AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
AMEA-da görkəmli yazıçı Mir Cəlal Paşayevin 110 illik yubileyi qeyd olunub
May 11, 2018 | 04:24 / Konfranslar, iclaslar
Oxunub 116 dəfə

Bu gün AMEA-nın Ədəbiyyat İnstitutunun Elektron akt zalında görkəmli yazıçı və böyük ədəbiyyatşünas alim, XX əsr Azərbaycan elmi, ədəbiyyatı və təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş professor Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları foyedə Mir Cəlal Paşayevin elmi və ədəbi irsinə həsr edilən sərgi ilə tanış olublar. 

Konfransı giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq ölkəmizdə görkəmli yazıçıların, ədiblərin, böyük şəxsiyyətlərin yubileylərinin dövlət səviyyəsində keçirilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu və bu ənənənin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

“Görkəmli şəxsiyyətlərin yubileylərinin ölkəmizdə qeyd olunması onlara göstərilən böyük diqqət və ehtiramın ifadəsidir. Eyni zamanda onların fonunda yenidən ədəbi prosesi, elmi-ictimai fikri dirçəltmək, qabağa aparmaq məqsədi daşıyır”, – deyən alim bu cəhətdən görkəmli yazıçı, böyük ədəbiyyatşünas alim Mir Cəlal Paşayevə həsr olunan konfransın önəmini vurğulayıb. Bildirib ki, bugünkü tədbir görkəmli ədibin xatirəsinə ədəbiyyat cəmiyyətinin ehtiramının ifadəsidir və müstəqillik dövründə onun irsinə yenidən qayıdışı diqqət mərkəzinə çəkmək baxımından əhəmiyyətlidir.

AMEA-nın vitse-prezidenti XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayevin çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi müstəsna və özünəməxsus yer tutduğunu deyib. O, Mir Cəlal Paşayevin yaradıcılığının xarakteristikasının cəmiyyət məsələlərindən daha çox insana həsr olunduğunu bildirib: “Alim əsərlərində keçməkeşli taleyə malik sadə insanların obrazını yaradaraq, onların dərin mənəviyyatdakı işığını, insanlığını böyük ədəbiyyatın mövzusuna çevirib. Onun əsərlərində həyatın reallıqları, insanın mənəvi dünyası öz inikasını tapıb”.

M.C.Paşayevin görkəmli ədib, pedaqoq, həm də insanpərvər bir şəxsiyyət olduğunu söyləyən akademik İ.Həbibbəyli ədibin “Bir gəncin manifesti” romanını ədəbiyyatda insana münasibətin həmin dövrdəki manifesti kimi dəyərləndirib. Bildirib ki, Mir Cəlalın bütövlükdə yaradıcılıq dünyası ilə tanışlıqdan sonra belə qənaətə gəlmək olur ki, onu düşündürən həyati məsələləri, xalq təfəkkürünün işığını, milli-mənəvi dəyərlərin klassik ənənələrə uyğun inkişafını və bu istiqamətdə yaranan problemləri, xalq həyatının real görüntüsünü nəsr dilində aydın, qabarıq şəkildə verib.

Görkəmli yazıçının ilk irihəcmli əsəri – “Dirilən adam” romanı haqqında danışan akademik İ.Həbibbəyli onun heç zaman aktuallığını itirməyən hekayələrinin, romanlarının əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, Mir Cəlal Paşayevin böyük zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qiymətli mənbələrindəndir.

Diqqətə çatdırılıb ki, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)” əsərində isə Mir Cəlal Paşayev XX əsrin əvvəllərində inqilabi-demokratik meyillərlə əlaqədar baş verən ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm, romantizm ədəbi məktəbləri, maarifçi-didaktik yazıçılar və xırda məişət dramları haqqında tədqiqatlar aparıb, əhatəli elmi nəticələr əldə edib. Bu əsər Azərbaycanda ədəbi məktəblər haqqında ən ciddi sistemləşdirilmiş və ümumiləşdirilmiş nəzəri bir tədqiqatdır.

Akademik İ.Həbibbəyli bildirib ki, ədibin 1967-ci ildə yazdığı “Cəlil Məmmədquluzadənin realizmi” əsəri Azərbaycan molla nəsrəddinşünaslığında xüsusi yer tutur. Elmi nəzəri tezislər üzərində qurulan bu əsərdə mirzəcəlilşünaslığın özünəməxsus manifesti meydana qoyulub.

Mir Cəlal Paşayevin həm namizədlik, həm də doktorluq dissertasiyasının ədəbiyyat nəzəriyyəsi məsələlərinə həsr olunduğunu deyən AMEA-nın vitse-prezidenti onun “Ədəbiyyatşünaslığın əsasları” kitabının ədibin ədəbiyyat nəzəriyyəsi haqqındakı baxışlarının ümumiləşmiş yekunu olduğunu qeyd edib. Bildirib ki, Mir Cəlal ədəbiyyat nəzəriyyəçisi ilə yanaşı, həm də ədəbiyyat tarixçisidir. Onun ədəbi tənqid sahəsindəki xidmətləri də böyükdür.

Akademik İ.Həbibbəyli müstəqillik dövründə Mir Cəlal Paşayevin ədəbi irsinin yenidən təhlil edilərək gələcək nəsillərə çatdırılmasının önəmini vurğulayıb.

Konfransda filologiya elmləri doktoru, professor Şirindil Alışanlı “XX əsr ədəbiyyatının Mir Cəlal fenomeni”, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov “Mir Cəlal nəsrində bədii yumor” və filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Mir Cəlal Paşayevin elmi irsi” mövzularında məruzə ilə çıxış ediblər.

Sonda böyük yazıçı və alim M.C.Paşayevin oğlu, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev atasının yaradıcılıq fəaliyyətini yüksək dəyərləndirdiklərinə və xatirəsini yad etdiklərinə görə Ədəbiyyat İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015