AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
Memarlıq və İncəsənət İnstitutunda “Azərbaycan incəsənətində Xalq Cümhuriyyətinin tarixi və şəxsiyyətlər” mövzusunda beynəlxalq konfrans keçirilib
İyn 20, 2018 | 02:32 / Konfranslar, iclaslar
Oxunub 46 dəfə

İyunun 20-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan “Azərbaycan incəsənətində Xalq Cümhuriyyətinin tarixi və şəxsiyyətləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Memarlıq və İncəsənət İnstitutu tərəfindən təşkil olunan tədbirdə Özbəkistan, Rusiyadan olan alimlər, həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları iştirak ediblər.

Konfransı giriş sözü ilə Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli açaraq Prezident İlham Əliyevin Sərəncamı ilə bu il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib ki, müsəlman Şərqində ilk parlamentli respublika olan Cümhuriyyət 23 ay yaşasa da, mədəniyyət sahəsində mühüm addımlar atıb. AXC-nin müstəqillik, azadlıq ideyalarının, demokratik dəyərlərin, azərbaycançılıq məfkurəsinin təbliği hər zaman incəsənət xadimlərinin yaradıcılığında özünəməxsus yer tutub.

“Cümhuriyyətdən sonrakı dövrdə də Azərbaycan xalqının mədəni dəyərləri daha da zənginləşib, o cümlədən təsviri incəsənəti sürətlə inkişaf edib” – deyə bildirən alim Cümhuriyyətin əsas nailiyyətləri, Azərbaycanın dövlət müstəqilliyinin tanınması, dövlətçiliyin yaradılması, həmçinin həmin dövrün şəxsiyyətləri barədə ətraflı məlumat verib.

Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin mövzu ilə bağlı çıxışı dinlənilib. O, 23 ay ömür sürmüş Cümhuriyyətin mədəniyyət sahəsində önəmli qərarlar qəbul etdiyini, ilk növbədə, erməni daşnaklarının 1918-ci ildə Bakıda planlı şəkildə talan, qarət edib dağıtdıqları tarixi, dini abidələrin bərpa olunduğunu faktlarla diqqətə çatdırıb. Ə.Salamzadə AXC-nin ictimai-siyasi, mədəni və milli mənəvi həyatımızın bütün sahələrində böyük iz qoyduğunu vurğulayıb.

Konfransda “Azərbaycan Respublikasının dövlət rəmzləri şəbəkə sənətində”, “Müasir bədii sənətkarlıq Özbəkistan milli mədəniyyətinin əsası kimi”, “Azərbaycan Xalq Cümhuriyyətinin teatr siyasəti”, “Cümhuriyyətin baş memarı Zivərbəy Əhmədbəyov”, “Təsviri sənətdə Cümhuriyyət” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Tədbir çərçivəsində Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin "Azərbaycan türk el nəğmələri" (1927) nəşri əsasında “Fortepiano işləmələri” (1928) əlyazma toplusunun təqdimatı da olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015