AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Anna Axmatova və Şərq” monoqrafiyası işıq üzü görüb
May 14, 2018 | 10:50 / Yeni nəşrlər
Oxunub 98 dəfə

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynur Nəcəfovanın “Anna Axmatova və Şərq” adlı yeni kitabı çapdan çıxıb. Kitabın baş elmi məsləhətçi və ön sözün müəllifi akademik Teymur Kərimli, elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Cəlil Nağıyevdir. Monoqrafiyanın rəyçiləri Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov və  filologiya üzrə elmlər doktoru, professor Ülfət Bədəlbəylidir.

Qeyd edək ki, kitabda müəllifin rus dilindən etdiyi tərcümələrinin redaktoru Əlyazmalar İnstitutunun elmi işçisi Aytən İmanovadır.

Monoqrafiyada XX əsr rus ədəbiyyatının tanınmış nümayəndəsi, “gümüş dövr”ün məşhur şairi Anna Axmatova və onun müxtəlif çalarlara malik zəngin yaradıcılıq yolu haqqında məlumat verilir. Kitabda A.Axmatovanın əsərlərində qədim ənənələrə malik Şərq ədəbiyyatının təsiri, onun bu tükənməz söz xəzinəsindən bəhrələnməsi, Asiya və Afrika xalqlarının poeziya nümunələrindən etdiyi tərcümələr, müasir Şərq şairlərinin yaradıcılığına təsiri və bu kimi yeni məsələlər araşdırılıb. Həmçinin ilk dəfə olaraq A.Axmatovanın ədəbi irsinin Azərbaycan ədəbiyyatşünaslığında öyrənilməsi tarixinə nəzər salınaraq əsərlərinin Azərbaycan dilinə tərcüməsi məsələləri də tədqiqata cəlb olunub.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015