AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ədəbi proses hərəkatı: icmal tənqidindən monoqrafik dərinliyə
İyn 04, 2018 | 09:01 / Müsahibələr, çıxışlar
Oxunub 161 dəfə

İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik 

Ədəbi proses dedikdə ilk növbədə müəyyən olunmuş ilin və ya illərin ədəbi mənzərəsi təsəvvür olunur. 

Ona görə də “Ədəbi proses” yaradıcılıq müşavirələri “İlin ədəbi mənzərəsi” adlı ümumiləşdirilmiş elmi məruzələrlə başlanır. Sovet hakimiyyəti illərindəki “Ədəbi proses”lərdə “Ön söz”lər müstəqillik dövründəki “İlin ədəbi mənzərələri”nin mahiyyətini ifadə etmişdir. Doğrudur, “Ön söz”lər və “İlin ədəbi mənzərəsi”ndə yalnız ədəbi prosesin mövcud vəziyyətindən bəhs edilməklə kifayətlənilməmiş, ədəbi prosesin gedişatından, vəzifələrindən də söz açılmışdır. Bu mənada ədəbiyyatda gedən proseslərin mövcud vəziyyəti, inkişaf meyilləri, yüksəliş ritmləri və çətinlikləri ədəbi prosesin real mahiyyətini ifadə edir. Ədəbi proses - ədəbi həyatın inkişafda olan mənzərəsini təqdim edir. Ədəbi proses - hərəkətdə olan yaradıcılıq prosesi deməkdir.  Bu mənada “Ədəbi proses - 2013”, sonrakı “Ədəbi proses - 2014”ün start nöqtəsidir. Yaxud “Ədəbi proses - 2016” özündən əvvəlki “Ədəbi proses - 2015”in davamıdır. Ədəbi prosesin illəri və gedişatı arasında daxili bir bağlılıq mövcud olur. Ədəbi proses ədəbiyyatdakı yaradıcılıq təkamülü proseslərinin gedişatının mühitdəki əks-sədasıdır. Deməli, ədəbi proses - hərəkətdə və inkişafda olan davamlı bədii yaradıcılıq prosesləri deməkdir. Ona görə də ən yaxşı halda ədəbi prosesin illər üzrə təqdimatında bir əvvəlki il başlanğıc, mövcud vəziyyət hərəkət prosesi, sonrakı il isə ümumiləşmiş nəticə ola bilər. Lakin “sonrakı il” özü də daha sonrakı ilin start vəziyyətini əks etdirdiyi üçün ədəbi proses anlayışı şərtidir. Buna görə də şərti də olsa ədəbi prosesi müəyyən ədəbi-tarixi hadisələr əsasında mərhələlər üzrə ümumiləşdirmək mümkündür. Belə olduqda ədəbi proses ədəbiyyatın bir inkişaf mərhələsi ilə sonrakı başqa bir yüksəliş dövrü arasındakı ideya-mənəvi bağlılığı, yaradıcılıq təkamülü proseslərinin varisliyini, nəticə etibarilə ədəbiyyatda başlanan, sönən və ya yaşamaqda davam edən proseslərin elmi cəhətdən real qiymətləndirilməsini tələb edir. Bu mənada Ədəbi proses həm də məhək daşı funksiyasını həyata keçirir. Ədəbi proses - ələk rolunu yerinə yetirir. Ədəbi prosesin ələyindən, süzgəcindən keçib, yaradıcılıq dalğası kimi yaşamaqda davam edən proseslər böyük ədəbiyyatı yaradan və daha da inkişaf etdirən proseslərdir.

Bütün bunları nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müxtəlif tarixi mərhələlərdə 2 dəfə təşkil olunmuş ədəbi proses yaradıcılıq müşavirəsi konkret olaraq ayrı-ayrı ədəbi dövrlərin mahiyyətini və gedişatını əks etdirir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçmiş Sovet hakimiyyəti illərində 1976-cı ildən başlanan, 1984-cü ildə başa çatan Ədəbi proses tədbirlərinin başlanğıcı və bünövrəsidir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Ədəbiyyat nəzəriyyəsi” şöbəsinin müdiri, akademik Məmməd Cəfər Cəfərovun rəhbərliyi və institutun “Müasir ədəbi proses” şöbəsinin təşəbbüsü ilə keçirilmiş “Ədəbi proses - 1976-1984” elmi sessiyaları və həmin elmi sessiyaların materiallarından ibarət olan kitablar qeyd olunan dövrün ədəbiyyatının janrlar üzrə inkişafını, əsas problemlərini və çatışmazlıqlarını, habelə vəzifələrini tam halda, sistemli şəkildə əks etdirmişdir. 1977-1984-cü illərdə keçirilmiş Ədəbi proses konfransları Azərbaycan ədəbi tənqidinin oçerkləri kimi mühüm əhəmiyyətə malikdir. 

“Azərbaycan ədəbiyyatı tarixi” kitablarına yazılmış xronoloji inkişafı göstərən icmallardan sonra bu elmi sessiyaların məruzələrinin icmalları dövrün ədəbi prosesinin vəziyyətini və vəzifələrini işıqlandıran ciddi elmi-nəzəri tezislərdən ibarətdir. Bunlar, Azərbaycan ədəbiyyatşünaslıq elmində icmal tənqidinin mükəmməl nümunələridir. Yazıçılar İttifaqının qurultaylarında səslənən hesabat xarakterli məruzələrdən fərqli olaraq, “Ədəbi proses” konfranslarının icmallarında ayrı-ayrı aparıcı ədəbi növlər və janrlar əsasında dövrün ədəbi prosesi bütün yönləri ilə təsvir və təhlil olunmuşdur. Görkəmli ədəbiyyatşünas Yaşar Qarayevin “Ədəbi proses” icmallarının kitab variantlarına yazdığı “Ön söz”lər həmin icmalların mükəmməl elmi-nəzəri müqəddiməsidir. 

Yaşar Qarayevin “Ədəbi proses” icmallarındakı “Ön söz”ləri dövrün ədəbiyyatı və ədəbiyyatşünaslıq elmi haqqında mənalı bir monoloqdur. Yaşar Qarayevin təqdimatında həmin illərin ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin ayrı-ayrı istiqamətlərinin obyektiv elmi qiyməti verilmişdir: “Bütünlükdə ədəbi ilin janr və üslub tendensiyalarını indi lirika daha qabarıq ifadə etməyə başlayıb: həm şeirin və nəsrin, həm də dramatik formaların estetik strukturunda lirik ünsürün rolu daha da artıb. Realist psixologizmə, konkret fəlsəfi ümumiləşdirməyə, təbii monumentalizmə meyil qüvvətlənib. Ritorik təhkiyə ilə analitik təhlilin nisbəti bunlardan ikincisinin xeyrinə xeyli dəyişib” (1976). Müasir, inkişaf etmiş “insan konsepsiyası ədəbi-bədii janrlara özü ilə birlikdə həyatın, ömrün və əbədiyyətin mənası, məhəbbət və şəxsiyyət, fədakarlıq, ölüm və mübarizə haqqında fəlsəfi düşüncələr axarı gətirib gəlir” (1977); “Poeziya, dünya və şəxsiyyət” - bu üç qütb və onlar arasında əlaqələr bugünkü bədii və estetik fikirdə aktual ədəbi problem kimi qaldırılır” (1979). “İlin janrlar sistemində tənqid və ədəbiyyatşünaslıq sahələri də mühüm və görkəmli yerlərdən birini tutmuşdur” (1981-1982). Beləliklə, Yaşar Qarayevin “Ön söz” formatında icmalları tam mənası ilə “Ədəbi proses”lərin proqram xarakterli proloqu funksiyasını yerinə yetirmişdir. Ümumiyyətlə, Yaşar Qarayev XX əsr Azərbaycan “Ədəbi proses” hərəkatının favoritidir.

“Ədəbi proses - 1976-1984” yaradıcılıq müşavirələri Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında mühüm mərhələ olmuş XX əsrin həmin illərinin əhəmiyyətli ədəbi hadisələridir. “Ədəbi proses” müşavirələrində ardıcıl olaraq ədəbi növlər üzrə çıxış etmiş elm adamları ölkə ədəbiyyatında gedən proseslərə təkan verə bilən mütəxəssislər kimi qəbul olunmuşlar. Yaşar Qarayev ədəbi tənqid, Şamil Salmanov, Şirindil Alışanlı poeziya, Akif Hüseynov, Vaqif Yusifli və Vilayət Quliyev nəsr, Arif Səfiyev dramaturgiya sahəsində tanınmış mütəxəssislər kimi ixtisaslaşmışlar. Azərbaycan ədəbiyyatında bütün ədəbi növlər üzrə baş vermiş inkişaf prosesləri əsas müddəaları və perspektivləri ilə “Ədəbi proses” kitablarında öz əksini tapmışdır. Dövrün (hətta sonrakı mərhələlərin də) heç bir nəşrində 1976-1984-cü illərin ədəbi prosesi həmin illərin ədəbi gedişatına həsr olunmuş ədəbi növlər üzrə icmallarda olduğu qədər özünün real, geniş və sistemli əksini tapa bilməmişdir. “Ədəbi proses - 1976-1984” tənqid icmalları Azərbaycan ədəbiyyatşünaslıq elminin orijinal elmi-nəzəri mətnləri və mühüm yaradıcılıq nailiyyətidir.

Heç şübhəsiz, sovet dövrü ədəbi proses konfranslarında, yaxud nəşrlərində  reallıqların təqdim olunması ilə yanaşı, hakim ideologiyanın tələbləri də nəzərə alınmışdır. Dövrün prinsiplərinə uyğun olaraq “Ədəbi proses” icmallarında istər-istəməz partiyanın ədəbiyyatın inkişafına qayğısından, yazıçıların mövcud ideologiyanın inkişaf etdirilməsindəki rolundan da söz açmalı olmuşlar. Məsələn, 1976-cı ilin Ədəbi prosesinə həsr olunmuş yaradıcılıq müşavirəsinin materiallarında ədəbiyyatda hər iki istiqamətin - bədii təcrübənin və ideologiyanın yeri və mövqeyi aydın surətdə görünməkdədir: “Ədəbi proses kitabının və bu silsilədən davam etdiriləcək gələcək kitabların qarşısında duran əsas məqsəd də ...diqqəti ən vacib məsələlərə - ədəbiyyatda kommunist obrazına, fəhlə mövzusuna, müasir ədəbi hərəkatın milli və beynəlmiləl təbiətinə, sosialist millətləri arasında qarşılıqlı bədii təsir və əlaqələrə, həyat və ədəbiyyat, elmi-texniki tərəqqi və ədəbi-bədii proses problemlərinə, poeziyanın monumentallıq və nəsrin psixologizm axtarışlarına cəlb etməkdir; bütün bu baxımdan milli bədii prosesin cari təcrübəsini, onun istiqamət və meyillərini, qüvvətli və zəif cəhətlərini mütəşəkkil və fasiləsiz bir ardıcıllıqla ilbəil izləməyə çalışmaqdır”.

Bununla belə, XX əsrin yetmiş-səksəninci illərində meydana çıxmış “Ədəbi proses” elmi sessiyaları və nəşrləri müasir Azərbaycan ədəbiyyatını klassik ədəbiyyat tarixlərində və dərsliklərdə olduğu kimi dövrlər və mərhələlər üzrə deyil, konkret illər üzrə araşdırıb təhlil etməyin və ümumiləşdirməyin əsasını qoymuşdur. Bu, Azərbaycan ədəbiyyatında fərqli elmi hadisə və xüsusi elmi mərhələ hesab olunmağa layiqdir.

“Ədəbi proses” konfranslarına 30 ildən sonra, 2014-cü ildə yenidən qayıdılmışdır. Belə ki, “Ədəbi proses” dövrünün birinci mərhələsinin başa çatdığı 1984-cü ildən sonra Nizami adına Ədəbiyyat İnstitutunda ara-sıra ədəbi ilin yekunlarına həsr olunmuş elmi sessiyalar təşkil olunsa da, bu iş ardıcıl xarakter daşımamış və institut mühitindən kənara çıxmamışdır. Lakin 2014-cü ildən etibarən yeni formatda, yaradıcılıq müşavirəsi miqyasında keçirilməyə başlamış “Ədəbi proses” tədbirləri forma və məzmunca yeni xarakter daşımışdır. İlk növbədə onu qeyd etmək lazımdır ki, XXI əsrin “Ədəbi proses” müşavirələrində ədəbi gedişatı hər şeydən əvvəl ümummilli ideyalar və bəşəri meyillər əsasında təhlil edib dəyərləndirmək ön mövqeyə çəkilmişdir. Nizami adına Ədəbiyyat İnstitutunda 2014-cü ildə yenidən bərpa edilmiş və 2013-cü ilin “Ədəbi proses”ini əhatə edən materiallarda həmin gerçəklik aşağıdakı kimi öz əksini tapmışdır: “Bu yaradıcılıq müşavirəsinin aparıcı elmi-ideoloji istiqaməti azərbaycançılıq, millilik və bəşərilik üstündə köklənmişdir. Azərbaycan ədəbiyyatının müstəqillik dövrünün əsas inkişaf meyilləri, estetik idealı, aparıcı janrları, poetikası ədəbi proses təhlillərinin ana xəttini təşkil edir. Cəmiyyət və ədəbiyyat istiqamətində aparılan təhlillərdə də sosioloji baxışlara deyil, elmi-nəzəri yanaşmalara əsas yer verilir. Bu, həm də milli maraqlarla dünyəvi elmi-nəzəri fikrin sintezi əsasında sürətlə formalaşmaqda olan yeni tipli ədəbiyyatşünaslığın inkişafına xidmət edən yaradıcılıq müşavirəsi olaraq özünəməxsus əhəmiyyət kəsb edir”.

Göründüyü kimi, müstəqilik dövründə nəinki Ədəbi proses tədbirlərinin formatı və ideologiyası, hətta metodologiyası da dəyişmiş və yeniləşmişdir. Ədəbi-tarixi proseslərin mövcud reallıqlarının və gedişatının daxili məntiqi və təkamülündən doğan yaradıcılıq meyillərinin azərbaycançılıq məfkurəsi və bəşəri ideyalar əsasında təhlil edilib qiymətləndirilməsi yeni tarixi epoxanın “Ədəbi proses” icmallarının əsaslarını təşkil edir. Eyni zamanda, Milli Elmlər Akademiyasının humanitar yönlü digər elmi-tədqiqat institutlarından başqa Azərbaycan Yazıçılar İttifaqının, ali məktəblərin Ədəbiyyat kafedralarının rəhbərlərinin və əməkdaşlarının, tanınmış tənqidçi və ədəbiyyatşünasların, ölkə ədəbi mətbuatının nümayəndələrinin iştirakı ilə geniş müzakirələrin keçirilməsi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkil etdiyi “Ədəbi proses”ləri XX əsrin yetmiş-səksəninci illərindəki elmi sessiya səviyyəsindən yaradıcılıq müşavirəsi miqyasına çıxarmışdır. Bu, sözün əsl mənasında ən yeni dövr Azərbaycan ədəbiyyatının illər və janrlar üzrə yaradıcılq problemlərini geniş müzakirə edib dəyərləndirən və gələcək inkişafa işıq salan ciddi elmi-ədəbi forumdur. Bu, Azərbaycan ədəbiyyatını ayrı-ayrı mövzular üzrə məruzələr əsasında deyil, tam, bütöv halda, bütün inkişaf meyilləri ilə birlikdə dərin və əsaslı təhlildən keçirilən, proseslərə və hadisələrə elmi qiymət verən, sonrakı inkişaf yoluna dair əsaslı təkliflər irəli sürən çoxsəsli bir elmi platformadır. Həcm məhdudluğu da aradan qaldırıldığı üçün janrlar üzrə icmallar yığcam tezislər əsasında yox, geniş təhlillər və müqayisələr üzərində qurulduğuna görə konkret bir monoqrafik tədqiqatın fəsilləri təəssüratı yaradır. Yaradıcılıq müşavirəsinin materialları isə tam halda Azərbaycan ədəbiyyatının bir ilinə həsr edilmiş və müəlliflər kollektivi tərəfindən yazılmış monoqrafiya kimi görünür. Sadəcə, janrlar üzrə ilin ədəbi mənzərəsinin yox, ədəbiyyatının o istiqamətinin inkişaf xüsusiyyətlərinin, mühüm nailiyyətlərinin və problemlərinin şərh olunması icmalları sistemli elmi-nəzəri tədqiqat səviyyəsinə çatdırır. İcmallardan hər janr üzrə 2013-2017-ci illərin Azərbaycan ədəbiyyatının inkişaf ritmlərini rentgendə olduğu qədər aydın surətdə görmək mümkündür. 

Professionalizm, yüksək nəzəri hazırlıq, dərin və ardıcıl mütaliə əsasında təhlillərin aparılması, səriştəli yazı tərzi yeni tarixi dövrün “Ədəbi proses”inin özünəməxsus elmi-nəzəri səviyyəsini müəyyən edir. Bundan başqa, janrlar üzrə 2013-cü-2017-ci illərə dair 5 illik icmallardan hər biri də artıq müstəqil bir iri həcmli tədqiqatdır. Bu mənada “Ədəbi proses” yaradıcılıq müşavirəsinin materialları 2013-2017-ci illərin poeziyası, nəsri, dramaturgiyası, tənqid və ədəbiyyatşünaslığı ayrılıqda hər biri müstəqil monoqrafik tədqiqata çevrilmiş sistemli elmi araşdırmalardan ibarətdir. “Ədəbi proses”lərdəki uşaq ədəbiyyatı icmalları ilin ədəbiyyatını tam mənzərəsi ilə göstərməyə xidmət etməklə bərabər, həm də Nizami adına Ədəbiyyat İnstitutunda aparılan tədqiqatlar sırasında illərdən bəri arxa planda qalmış bu vacib sahənin yenidən dirçəldilməsinə imkan yaratmışdır. Həmçinin, ədəbi əlaqələrin müxtəlif istiqamətlərinə həsr olunmuş araşdırmalar “Ədəbi proses” anlayışında yenilik olub, ilin ədəbi mənzərəsini və gedişatını tamamlayır. İlin publisistika tədqiqatları da “Ədəbi proses” materiallarını yeni əlavələrlə zənginləşdirir. Əsası XX əsrin səksəninci illərində Sabir Əmirovun “Cənubi Azərbaycanda ədəbi proses” məruzəsi ilə qoyulmuş Cənub tədqiqatları XXI əsrin “Ədəbi proses”lərində ardıcıl yer tutmaqla daha da möhkəmləndirilmişdir. “Ədəbi proses - 2015”də yazılmış satira icmalı Azərbaycan ədəbiyyatını bütün rəngləri ilə öyrənmək təşəbbüslərinin ifadəsidir. 

“Ədəbi proses - 2015”dən meydana çıxmış “Rusdilli Azərbaycan ədəbiyyatı” məruzəsi - icmalları ilə yaradıcılıq müşavirəsində yeni istiqamət açılmışdır. Bu, azərbaycanlı qələm sahiblərinin Avropa və Şərq dillərində yaratdıqları ədəbiyyatlardan da elmi müstəvidə söz açmağa perspektiv imkanlar yaradır.  2013-2018-ci illərdə “Bədii tərcümə” haqqında ayrıca məruzənin dinlənilib müzakirə olunması da xarakter etibarilə yeni olub, “Ədəbi proses”in əhatə dairəsini genişləndirir. XXI əsrdə ədəbiyyat problemlərinin ədəbi növlər halında deyil, daha çox konkret janrlar və istiqamətlər üzrə araşdırmaların aparılması təhlilə cəlb olunan problemləri “xırdalamaqdan” yox, dövlət müstəqilliyinin ədəbi mühitdə və bədii yaradıcılıq sahəsində yaratdığı geniş imkanlardan doğmuşdur. Heç şübhəsiz, məsələyə geniş baxış “Ədəbi proses”ləri ildən-ilə inkişaf edərək bütün janrları və ədəbi əlaqələrlə əlaqədar inkişafı əhatə etməklə ilin (nəticədə 5 ilin) ədəbiyyatı və yaradıcılıq əlaqələri, habelə tənqid və ədəbiyyatşünaslığı haqqında dərin və ümumiləşdirilmiş elmi təsəvvür yaradan möhtəşəm elmi platformaya çevriləcəkdir.

Müraciət olunan janrların dinamikası və əhatə dairəsi baxımından keçilən yolun sovet dövrü və müstəqillik mərhələsi üzrə müqayisəli təhlili “Ədəbi proses” hərəkatının miqyasını təsəvvür etməyə imkan verir. XX əsrin “Ədəbi proses” nəşrlərində 1976, 1977, 1978, 1979 və 1981-ci illərdə Azərbaycan ədəbiyyatı yalnız poeziya, nəsr, dramaturgiya və ədəbi tənqid üzrə təhlil edilib qiymətləndirilmişdir. 1982 və 1984-cü illərdə bu sıraya “Cənubi Azərbaycanda ədəbi proses” mövzusu əlavə olunmuşdur. Bu, mövcud ədəbi prosesi Azərbaycan ədəbi-elmi fikrini bütün əsas istiqamətləri üzrə tədqiq edib ümumiləşdirmək üçün münasib bir yanaşma olub, ilin ədəbi gedişatının bütöv obrazını yaratmağa xidmət etmişdir. Həmin vaxta qədər, elə 70-80-ci illərdə də ədəbiyyatda sosioloji təhlilin üstünlük təşkil etdiyini nəzərə alsaq, “Ədəbi proses” materiallarındakı ədəbi növlər üzrə təhlillərin əhəmiyyəti bir daha aydın ola bilər. Bu, Azərbaycan ədəbiyyatında sosioloji təhlillə müqayisədə nəzəri şərhləri və dəyərləndirmələri əsas tədqiqat üsulu kimi önə çəkmək mənasında əhəmiyyətli addım idi.

XXI əsrin  “Ədəbi proses” yaradıcılıq müşavirələrində isə ədəbi növlər üzrə təhlilləri daha da dərinləşdirmək üçün janrlar əsasında təhlillərə keçidə start verilmişdir. Bu, tədrici proses olub, illər üzrə daha da genişlənərək Azərbaycan ədəbiyyatının demək olar ki, bütün aparıcı janrlarını əhatə etmişdir. Belə ki, “Ədəbi proses-2013”də ədəbi növlər üzrə təhlil (şeir, nəsr, dramaturgiya və tənqid) qorunub saxlanılmaqla bu sıraya ilin poema yaradıcılığı, bədii tərcümə və bədii publisistika əlavə olunmuşdur. “Ədəbi proses-2014”də ədəbi növlər və janrlar üzrə təhlillərdə ikihakimiyyətliyə tam əməl etmək mümkün olmamışdır. Azərbaycan poeziyasının lirika və poema, epik növün hekayə, povest və romanlar üzrə təhlil olunması ədəbi növlər üzrə klassik təhlil formatını dağıtmışdır. Üstəlik, bu il üzrə uşaq ədəbiyyatından da ayrıca məruzənin - icmalın meydana çıxması ədəbi növdən - yaradıcılıq istiqamətinə doğru fərqli bir yanaşmanı da ortaya qoymuşdur. Bundan başqa, uzun illərdən bəri “Tənqid” adı ilə ümumi şəkildə təqdim olunan məruzə 2014-cü ildə ilk dəfə parçalanaraq ayrı-ayrılıqda tənqid və ədəbiyyatşünaslıq sahələrini əhatə etməli olmuşdur. “Ədəbi gəncliyin yaradıcılıq axtarışları” ilə “Ədəbi proses” hərəkatına ədəbi gənclik mövzusu da qoşulmuşdur.
 
Beləliklə, sovet dövrü “Ədəbi proses”lərindəki 4-5 məruzə, hətta 2013-cü ilin “Ədəbi proses”indəki 6 məruzə əvəzinə 2014-cü ildə Azərbaycan ədəbi-elmi fikri 14 elmi məruzə əsasında təhlil edilib dəyərləndirilmişdir. Janrlar əsasında təhlillərin üstünlük qazanması “Ədəbi proses-2014” dədeyildiyi kimi, “Ədəbiyyatın illik ümumi mənzərəsinin bütün genişliyi və reallıqları ilə əks etdirilməsinə işıq salmışdır, ...ədəbi gedişatın nəinki əsas ana xətlərini, hətta fərqli özünəməxsusluqlarını, incə məqamlarını da görüb-göstərməyə imkan yaratmışdır. Beləliklə, “Ədəbi proses -2014” yaradıcılıq müşavirəsi XX əsrin yetmişinci illərinin sonlarından başlanan ədəbi prosesin illik dəyərləndirilməsi hərəkatının tarixində janrların genişliyi baxımından diqqəti cəlb edən mühüm hadisədir. Məsuliyyətlə hazırlanmış məruzələrdə Azərbaycan ədəbiyyatının bütün janrlar üzrə hərəkətini dəqiq şəkildə, uğurları və kəsirləri ilə birlikdə tam olaraq təsəvvür etməyə real şərait yaratmışdır. “Ədəbi proses-2014” yaradıcılıq müşavirəsi elmiliyi, nəzəri səviyyəsi, ən başlıcası isə yenilik ruhu ilə yaddaqalan ədəbiyyatşünaslıq hadisəsinə çevrilə bilmişdir”.  Həqiqətən də “Ədəbi proses-2014” geniş mənada ədəbi proses hərəkatında mühüm bir dönüş mərhələsi olmuşdur. “Ədəbi proses-2014”dən başlanan proseslər 2015 və 2016-2017-ci illərin ədəbiyyatının təqdimatında daha da genişlənmiş və dərinləşdirilmiş, sistemli xarakter almışdır. “Ədəbi proses-2015”də janrlar üzrə təhlillərin marafonuna satira, 2016-da uşaq şeiri ilə uşaq nəsrinin ayrı-ayrılıqda təmsil olunması, ədəbiyyatşünaslığın ədəbiyyat nəzəriyyəsi və ədəbi əlaqələr sahələri də qoşulmuşdur. Necə deyərlər, “Ədəbi proses-2017”də artıq “Ədəbi proses” qatarı 19 vaqonla (məruzə ilə) yola çıxmışdır. Bu, ədəbi proses hərəkatının inkişafında pik nöqtəsidir və ədəbiyyatın dərinliklərinə və ən uzaq hədəflərinə doğru yürüşün müzəffər marafonudur. Məruzələrin sayca çoxluğu yaradıcılıq mühitində ədəbi növlərin demək olar ki, bütün əsas janrlar üzrə yaşadığı keyfiyyət dəyişikliklərini izləməyə imkan açır.

“Ədəbi proses” tədqiqatlarında icmal tənqidindən monoqrafik genişliyə və dərinliyə doğru meyil həmin prosesin bütün inkişaf mərhələlərində müşahidə olunmuş və təbii bir təkamül prosesi keçirmişdir. XX əsrdə icmal tənqidinin daxili enerjisi kimi müşahidə olunan elmi-nəzəri yanaşmalar tədricən inkişaf edərək sistemli problematik araşdırmalara çevrilmişdir. Hələ 1976-cı ilin “Ədəbi proses”ində təhlillərin, tədqiqatların “klassikləri öyrətməkdən” - “klassik öyrənmək” istiqamətində inkişaf etdirilməsinə çağırış ilə ədəbi mühitdə mövcud vəziyyətin təsviri və təqdimindən mahiyyətin müəyyən olunmasına və şərhinə, inkişaf ritmlərinə dəstək verilməsinə işıq salmağa yönləndirilmişdir. “Ədəbi proses”çilər 1977-ci ilin yekunlarına həsr olunmuş icmallarında hiss etdiklərini bəyan etmişdilər ki, “yaxın gələcəkdə tənqidi hərəkatda fundamental-akademik istiqamətin üfüqləri, nüfuzu və mövqeyi daha da qüvvətlənəcəkdir”. Artıq 1979-cu ildə “Ədəbi proses”də “tənqidi işi yenidən qurmaq” zərurətinin qapını döydüyü elan olunmuşdur. Məhz belə təkamül proseslərinin nəticəsi idi ki, 1982-ci ilin “Ədəbi proses”i böyük cəsarətlə “yeni elmi konsepsiyalara” yaranmış real ehtiyacı diqqət mərkəzinə çəkmişdir. Bir sözlə, “Ədəbi proses” hərəkatı icmal düşüncəsindən monoqrafik tədqiqata doğru addımlamaqda davam etmişdir. Deməli, icmal tənqidindən monoqrafik tədqiqata doğru meyil 1976-1984-cü illər “Ədəbi proses”inin əsas tezisləri səviyyəsində ardıcıl olaraq nəzəri şəkildə inkişaf etdirilmişdir. Nəhayət, 2013-cü ilin “Ədəbi proses”inin elmi hesabatında “ənənənin bərpası və yeni mərhələ”nin başlanmasından söz açılarkən vaxtilə Yaşar Qarayevin müdrikcəsinə söylədiyi “müasir ədəbi proses həm də müasir ədəbi-nəzəri proses deməkdir” - müddəasından çıxış edilərək ədəbi gedişatın dərinliklərinə və genişliyinə doğru istiqaməti əsas hədəf kimi müəyyən etmişdir. Bu cəhətdən 2014-cü il “Ədəbi proses” hərəkatında icmal tənqidindən monoqrafik tədqiqata keçid ili kimi səciyyələndirilə bilər. Məhz bu ildə “Ədəbi prosesin geniş elmi təqdimatına bəslənilən marağın “real elmə” çevrilməsi prosesinin başlanması elan olunmuş və buna əməl edilmişdir. Müxtəli istiqamətlərdən axan bulaqlar çaylara, dağ çayları isə nəhrlərə çevrildiyi kimi, 2015-ci ilin “Ədəbi proses”i icmal formatında deyil, tam halda konkret elmi problemlər əsasında təqdim olunmuşdur. Uzun illər ərzində “Ədəbi proses” toplularında “Poeziya”, “Nəsr”, “Dramaturgiya”, “Tənqid” kimi təqdim olunan icmallar 2015-ci ildə bütövlükdə ədəbi növlərin və janrların problemlərini əks etdirən konkret mövzular əsasında aparılmış araşdırma materialları səviyyəsinə çatdırılmışdır. Bu yolla icmal tənqidi inkişaf edərək monoqrafik genişliyə və dərinliyə qovuşmuşdur. “Ədəbi proses-2015”in “bələdçi”sindəki bəndlərdən hər biri bütünlüklə ədəbi gedişatın, yaradıcılıq proseslərinin konkret janrlar üzrə problemlərinə həsr olunmuşdur. “Janr zənginliyi və gənc qvardiya” (İsa Həbibbəyli), “Səni axtarıram, poeziya” (Elnarə Akimova), “Zamanın hökmü və janrın taleyi” (Nərgiz Cabbarlı), “Tarixi janrın həqiqətləri” (Tehran Əlişanoğlu), “Çağdaş dövrün roman bumu” (Nərgiz Cabbarlı), “2015-ci ilin ədəbi mənzərəsində povest janrı” (Aynur Xəlilova), “Hekayənin indiki zamanı” (Mətanət Vahid), “Bölgələrdə ədəbi həyat” (Vaqif Yusifli), “Dramaturgiya-2015” (Aynurə Mustafayeva), “2015-ci ilin ədəbi mənzərəsində gənclik faktoru: problemlər, axtarışlar” (Lalə Həsənova), “Uşaq ədəbiyyatı: nəsr və dramaturgiya” (Günay Qarayeva), “Uşaq şeiri” (Aygün Bağırlı), “Satira, yoxsa satirasızlıq: müasir şəraitdə durğunluğun səbəbləri” (Səadət Vahabova), “Bədii tərcümə və ədəbi əlaqələr” (Cavanşir Yusifli), “2015-ci ilin ədəbi tənqidi” (Qürbət Mirzəyev), “Ədəbiyyatşünaslıq. Nəzəri problemlər” (Maral Yaqubova), “Çağdaş Azərbaycan ədəbiyyatında ədəbi dilin inkişafı özəllikləri və problemləri” (Salidə Şərifova) və “Cənubi Azərbaycanda ədəbi proses” (Pərvanə Məmmədli) kimi mövzulardan əksəriyyəti ciddi və geniş elmi-nəzəri problemləri əhatə edir. Hətta bu mövzulardan bir neçəsi var ki, onlar ayrıca bir monoqrafiyanın obyekti ola bilər. 

İcmal tənqidindən monoqrafik tədqiqata keçid “Ədəbi proses” problemə geniş baxış, nəzəri dərinlik, elmi ümumiləşdirmə gətirmişdir. Bu, “Ədəbi proses” hərəkatında keyfiyyətcə yeni mərhələdir. Prodessionalizm, analitik təhlil, masştablı baxış, nəzəri yanaşmalar “Ədəbi proses”in bu fərqli mərhələsini xarakterizə edir. Ona görə də “Ədəbi proses-2015” toplusu məruzələr - məqalələr məcmuəsi deyil, həmin ilin ədəbi gedişatına həsr olunmuş monoqrafiya təəssüratı yaradır.

Qeyd etmək lazımdır ki, 2016-cı ilin “Ədəbi proses”ində monoqrafik araşdırmalar daha da dərinləşdirilmiş, qarşıya qoyulan nəzəri problemlərin çəkisi xeyli dərəcədə artmışdır. Əvvəlki  “Ədəbi proses”lərdə “İlin ədəbi mənzərəsi” kimi təqdim olunmuş giriş məruzəsinə 2016-cı ildə həmin formatdan sonuna qoyulmuş iki nöqtədən sonra “Gözləntilərimiz və reallıqlar” sözləri artırılmaqla “mənzərə”nin elmi çərçivəsi aydınlaşdırılmışdır (Elnarə Akimova). Yaxud “Ədəbi proses-2016”da ilin romanı “Müasir roman texnologiyası, kiçik roman” strukturunda doğulma” (Nərgiz Cabbarlı), hekayə janrı “2016-cı ilin hekayəsi və problemləri” (Nərmin Cahangirova), “Publisistika - hüdudsuz düşüncə imperiyası” (Asif Rüstəmli) kimi orijinal və müasir problemlər səviyyəsində təqdim edilmişdir. Monoqrafik tədqiqat formatı 2017-ci il üçün də “qayda” kimi qəbul olunmuşdur. 

Beləliklə, təxminən 42 il əvvəl məruzələr kimi elmi mühitin gündəminə gəlmiş “Ədəbi proses” materialları tədricən, daxili təkamül prosesləri ilə inkişaf etdirilərək monoqrafik tədqiqatlar səviyyəsinədək inkişaf etmişdir. Buna görədir ki, “Ədəbi proses” konfranslarında janrlar üzrə ardıcıl olaraq səsləndirilən məruzələr elmlər doktorluğu və ya fəlsəfə doktorluğuna, monoqrafiyalara, ən azı ayrı-ayrı müəlliflərin məqalələr toplusuna doğru inkişaf etmişdir. Filologiya elmləri doktoru Vaqif Yusiflinin “Bölgələrdə ədəbi həyat” silsiləsi əsasında çap olunmuş kitabları “Ədəbi proses” müzakirələrindən doğmuşdur. “Ədəbi proses”in aparıcı simalarından biri olan Elnarə Akimovanın bu yaradıcılıq müşavirəsində etdiyi poeziya tədqiqatarına dair məruzələr onun uğurla müdafiə etdiyi doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. Nərgiz Cabbarlı nəsr üzrə məruzələrini monoqrafiyaya, Lalə Həsənova müxtəlif mövzularda səsləndirdiyi mətnləri məqalələr toplusuna çevirmişdir. Aynurə Mustafayeva “Ədəbi proses” yaradıcılıq müşavirələrindəki ardıcıl məruzələri ilə sanballı bir “Dramaturgiya” serialı yaratmışdır. Aygün Bağırlı və Günay Qarayevanın “Uşaq ədəbiyyatı”, Aynur Xəlilovanın “Povest” serialları da monoqrafiyaya çevrilmək prosesini yaşamaqdadır. Pərvanə Məmmədli “Cənubi Azərbaycanda müasir ədəbi proses” məsələlərinə həsr edilmiş doktorluq dissertasiyasını isə artıq AAK-a təqdim etmişdir.
 
Vüqar Əhmədin başladığı “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbi proses” məruzələrində də monoqrafik tədqiqat perspektivi açıq-aşkar görünməkdədir. Bunlar “Ədəbi proses”lərin müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında hansı səviyyədə mühüm yer tutduğunu, böyük elmə ciddi töhfələr verdiyini əyani şəkildə nümayiş etdirir. Bütövlükdə isə 1976-1984-cü illərdə altı toplusu, 2014-2018-ci illərdə isə artıq beş kitabı nəşr edilmiş “Ədəbi proses” serialı müasir Azərbaycan ədəbiyyatının tarixi oçerklərinə çevrilmişdir. Bu sanballı nəşrlər silsiləsi 2016-cı ilin “Ədəbi proses” materiallarında deyildiyi kimi, “Ədəbi prosesin bütövlüyü və yetkinlik səviyyəsini” (İ.Həbibbəyli) əks etdirən çağdaş ədəbiyyatşünaslıq epopeyasıdır.
Doğrudan da bu ilin səviyyəsindən baxanda hazırkı mərhələdə “Ədəbi proses” yaradıcılıq müşavirələri əhatə dairəsinin və iştirakçılarının genişliyinə, müzakirələrin miqyasına, əks-sədasına və problemlərinin masştabına görə elmi-ədəbi hərəkat səviyyəsinə çatmışdır. Bu, müasir Azərbaycan ədəbiyyatını illər üzrə bütün yönləri ilə təhlil edib dəyərləndirən ardıcıl və sistemli bir elmi-ədəbi hərəkatdır. “Ədəbi proses” marafonu müstəqillik dövrü Azərbaycan ədəbiyyatının mahiyyətini açan, səciyyəsini müəyyən edən, modellərini meydana qoyan, gələcək inkişaf yollarını göstərən hərəkatdır. Bu hərəkat Azərbaycan ədəbiyyatşünaslıq elminin ayrı-ayrı nəsillərini və bütün elmi dərəcələrdən olan elm adamlarını vahid platforma ətrafında özündə birləşdirir. 

“Ədəbi proses” Azərbaycan ədəbiyyatşünaslıq elminin cari ədəbi prosesi tədqiq və təbliğ edən elm adamlarını öz ətrafında cəmləşdirən kollektiv elmi-ədəbi prosesdir. Son illərdə Milli Elmlər Akademiyasında, xüsusən də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi işçi kimi çalışıb, həm də bədii yaradıcılıqla məşğul olan  çoxsaylı əməkdaşların şeir və hekayələrini də ayrıca elmi məruzədə müzakirəyə çıxaran “Ədəbi proses” real olaraq geniş mənada elmi-ədəbi hərəkat xarakteri almışdır. İlin ədəbiyyatının tədqiq və təhlil edilməsi ilə ilin alimlərinin bədii əsərlərini də təqdim edən “Ədəbi proses” elmi xarakteri ilə birlikdə, həm də ədəbi hərəkat xarakteri də daşıyır. “Ədəbi proses” hərəkatı özünün baş  məqsədi olaraq müstəqillik dövrünün ən müasir ədəbiyyatşünaslıq elminin yaradılması və yeni elmi nəslin yetişdirilib formalaşdırılmasına inamla və uğurla xidmət edir. Beləliklə, “Ədəbi proses” materialları 2013-2018-ci illər Azərbaycan ədəbiyyatının sadəcə salnaməsi deyildir və əksinə, bu dövrün ədəbiyyatının janrları üzrə canlı mənzərəsini göstərən, inkişaf dialektikasının qanunauyğunluqlarını açan bir hərəkatdır. Ədəbiyyatın bir istiqamətini, məsələn realizmi və romantizmi özündə cəmləşdirən tədqiqatlardan fərqli olaraq, “Ədəbi proses” yaradıcılıq müşavirəsi ilin geniş ədəbi mənzərəsində müşayiət olunan bütün ədəbi cərəyanlardan və axınlardan, növlərdən və janrlardan hamısına kompleks elmi münasibət bəsləməsi ilə səciyyələnir. “Ədəbi proses”dəki poeziya icmallarında Azərbaycan ədəbiyyatının son dövrlərində müşahidə olunan dekadentizmə, bədii nəsrdə postmodernizmə, darmaturgiyada absurd axınlara dair araşdırmalar janrlar üzrə təhlilin içində özünə münasib geniş yer tutur. Tədqiqatçılar janrlar əsasında təhlillər apararkən janrın tiplogiyası və poetikası ilə yanaşı, həmin janr mühitində hərəkətverici amil olan ədəbi cərəyanların, metodların və üsulların da təhlilindən bəhs etməli olurlar. Bunlar ayrı-ayrı fərqli tədqiqatlar olmayıb, janrlar üzrə tədqiqatların üzvi tərkib hissəsindən ibarət olan, konkret janrın təkamül proseslərini bütün yönləri ilə göstərmək üçün mühüm əhəmiyyət kəsb edən arqumentlərdir. “Ədəbi proses” tənqidçiləri və tədqiqatçıları həmin vəzifələrin öhdəsindən yüksək elmi səviyyədə gəlməyi bacarmışlar.

“Ədəbi proses” yaradıcılıq hərəkatını təmsil edən məruzəçilər-müəlliflər heyətinin tərkibi fərqli və müxtəlifdir. Aşkar görünür ki, bu prosesdə ədəbiyyatşünaslıq elminin orta və cavan nəsli əsas aparıcı qüvvədir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Ədəbi tənqid” şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli “ədəbi proses”çi cavan nəslin müəllimi və elmi rəhbəri funksiyasını layiqincə yerinə yetirir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Tehran Əlişanoğlu  “Ədəbi proses” hərəkatının bələdçisi və elmi məsləhətçisidir. Asif Rüstəmli, Cavanşir Yusifli, Nizami Tağısoy, Elçin Mehrəliyev, Esmira Fuad, Pərvanə Məmmədli kimi orta nəslin nümayəndələri  “Ədəbi proses” dalğasına dəstək verən alm adamlarıdır. Bütövlükdə isə “Ədəbi proses” hərəkatı özünün aparıcı qüvvəsi olan gənc qvardiyanı yetişdirib hazırlamışdır. Vaxtilə XX əsrin 70-80-ci illərində də “Ədəbi proses” layihəsi dövrün istedadlı ədəbi gəncliyi üzərində qurulmuşdur. “Ədəbi proses” silsiləsindən olan sonuncu elmi sessiyanın keçirildiyi 1984-cü ildə həmin layihənin əsas icraçılarından Yaşar Qarayev 48, Akif Hüseynov 33, Arif Səfiyev 50, Şamil Salmanov 51, Vaqif Yusifli 36, Şirindil Alışanlı 32, Vilayət Quliyev 32, Rəhim Əliyev 34 yaşında olan istedadlı elm adamları idi. Məhz yeni elmi nəsil böyük elmi ənənələri olan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yeni formatda və yüksək elmi-nəzəri səviyyədə təqdim etdikləri “Ədəbi proses” icmalları ilə ustadları olan görkəmli müəllimləri qarşısında və ümumən elmi-ədəbi mühitdə özlərini bir daha isbat etməyə çalışmış və buna nail ola bilmişdilər.

XXI əsrin “Ədəbi proses” hərəkatı da əsasən yeni elmi nəslin sınaq meydanı və xitabət kürsüsündə “dünyaya gəlmişdir”. “Ədəbi proses-2013”dən etibarən yaradıcılıq müşavirələrində məruzəçi qismində cavan elmi nəslin yeri və mövqeyi artmaqda davam etmişdir. Dəqiq ifadə olunduğu kimi, 2013-cü ilin “yaradıcılıq müşavirəsi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu gəncliyinin debütü, 2014-cü ilin müşavirəsi onların imkanlarının geniş təqdimatı, “Ədəbi proses-2015” isə özünütəsdiqi olmuşdur”.Yaradıcı cavanlara etimad prosesi 2016-2017-ci illərin “Ədəbi proses” müşavirələrində də inkişaf etdirilmişdir. Belə ki, “Ədəbi proses-2015”də iştirak etmiş 17 məruzəçidən 12 nəfəri gənc olduğu halda, “Ədəbi proses-2016”da bu göstərici 19/13, 2017-ci ildə isə 20/13 nisbətinə çatmışdır. Kəmiyyət göstəriciləri keyfiyyətin səviyyəsinə də öz təsirini göstərmişdir. “Ədəbi proses” müşavirələrində cavan elmi nəslin arasında baş verən sağlam rəqabət mühiti nəticə etibarilə cavan elmi nəslin nümayəndələrindən ayrı-ayrılıqda hər birinin, bütövlükdə isə tənqid və ədəbiyyatşünaslıq elminin keyfiyyətcə inkişafına xidmət etmişdir.

Tərəddüd etmədən demək mümkündür ki, “Ədəbi proses” yaradıcılıq müşavirəsinin materialları müasir elmi-nəzəri səviyyədə yazılmış qiymətli ədəbi traktatlardır. “Ədəbi proses” bu yaradıcılıq müşavirəsinin materialları bu forumun bütün iştirakçılarının, xüsusən cavan elmi nəslin ədəbi-tənqidi əsərlərinin əhəmiyyətli bir çoxcildlik külliyyatıdır. ”Ədəbi proses”  hərəkatının aparıcı simaları olan cavan elmi nəslin nümayəndələri – Elnarə Akimova, Maral Yaqubova, Aygün Bağırlı, Nərgiz  Cabbarlı, Aynur Xəlilova, Lalə Həsənova, Eşqanə  Babayeva, Mətanət Vahid, Aynurə Mustafayeva, Xanım Zairova, Günay Qarayeva, Nərmin Cahangirova, Mərcan Sofiyeva, Səadət vahabova, Nizami Hüseynov müasir Azərbaycan ədəbi tənqidinin  və ədəbiyyatşünaslıq elminin hərəkətverici qüvvələri kimi fəaliyyət göstərməyin  şərəfli məsuliyyətini yaşayırlar. “Ədəbi proses” yaradıcılıq müşavirəsində iştirak edənlərlə yanaşı, Ədəbiyyat İnstitutunda heç də az əhəmiyyətli olmayan ölkə miqyaslı digər elmi layihələri həyata keçirən cavan nəslin daha başqa nümayəndələri: Mehman Həsənov, Gülbəniz Babayeva, Ruhəngiz Əliyeva, Səadət Bayramova, Töhfə Talıbova, Gülnarə Qasımlı, Elnarə Zeynalova, Aynurə Paşayeva, Şəhla Qurbanovavə başqaları, habelə bu günlərdə uğurla magitr dissertasiyası müdafiə edib doğma elmi-tədqiqat institutunda işləməyə vəsiqə almış ən yeni nəslin təmsilçiləri Fərəh Həsənli və Könül Əliyeva Nizami Gəncəvi adına  Ədəbiyyat İnstitutunungənc qvardiyasını təşkil edir. 

Ədəbiyyat İnstitutunun son illərdə elmi ictimaiyyətə təqdim  etdiyi gənc qvardiya adlandırdığımız cavan elmi nəsil geniş mənada müasir dövrdə Azərbaycan ədəbiyyatşünaslıq elminin əsas arsenalından ibarətdir. Beynəlxalq səviyyəli ciddi elmi nəşrlərdə və ölkə mətbuatında yaddaqalan, sanballı, əhəmiyyətli, nəzəri səviyyəsi ilə seçilən məqalələrlə ardıcıl olaraq çıxış etməkdə davam eən gənc qvardiyaçılar müxtəlif elmi nəsillərin sıralarında öz yerlərini tutub möhkəmləndirirlər. Artıq onların sıralarından ölkə üzrə ən cavan elmlər doktorları (Elnarə Akimova) yetişib formalaşmışdır. Bu nəsil özlərinin böyük müəllimlərinin yüksək etimadını doğrultmaq üçün var qüvvə ilə çalışmaqdadırlar. Əlbəttə, cavan nəsil Azərbaycan və dünya ədəbiyyatını, elmi-nəzəri ədəbiyyatı daha çox və dərindən mütaliə edib öyrənməli, yazı vərdişlərini təkmilləşdirmək üçün öz üzərlərində işləməkdən, sağlam elmi diskussiyalarda fəal iştirak etməkdən yorulmamalıdırlar. Lakin elmi-ədəbi mühitdəki dayanıqlı mövqeləri və müşahidə olunan yaradıcılıq həvəsi və əzmləri onların “Ədəbi proses” hərəkatından ümumiyyətlə ölkə elmi-ədəbi proseslərinin ön cəbhəsinə doğru inamlı hərəkətdə olduqlarını diqqətə çatdırır. Və atrıq formalaşmış böyük elmi potensial və əldə olunmuş zəngin nəzəri təcrübə həm “Ədəbi proses” hərəkatının, həm də Azərbaycan ədəbiyyatşünaslıq elminin daha da inkişaf edəcəyinə, cavan elmi qüvvələrun yeni magistrallarda inamla irəli gedəcəyinə inkbin baxmağa tam əsas verir.

Bu il keçirilən “Ədəbi proses” yaradıcılıq müşavirəsi həm də bu böyük elmi hərəkatın müstəqillik dövründəki 5 illik yubiley hesabatı kimi də mühüm əhəmiyyətə malikdir. “Ədəbi proses” hərəkatının bugünkü inkişaf səviyyəsindən onun sonrakı gələcək üfüqləri də aydın şəkildə görünür.

 

525-ci qəzet

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015