AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Azərbaycan romantikləri və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda respublika elmi konfransı keçirilib
May 25, 2018 | 03:18 / Konfranslar, iclaslar
Oxunub 133 dəfə

AMEA Hüseyn Cavidin Ev Muzeyinin və Abdulla Şaiqin Ev Muzeyinin birgə təşkilatçılığı ilə  Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunan “Azərbaycan romantikləri və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda respublika elmi konfransı keçirilib. 

Konfrans iştirakçıları ilk olaraq Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiyası ilə tanış olublar. Daha sonra konfransı giriş sözü ilə açan Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı 

 Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi haqqında” Sərəncamını xatırladaraq deyib ki,  2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini xalqımızın həyatında misilsiz hadisədir və bu, müsəlman Şərqində ilk parlamentli respublika olan AXC-yə verilən tarixi qiymətdir. Cəmi iki ilə yaxın yaşamış Cümhuriyyət zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.

Gülbəniz xanım Hüseyn Cavidlə Abdulla Şaiqin sıx dostluq əlaqələri haqqındasöhbət açaraq onların birgə hazırladığı “Ədəbiyyat dərsləri” dərsliyinin əhəmiyyətindən də danışıb. O, bildirib ki, sözügedən dərsliyin yenidən redaktə və transfonoliterasiya olunub çap edilməsi günümüzdə də belə dərsliklərə zərurət olmasının göstəricisidir. 

Konfransda  “Romantik qəhrəmanlar sosial ədalət axtarışında”,  “Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Yusif Ziya Talıbzadənin rolu”,  “Şaiq Nümunə Məktəbi” Cümhuriyyət dönəmi milli təhsil quruculuğunun intibahı kimi”, “Hürriyyət aşiqi Hüseyn Cavid”, “Hüseyn Cavid yaradıcılığında Türkçülüyün, Cümhuriyyətçiliyin tərənnümü”,  “Abdulla Şaiq Cümhuriyyət illərində”, “Cümhuriyyət şairlərinin elmi-pedaqoji yaradıcılığından bir örnək” və digər mövzularda maraqlı məruzələr dinlənilib.

Konfransda çıxış edən Abdulla Şaiqin Ev Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə Abdulla Şaiqin və Hüseyn Cavidin məslək, ideologiya və əqidə dostu olmaları haqqıda danışaraq onların ruhlarının bu gün də yaşadığı Ev Muzeylərinin bu ənənəni davam etdirdiyini, muzeylər arasında sıx münasibətlərin olduğunu bildirib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015