AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Cümhuriyyət dövründə dil məsələlərinə xüsusi diqqət yetirilib
May 18, 2018 | 04:21 / Konfranslar, iclaslar
Oxunub 159 dəfə

Mayın 18-də Azərbaycan Milli Elmlər Akademiyasında  “Cümhuriyyət dövründə dil məsələləri” mövzusunda konfrans keçirilib.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun təşkil etdiyi konfrans Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr olunub.

Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu AXC-nin fəaliyyət göstərdiyi 23 ay ərzində həyata keçirdiyi tədbirlərin xalqımızın tarixində əhəmiyyətli izlər buraxdığını deyib. Akademik Cümhuriyyət dövründə dil məsələlərinə xüsusi diqqət yetirildiyini vurğulayıb. Qeyd edilib ki, Cümhuriyyət dövründə bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyənləşdirilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb. AXC hökumətinin 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edilib. Hökumət türk (Azərbaycan) dilini dövlət dili kimi qəbul edərək, ölkənin məhkəmə, daxili işlər idarələrində və digər sahələrdə çalışanların dövlət dilini bilmələrinə qədər olan müddətdə hökumət müəssisələrində rus dilinin işlənməsinə də icazə verib. Azərbaycan Xalq Cümhuriyyətinin rus dilinin istifadəsinə icazə verməsi müvəqqəti tədbir olub və yalnız idarəçilikdə milli kadrların yetişməsinə qədər olan müddət üçün nəzərdə tutulub. Azərbaycan (türk) dilini dövlət dili elan edən ilk rəsmi sənəd çox böyük tarixi rol oynamaqla yanaşı, Azərbaycanda milli dil siyasətinin formalaşmasının, millətin mənafeyinə uyğun düzgün ideoloji mövqeyin əsasını qoyub.

Akademik diqqətə çatdırıb ki, bu sənədlə yanaşı, AXC hökuməti 1918-ci il avqustun 28-də “Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında”, 1919-cu il fevralın 11-də isə Azərbaycan milli ordusunda türk dilində süvari qoşunları nizamnaməsinin təsdiqi haqqında qərarlar qəbul edib. Bundan əlavə, 1919-cu il martın 21-də AXC Nazirlər Şurasının qərarı ilə ərəb əlifbası islahatı üzrə komissiya yaradılıb.

M.Nağısoylu qeyd edib ki, AXC parlamentinin 1919-cu il avqustun 21-də keçirilən iclasında Bakı Universitetinin açılması ilə bağlı çıxışlarda dil məsələsinə xüsusi diqqət yetirilib. İclasda çıxış edənlərin əksəriyyəti ölkənin bu ilk ali məktəbində tədrsin hansı dildə aparılması məsələsinə böyük əhəmiyyət veriblər. Universitetin ilk nizamnaməsində yazılıb ki, dərslər bütün fakültələrdə Azərbaycan dilində keçirilməlidir.

Filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Həsənli-Qəribova vurğulayıb ki, AXC hökumətinin vacib tədbirlərindən biri milliləşmiş və milli olmayan orta məktəblərdə Azərbaycan tarixi və ədəbiyyatının tədrisi məsələsi idi. Bunun üçün Maarif Nazirliyinin xüsusi komissiyasının xətti ilə 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Rəhbər cəbr dərslikləri” nəşr olundu.

“Azərbaycan Xalq Cümhuriyyəti və dil, əlifba məsələləri” mövzusunda məruzə ilə çıxış edən filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov bildirib ki, 1918-1920-ci illər dövrünü son 200 ildə Azərbaycan dilinin funksional inkişafında dönüş nöqtəsi hesab etmək olar. Belə ki, XX əsrin sonrakı onilliklərində bu sahədə baş verən proseslər 1918-1920-ci illərdə əsası qoyulmuş tendensiyaların xeyli dərəcədə inkişafının və dərinləşməsinin təzahürü idi.

Konfransda professorlar İsmayıl Kazımovun “Cümhuriyyət dövrünün dil xüsusiyyətləri: Əhməd Cavadın yaradıcılığı kontekstində” və Alxan Bayramoğlu “Cümhuriyyətin dil siyasəti dövrün bədii-publisistik nümunələrdə” mövzularında məruzələri dinlənilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015