AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
“Mahmud Qaşqari - 1000” medalının təqdimetmə mərasimi keçirilib
May 18, 2018 | 03:58 / Mühüm hadisələr
Oxunub 153 dəfə

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Mahmud Qaşqari adına Beynəlxalq Fond tərəfindən verilən “Mahmud Qaşqari - 1000” medalının təqdimetmə mərasimi keçirilib.

Mərasimi AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli açaraq fondun görkəmli türk filoloq, türkologiyanın banisi, "Divanü lüğətit-türk" əsərinin müəllifi Mahmud Qaşqarinin adını daşıdığını bildirib. O, fondun ənənəvi olaraq hər il türkologiya sahəsində önəmli araşdırmalar aparan şəxsləri mükafatlandırdığını diqqətə çatdırıb.

Sonra Bakıda fəaliyyət göstərən Mahmud Qaşqari adına Beynəlxalq Fondun baş katibi Elxan Zal çıxış edərək rəhbərlik etdiyi qurum barədə məlumat verib. Qeyd edib ki, fond 2006-cı ildə Xalq yazıçısı Anar, mərhum ədəbiyyatşünas alim Arif Əmrahoğlu və özü tərəfindən yaradılıb. O, fondun türk xalqları arasında körpü rolunu oynadığını və əsas məqsədinin ümumtürk düşüncəsi və mədəniyyətinin inkişafına töhfə vermək olduğunu bildirib.

E.Zal bu günə qədər fondun mükafatını alanlar sırasında Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl, qazaxıstanlı yazıçılar - Oljas Süleymanov, Sabit Dosanov, qırğız şair Omar Sultanov, Azərbaycandan - akademik Abel Məhərrəmov, filologiya elmləri doktoru Ramiz Əskər, Xalq şairi Sabir Rüstəmxanlı, Xalq yazıçısı Çingiz Abdullayev, professor İlham Rəhimov və Əməkdar jurnalist Hikmət Babaoğlunun olduğunu deyib.

Tədbirdə, həmçinin Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək Mahmud Qaşqari adına Beynəlxalq Fondun azlıqda qalan türk xalqlarının hüquqlarının müdafiəsi, onların mədəniyyətlərinin yaşadılması və təbliği, gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm xidmətlər göstərdiyini söyləyib.

Sonra fondun Mükafat Komissiyasının üzvü, yazıçı Elçin Hüseynbəyli ümumtürk mədəniyyətinin və düşüncəsinin inkişafında göstərdikləri xidmətlərə görə Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun “Mahmud Qaşqari - 1000” medalına layiq görüldüklərini açıqlayıb.

Daha sonra T.Kərimli və M.İmanova mükafatları təqdim olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015