AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
Akademik Nizami Cəfərov ulu öndər Heydər Əliyevə həsr olunan “Vətəninə yol açmış” kitabının təqdimatında iştirak edib
May 17, 2018 | 10:06 / Mühüm hadisələr
Oxunub 103 dəfə

Mayın 16-da Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə  Astanada, Qazaxıstanın Birinci Prezidenti Kitabxanasında qazax dilində “Vətəninə yol açmış” adlı kitabın təqdimatı olub.

Lomonosov adına Moskva Dövlət Universitetinin tarixçi alimlərinin kollektiv əsəri olan bu kitab rus dilindən Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilinə tərcümə edilib. Kitaba ön sözü vaxtilə ümummilli lider Heydər Əliyevin çox yaxın dostu olmuş Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev yazıb.

  Tədbirdə çıxış edən Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bildirib ki, ulu öndər Heydər Əliyev haqqında qazax dilində bu kitabın təqdimatı tarixi hadisədir. Ulu öndər Heydər Əliyevin və Prezident Nursultan Nazarbayevin əsərləri onların qurduqları dövlətin, yürütdükləri siyasətin tarixi salnaməsidir. Azərbaycan və Qazaxıstan bu gün uğurla inkişaf edir. Bizim xalqlarımızın ortaq tarixi var. Böyük mədəniyyətimiz, zəngin adət-ənənələrimiz var. Qazax Xanlığının 550 illiyi Azərbaycanda qeyd edildi. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Qazaxıstanda qeyd olunur. Bu baxımdan, qardaş ölkələrimizdə yürüdülən siyasət, dövlət quruculuğu yenilik deyil, ata-babalarımızın müəyyənləşdirdiyi inkişaf yoludur ki, bu gün də uğurla davam etdirilir. Mən təqdimatına toplaşdığımız kitabın bir vacib cəhətini də qeyd etmək istəyirəm. Bu cür kitablar qardaş ölkələrimiz arasında dil mədəniyyətini və əlaqələrini zənginləşdirir. Məhz Qazaxıstan və Azərbaycan dilinin qarşılaşması türk dünyasının rəmzidir. Əminəm ki, belə layihələr davamlı olacaq.

Kitabda ölkə rəhbərlərinin, dünya şöhrətli siyasətçilərin, elm və mədəniyyət xadimlərinin xatirələri ilə yanaşı, bəzi səkillər də ilk dəfə dərc olunub.

Tədbir zamanı Heydər Əliyev haqqında sənədli film nümayiş etdirilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015