AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
Qazaxıstan Respublikasının paytaxtı Almatıda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirilib
May 17, 2018 | 12:50 / Mühüm hadisələr
Oxunub 55 dəfə

Mayın 17-də Almatı şəhərindəki Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirilib. Konfransda ölkəmizi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, akademik Nizami Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamran ƏliyevNizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı Sona Vəliyevadan və s. ibarət nümayəndə heyəti təmsil edib. 

Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Qalimkair Mutanov konfransı açaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin və ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinin universitetdə təşkil edilməsinin əhəmiyyətindən danışıb. Rektor vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti türk-müsəlman dünyasında ilk demokratik respublika idi. Onun yaratdığı dəyərlər təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. Bu dövlətin yaratdığı seçki, dövlət idarəçiliyi ənənələri, elm, təhsil, mədəniyyət və digər sahələrdə gördüyü işlər sonrakı dövrlərdə bütün türk cümhuriyyətlərində istifadə olunmuş dəyərlər kimi bizim üçün də qiymətlidir.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov konfransda geniş məruzə ilə çıxış edib.

Səfir deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə şanlı və şərəfli yer tutur. Bu gün Azərbaycan dövləti həmin tarixlə qürur duyur. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev indiki müstəqil dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib. Cümhuriyyətin qısa müddətdə həyata keçirdiyi tədbirlər və qəbul etdiyi qərarlar, atdığı addımlar tariximizdə silinməz iz buraxıb, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynayıb. Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirib.

Diplomat diqqətə çatdırıb ki, bu günlərdə 95 illik yubileyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizin davamlı və əbədi olması yolunda qətiyyətli addımlar atdı və bu sahədə qarşıya çıxan çətinlikləri aradan qaldırdı. Müstəqillik illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə çox uğurlu xarici siyasət aparıldı, dünyanın inkişaf etmiş bütün dövlətləri ilə diplomatik əlaqələr yaradıldı və əməkdaşlıq haqqında ölkəmizin maraqlarına xidmət edən ikitərəfli sazişlər bağlandı. Bu gün Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsi, Prezident İlham Əliyevin düşünülmüş strategiyası müstəqil Azərbaycanı dünyanın inkişaf etmiş demokratik dövlətlərindən birinə, beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevirib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək konfransın təşkilatçılarına – Əl-Fərabi adına Milli Universitetin rəhbərliyinə, TÜRKSOY-a, Beynəlxalq Türk Akademiyasına və tədbirdə iştirak edən Qazaxıstan rəsmilərinə təşəkkürünü bildirib. Prezidentin köməkçisi deyib ki, bu cür tədbirlər xalqlarımız, dövlətlərimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkələrimiz arasında əlaqələrin inkişafına böyük önəm verirlər. Bu gün Azərbaycan ilə Qazaxıstan bir çox sahələrdə sıx əməkdaşlıq edir, beynəlxalq qurumlarda bir-birini dəstəkləyirlər. Əminik ki, bu əlaqələr xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcək.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli bildirib ki, ötən yüzilliyin əvvəllərində bütün türk dünyasında özünü göstərən milli azadlıq hərəkatı müxtəlif coğrafiyalarda yayılsa da, Azərbaycanda xüsusilə geniş vüsət aldı. Bu il qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi bütün müsəlman Şərqində ulduz kimi doğdu. Cümhuriyyət təkcə Azərbaycanda deyil, bütün türk dünyasında milli düşüncənin oyanması və formalaşmasında vacib rol oynadı. Xarici ölkələrdə diplomatik nümayəndəliklər açıldı.

Saypulla Sapanov deyib ki, ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında xidmətlərini saymaqla bitməz. Məhz Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən əsası qoyulan sıx dostluq münasibətləri bu gün uğurla davam edir.

Tədbirdə ümummilli lider Heydər Əliyev haqqında film nümayiş olunub.

x x x

Sonra Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində Azərbaycan Tarix və Mədəniyyət Mərkəzinin açılışı olub.

Mərkəzdə Azərbaycana aid çoxsaylı siyasi, elmi, mədəni ədəbiyyat toplanıb. Azərbaycanın mədəniyyətini, siyasətini, tarixini əks etdirən tablolar asılıb. Tabloların hər birində xronoloji məlumatlar yer alıb. Diqqətə çatdırılıb ki, bu mərkəzdə alimlər, müəllimlər, tələbələr tədqiqatlar aparacaq, Azərbaycanın ali məktəbləri, o cümlədən elm-təhsil ictimaiyyəti ilə əlaqələr quracaqlar.

Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Qalimkair Mutanov açılış mərasimində çıxış edərək bu mərkəzin Azərbaycan-Qazaxıstan elmi, ictimai, siyasi, sosial əlaqələri üçün əhəmiyyətindən danışıb.

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov mərkəzin açılışına verdiyi dəstəyə görə universitetin rəhbərliyinə təşəkkür edib. Diqqətə çatdırıb ki, bu mərkəz gələcəkdə ölkələrimiz arasında elm, təhsil, mədəniyyət sahələrində əlaqələndirici bir vəsilə olacaq. Əli Həsənov bu mərkəzin xalqlarımızın bir-birini daha yaxşı tanımalarına, elmi biliklərin mübadiləsinə müsbət təsir göstərəcəyini vurğulayıb.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov mərkəzin yaradılması ilə bağlı görülən işlərdən danışıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015