AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Video
Böyük Britaniya və Azərbaycan arasında elm, təhsil və mədəniyyət sahəsində mühüm sənəd imzalanıb
May 26, 2018 | 11:41 / Mühüm hadisələr
Oxunub 80 dəfə

Böyük Britaniya və Azərbaycan arasında elmi, mədəni və humanitar sahədə mühüm sənəd imzalanıb. Müqaviləyə əsasən Oksford Universitetində 2013-cü ildən fəaliyyətə başlayan Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq  Elmi Mərkəzi bu təhsil ocağının tərkibində daimi fəaliyyət göstərəcək. 

Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq  Elmi Mərkəzinin Universitetin tərkibində daimi fəaliyyətinin mövcudluğu haqqında müqavilənin imzalanma mərasimi XV əsrdə yaradılan Universitetin Klarendon Kollecində keçirilib. 

Müqaviləni Oksford Universiteti tərəfindən Universitetin vitse-konsleri, Amerika İncəsənət və Elmlər Akademiyasının, Amerika filosoflar Cəmiyyətinin və Britaniya Akademiyasının üzvü, professor Luiz Riçardson, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi tərəfindən Mərkəzin Azərbaycan tərəfindən rəhbəri, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun Qəyyyumlar Şurasının sədri, akademik Nərgiz Paşayeva imzaladılar. 

Müqaviləyə əsasən, Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq  Elmi Mərkəzi Oksford Universitetində yüksək  statuslu elmi-akademik mərkəz olaraq Universitetin ayrılmaz bir hissəsi kimi daimi fəaliyyət göstərəcək. 

İmzalanan müqavilənin bəndlərindən birində Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının verilməsi qeydə alınıb. 

Xatırladaq ki, aprelin 23-də akademik Nərgiz Paşayevanın Oksford Universitetinin Bodleyn Kitabxanasının direktoru, Amerika Filosoflar Cəmiyyətinin  üzvü, Londonun Antik kitab və nadir əşyaların qorunması Cəmiyyətinin üzvü Riçard Ovendenlə keçirilən görüşü zamanı bu təklif qarşı tərəfdən müsbət qarşılanıb. 

İmzalanan sənəd həmçinin Bodleyn kitabxanalarında Yaxın Şərq və islam kolleksiyasıları bölümünün kitabxanasına dəstək verə biləcək və bu vəzifəni icra edən şəxslə Azərbaycan dilini öz fəaliyyət sahəsinə əlavə etmək imkanı yaradacaq. 

Oksofrd Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq  Elmi Mərkəzinin dəstəyi ilə Mərkəzin fəlsəfə doktoru proqramı üzrə hazırlıq keçən tədqiqatçıları, tələbələr və kənardan dəvət olunan tədqiqatçılar üçün xüsusi bir oxu zalı  da yaradılacaq. Bundan əlavə, Britaniya Fondunun dəstəyi  Bodleyn kitabxanalarına Azərbaycandan və Qafqazdan olan nadir və əhəmiyyətli materiallarla öz kitab fondlarını artırmağa imkan verəcək.

Şərqşünaslıq İnstitutu çərçivəsində Fondun dəstəyi sayəsində 3 fəlsəfə doktoru təqaüdünün ayrılması imkanı yaranacaq. Eləcə də, tədqiqatçı alimlərə müxtəlif tədbirlərin proqramlarına, həmçinin idarəetmə məsələlərinə dəstək verəcək və Oksford Universitetinin Türk dilləri bölməsində Azərbaycan dili ilə tanış olmaq və dili öyrənmək istəyən tələbələr üçün təlimatçı vəzifəsinin yaradılmasına imkan verəcək.  

Akademik Nərgiz Paşayeva və Oksford Universitetinin vitse-konsleri Luiz Riçardson Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq  Elmi Mərkəzinin fəaliyyətinə dair fikir mübadiləsi aparıblar. Bildirilib ki, Mərkəz Oksford Universitetinin rəsmən tanınan struktur bölməsidir. 

İmzalanma mərasimində ölkəmizi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, akademiklər Vasim MəmmədəliyevNizami Cəfərov təmsil edirdilər. 

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015