklorşünaslığın əsas tezis və postulatlarına çevrildi.

Hikmət Quliyevin sözlərinə görə, belə bir şəraitdə - İnternetin meydana gəlməsi, sürətli şəkildə cəmiyyətin həyatına siraət etməsi və kommunikasiyanın bir nömrəli vasitəsinə çevrilməsi, əslində, folklorşünaslığı yeni bir mərhələ qarşısında qoydu. Heç təsadüfi deyildir ki, dünya folklorşünaslığının son on illik tədqiqatlarında əsas istiqamətlərdən biri də İnternet folklorunun, ənənəvi folklorun virtual kommunikativ mühitə transformasiya problemlərinin araşdırılması təşkil edir. Bu baxımdan Azərbaycan folklorşünaslığında da yeni istiqamət kimi İnternet folklorunun diqqət mərkəzinə gətirilməsi, çox aktual və vacib məsələlərdəndir. Problemin aktuallığı həm də Azərbaycandilli virtual məkanda cərəyan edən folklorik proseslərin araşdırılması, açıq informasiya mühiti hesabına müxtəlif sosial-mədəni, etnik-dini, fəlsəfi-ideoloji təmas və qovuşmalar kontekstində milli folklor mühitində gedən dəyişikliklərin öyrəniməsi zərurəti ilə bağlıdır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015