AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
Hüseyn Cavidin 135 illik yubileyi Qazaxıstanda qeyd olunub
May 17, 2018 | 04:36 / Mühüm hadisələr
Oxunub 75 dəfə

Bu gün Qazaxıstanın Əl-Fərabi adına Universitetində Azərbaycanın dahi dramaturqu Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş xüsusi konfrans keçirilib.

Universitetin rektoru Qalimkair Mutanov, Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli konfransda salamlama nitqləri söyləyiblər.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi Kamran Əliyev görkəmli dramaturqun həyat və yaradıcılığından söhbət açaraq qeyd edib ki, Hüseyn Cavid böyük ədəbi xidmətləri olan, öz məktəbini yaradan sənətkar, romantizm ədəbi cərəyanının banisidir. Alim Hüseyn Cavidin indiyədək araşdırılmamış və nəşr edilməmiş qeyd dəftərləri, əlyazmaları əsasında onun fikirlərini şeirə çevirməsi texnologiyasından söz açıb.

Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı Sona Vəliyeva bildirib ki, Hüseyn Cavid məfkurəsi əbədidir. Çünki o, millətin dilini, mənəviyyatını, məxsus olduğu bütün dəyərləri birləşdirərək türkçülük məfkurəsini bütün əsərlərində tərənnüm edib. Hüseyn Cavid bilirdi ki, türk dünyasının xilası, onun tarixdə duruşu və millətin millət kimi bütün təhlükələrdən qurtuluşu türkçülük məfkurəsinin olmasındadır. Hüseyn Cavidin dünyəvi məktəbdə təhsil alması və həyatında baş verən digər hadisələr Ulu Tanrının yazısı idi. Onun dini təhsil alması da irfan mədəniyyətinin formalaşması üçün lazım idi. Cavid o dövrdə hürufi ocağı, hər qarış torpağında övliya məzarı olan Naxçıvanda dünyaya gəlməli, buranın insanları ilə ünsiyyətdə olmalı idi. Atasının minbir əziyyətlə dilə tutub yazdırdığı molla məktəbindən qaçmalı, Məhəmməd Tağı Sidqinin məktəbinə gəlməli, dünyəvi elmlərlə tanış olmalı idi. O, öz yaradıcılığını iki böyük məfkurənin qovuşduğu bünövrə üzərində qurmalı idi. Buna görə də o, Azərbaycan, ardınca Təbriz, daha sonra isə Türkiyə mühitini görüb təhsil almalı idi. Hüseyn Cavidin taleyinə türk dünyasının ən böyük filosoflarından dərs almaq yazılmışdı. O, məfkurənin nədən başlandığını və digər prinsipləri öyrənməli, bunları öz əsərlərində təcəssüm etdirməli idi. Məhz buna görə də 1937-ci ilin sərt, amansız repressiya küləyi ondan da yan keçməyib, Sibirə sürgün olunub və 1941-ci ilin şaxtalı qış ayında İrkutskda həyatla vidalaşıb.

Ümummilli lider Heydər Əliyevin görkəmli ədibin nəşinin Azərbaycana gətirilməsi istiqamətində fəaliyyətindən söz açan Sona Vəliyeva qeyd edib ki, ulu öndər dahi Cavidin yaradıcılığını yüksək qiymətləndirirdi.

“Ədəbiyyat” qəzetinin baş redaktoru, cavidşünas alim Azər Turan çıxış edərək bildirib ki, bu gün biz Qazaxıstanda Azərbaycan Cümhuriyyətinin 100 illiyini qeyd etdik. Bu gün biz ulu öndər Heydər Əliyevin 95 illik yubileyindən danışdıq, qazax şairi Əhməd Baytursunun dostu Hüseyn Cavidi andıq. 1926-cı ildə Əhməd Baytursun Hüseyn Cavidin evində qonaq olub. Biz bilirik ki, füyuzat estetikası müasirləşmək, islamlaşmaq, türkləşmək deməkdir. Məhz Hüseyn Cavidin yaradıcılığı da həmin türkləşmək, islamlaşmaq, müasirləşmək triadasının əsasında hasilə gəlib. Bugünkü mövzular o qədər müqəddəsdir ki, hər birimizin qəlbində bu mövzuların işıqları yanır. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, ulu öndər Heydər Əliyevin 95 illiyi və dramaturq Hüseyn Cavidin 135 illiyi bir ocaq, bir vətən deməkdir.

Konfransda məruzələr dinlənilib və müzakirələr aparılıb.

Tədbirin sonunda Azərbaycan icmasının rəhbəri Əbülfəz Xamedov Prezidentin köməkçisi Əli Həsənova “Abay” xatirə medalını təqdim edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015