AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Hüseyn Cavidin “Ana” əsərinin ilk dəfə çap edilməsindən 105 il ötür
İyn 05, 2018 | 10:35 / Yubileylər
Oxunub 117 dəfə

Bu il Azərbaycan romantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavidin “Ana” pyesinin ilk dəfə çap olunmasından 105 il ötür.

Bu münasibətlə AMEA Hüseyn Cavidin Ev Muzeyində “dəyirmi masa” keçirilib. Tədbirdə muzeyin əməkdaşları və cavidsevərlər iştirak ediblər.

“Dəyirmi masa”da muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı böyük dramaturqun yaradıcılığı barədə məlumat verib. Bildirib ki, Hüseyn Cavid dramatik yaradıcılığa 1910-cu ildə yazdığı “Ana” pyesi ilə başlayıb. Onun qələmə aldığı bu pyes Azərbaycan dilində yazılmış ilk mənzum dram əsəri sayılır. Əsər 1913-cü ildə Tiflisdə “Gürcü şirkəti” mətbəəsində çap olunub.

Qeyd olunub ki, “Ana” pyesinin  mövzusu orta əsr italyan novellasından götürülsə də Cavid onu yerli şəraitə, Azərbaycan-türk mentalitetinə uyğunlaşdıraraq orijinal əsər meydana gətirib. Dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunub.

Daha sonra muzeyin elmi işçiləri əsər haqqında dolğun xronoloji məlumat verərək, pyesin səhnələşdirmə tarixindən, əsərin qəhramanlarından - Səlma, Qanpolad, İsmət, Səlimin rollarından bəhs ediblər.

Tədbirdə, həmçinin “Hüseyn Cavidin “Ana” əsəri-105 (ədəbi-tarixi xronika)” mövzusunda məruzə dinlənilib.

Muzey əməkdaşları Gənc Tamaşaçılar Teatrında Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi, baş rolunu Əməkdar artist Nübar Novruzovanın ifa etdiyi “Ana” dramının premyerasına yeni quruluşda tamaşa ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015