AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
İsa Həbibbəyli: Orfoqrafiya qaydalarının yeni variantı ilkin variantdan fərqlənir
İyn 07, 2018 | 10:36 / Müsahibələr, çıxışlar
Oxunub 160 dəfə

Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının hazırlanması ilə bağlı aparılan işlər tam yekunlaşıb.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,  Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Orfoqrafiya Komissiyasının iclasında müzakirəyə çıxarılacaq layihə ictimaiyyətə ilk dəfə təqdim olunan qaydalar layihəsindən fərqlənir:

“Müzakirələr zamanı xeyli yeni fikirlər meydana gəlib. Buna görə də biz yeni təkliflər vermişik. Orfoqrafiya üzrə işçi qrupu bütün ölkə ictimaiyyəti tərəfindən irəli sürülən təklifləri ümumiləşdirib. Ölkənin görkəmli dilçi alimlərindən ibarət Orfoqrafiya Komissiyası da həmin təklifləri dəyərləndirərək qərar qəbul edəcək”.

 İ.Həbibbəyli qeyd edib ki, gələn həftə ərzində Orfoqrafiya Komissiyasının iclasının keçirilməsi və həmin iclasda yeni qaydalar layihəsinin müzakirəyə çıxarılması planlaşdırılır:

“Hesab edirəm ki, Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları layihəsi kifayət qədər müzakirə edilb və artıq qaranlıq məsələlər qalmayıb. Buna baxmayaraq, zərurət olarsa, onun daha geniş müzakirəsi üçün bir deyil, bir neçə iclas keçirə bilərik”.

Qeyd edək ki, AMEA Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu tərəfindən 69 maddədən ibarət "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi hazırlanıb. Layihə əvvəlcə geniş müzakirə üçün ictimaiyyətə təqdim olunub. Bu layihənin müzakirəyə verilməsinin məqsədi ictimaiyyəti yeni qaydalarla tanış etmək, ona münasibətini bildirmək üçün şərait yaratmaq, nəticədə layihə ilə bağlı fikirləri sonda nəzərə almaq olub.

Trend

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015