AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Parisdə “Mənəvi yenilənmə və mədəni irs: keçmişdən gələcəyə türk dili” mövzusunda Beynəlxalq Forum keçirilib
Apr 30, 2018 | 11:40 / Mühüm hadisələr
Oxunub 93 dəfə

Aprelin 30-da Parisdə Beynəlxalq Türk Akademiyası (TWESCO) və UNESCO-nun birgə təşkilatçılığı ilə təşkilatın mənzil-qərargahında “Mənəvi yenilənmə və mədəni irs: keçmişdən gələcəyə türk dili” mövzusunda Beynəlxalq Forum keçirilib.

Forumun açılışında Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov Prezident İlham Əliyevin iştirakçılara ünvanladığı təbrik məktubunu oxuyub.

Məktubda qeyd edilir ki, 20 ölkədən alim, türkoloq və rəsmi şəxslərin bir araya gəldikləri bu forumun işi türkdilli dövlətlər və xalqlar arasında münasibətlərin dərinləşməsinə töhfə verəcək. Əlamətdar haldır ki, “Mənəvi yenilənmə və mədəni irs: keçmişdən gələcəyə türk dili” kimi aktual mövzuya həsr olunan bu forum məhz ümumdünya maddi və qeyri-maddi mədəni irsin qorunmasında xüsusi xidmətləri olan UNESCO-nun mənzil-qərargahında keçirilir. Bu cür forumlar xalqlar arasında təmasların artması, alimlərin və müvafiq elm mərkəzlərinin əməkdaşlığının genişlənməsi üçün yaxşı imkanlar açır. Azərbaycan türkdilli dövlətlər və xalqlar arasında bütün sahələrdə əlaqələrin inkişafını daim dəstəkləyir və bu işə hər zaman töhfələr verməyə çalışır. Dövlətimizin başçısı inandığını bildirib ki, forum çərçivəsində aparılacaq fikir mübadiləsi və müzakirələr türk dillərinin aktual problemlərinin həllinə, bu sahədə əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsinə, bütövlüdə isə əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcək. Azərbaycan Prezidenti türkdilli dövlətlər və xalqlar arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişafını təşviq edən Beynəlxalq Türk Akademiyasının fəaliyyətini və təşəbbüsünü təqdir edib.

 Tədbir işini panel iclaslarla davam etdirib.

Forumun bir paneli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu iclasda çıxış edərək ilk demokratik respublika dövründə aparılan dil siyasəti, əlifbanın formalaşması haqqında ətraflı məlumat verib. O bildirib ki, Şərqdə ilk demokratik respublikanın qurucusu olan dövlət xadimləri Azərbaycanın başqa görkəmli ziyalıları ilə birlikdə bütün fəaliyyətləri ərzində Azərbaycan dilinin hüquqları uğrunda mübarizə aparıblar. O zaman türk dili adlanan Azərbaycan dili 1918-ci il iyunun 27-də dövlət dili elan olunub.

Bildirilib ki, bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Məhz buna görə də ümummilli lider Heydər Əliyev və onun layiqli varisi Prezident İlham Əliyev sayəsində dil siyasətimiz uğurla davam etdirilir. Konstitusiyamızda Azərbaycan dili dövlət dili elan edilib. Azərbaycan dili, əlifbası günü təsis edilib, dövlət dili haqqında qanun qəbul edilib, dil komissiyası yaradılıb. Bütün bunlar dövlətimizin dilimizə qayğısını və diqqətini əks etdirir.

Forumunun iştirakçıları Sen Klu şəhər qəbiristanlığında Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət ediblər. 

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov forum iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri olan Ə.Topçubaşovun ictimai-siyasi fəaliyyətindən danışıb. Diqqətə çatdırıb ki, Paris Sülh Konfransına gələn Azərbaycan nümayəndə heyətinin məqsədi Cümhuriyyəti beynəlxalq səviyyədə tanıtmaq olub.

Səfir Anar Kərimov XX əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanın dünyada tanıdılmasında, beynəlxalq nüfuzunun artmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən söz açıb. Türkdilli xalqlar arasında sıx əlaqələrin qurulmasında Ulu Öndərin rolunu vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ölkə daxilində və beynəlxalq səviyyədə müxtəlif tədbirlərlə qeyd olunur.

Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darhan Kıdırali və Qazaxıstan Mədəniyyət Nazirliyi Katibliyinin rəhbəri Kuatjan Valiyev də Əlimərdan bəy Topçubaşovun türk dünyasına töhfələrindən danışıblar.

Tədbir iştirakçıları, həmçinin Ceyhun Hacıbəylinin məzarına çiçək dəstəsi qoyaraq xatirəsini anıblar.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015