AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA-da “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda konfrans keçirilib
May 04, 2018 | 11:07 / Konfranslar, iclaslar
Oxunub 89 dəfə

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda konfrans keçirilib.

AMEA-nın Əsas binasında baş tutan konfrans çərçivəsində ulu öndərin zəngin həyat və fəaliyyətini, dil siyasətini əks etdirən kitablardan ibarət fotosərgi təşkil olunub.

Tədbiri Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu açaraq dilimizin inkişafı, qorunması və təbliği istiqamətində ölkəmizdə həyata keçirilən dövlət proqramları və layihələrdən söz açıb. Bildirib ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub.

Akademik qeyd edib ki, məhz Heydər Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində SSRİ-nin 1978-ci ildə qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunub: "O zamankı reallıqda belə bir qərarın qəbulu xalqımız üçün kifayət qədər ciddi siyasi və milli mənəvi mahiyyət kəsb edirdi".

Azərbaycan dövlətinin dil siyasətindən söz açan M.Nağısoylu Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamının əhəmiyyətini qeyd edib, ana dilimizin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun artmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb.

Sonra çıxış edən professor Sayalı Sadıqova bildirib ki, ümummilli liderin 2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman nəticəsində bütün dövlət qurumlarında və qeyri-hökumət təşkilatlarında Azərbaycan dilindən istifadə bərqərar edilib, eləcə də latın qrafikasına keçid prosesi başa çatdırılıb.

Konfransda, daha sonra akademik Möhsün Nağısoylunun “Heydər Əliyevin dövlət quruculuğu siyasətində ana dili məsələsi”, professor Sayalı Sadıqovanın “Heydər Əliyev və Azərbaycan dilinin inkişafı”, professor İsmayıl Məmmədlinin “Heydər Əliyevin dövlət dili siyasəti”, t.e.ü.f.d., dosent Nağdəli Zamanovun “Fenomenal siyasi natiq - Heydər Əliyev” və f.ü.f.d. Xədicə Heydərovanın "Heydər Əliyev Azərbaycan dili haqqında" adlı məruzələri dinlənilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015