AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Video
Müasir təsviri sənətdə Heydər Əliyevin xeyli sayda bədii obrazı yaradılıb
May 04, 2018 | 03:04 / Konfranslar, iclaslar
Oxunub 125 dəfə

Bu fikirləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən "Müstəqil Azərbaycan: reallıqlar və perspektivlər" mövzusunda keçirilən elmi sessiyada Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə bildirib. 

Natiq öz çıxışında vurğulayıb ki, bu mövzu müasir təsviri sənətin ən maraqlı və populyar mövzularından biridir. Ayrı-ayrı rəssamların fırçasına məxsus portretlərdə Heydər Əliyevin bir şəxsiyyət kimi bütövlüyü, qətiyyəti, rəhbərə xas olan keyfiyyətləri – möhkəm iradə, dərin zəka, fəhm sahibi olması, fövqəladə idarəçilik və təşkilatçılıq qabiliyyəti, həmçinin nəcib, insani duyğuları öz dolğun bədii ifadəsini tapır.

         Heydər Əliyevin təsviri və dekorativ-tətbiqi sənətlərin bütün növlərində yaddaqalan surətləri vardır. Yağlı və sulu boya, karandaş və bədii kömürlə işlənmiş, parlaq, rəngarəng xalça ilmələri vasitəsilə təcəssüm etdirilmiş obrazlar silsiləsi müasir incəsənətin ən dəyərli nümunələrindən hesab oluna bilər.

         Heydər Əliyevin bədii obrazını Tahir Salahov, Oqtay Sadıqzadə, Hüseyn Əliyev, Tariyel Əhmədov, Mir İsmayıl Cəfərov, Arif Hüseynov, Rafael Abbasov, İlham Mirzəyev, Hüseynqulu Əliyev, Ülviyyə Həmzəyeva, Eldar Zeynalov, Cavid İsmayılov, Telman Abdinov, Səyyad Bayramov, Həbibə Allahverdiyeva, Günay Mehdizadə kimi istedadlı rəssamlar, akademik Ömər Eldarov, Natiq Əliyev, Fuad Salayev, Şərif Şərifov, Akif Əsgərov, Aslan Rüstəmov kimi tanınmış heykəltəraşlar yaratmışlar. Maraqlıdır ki, ulu öndərin bədii obrazına təkcə Azərbaycan sənətkarları deyil, dünyanın müxtəlif ölkələrində yaşayan xarici rəssam və heykəltəraşlar da böyük həvəslə müraciət edirlər. Nikas Safronov, Tamer Tuğrul, Denis Ditinyuk, İqor Voskresenski, Salavat Şerbakov, Sergey Bobrakov, Sergey Eylanbekov, Yan Neyman kimi xarici rəssam və heykəltəraşlar Azərbaycan xalqının ümummilli liderinin bədii obrazını öz əsərlərində əbədiləşdirmişlər. Eləcə də Kamil Əliyev, Eldar Mikayılzadə, Tahir Məcidov kimi xalçaçı-rəssamlar ulu öndərin obrazını xalça üzərində canlandırıb.         

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015