AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
AMEA-da görkəmli özbək alimi Zahirəddin Məhəmməd Baburun 535 illik yubileyi qeyd olunub
Apr 20, 2018 | 05:09 / Yubileylər
Oxunub 92 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə böyük özbək mütəfəkkiri, görkəmli dövlət xadimi, ensiklopedik alim və şair Zahirəddin Məhəmməd Baburun anadan olmasının 535 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib.

Konfransı AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan-Özbəkistan ədəbi əlaqələrindən, tarixindən və müasir inkişaf səviyyəsindən, o cümlədən M.Baburun görkəmli dövlət xadimi kimi ictimai fəaliyyətindən və bədii irsindən danışıb. Bildirib ki, Şah İsmayıl Xətai və Məhəmməd Babur Şərqdə böyük dövlətçilik ənənəsinin mövcud olduğunu isbat edən qüdrətli şəxsiyyətlər olublar.

Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev isə çıxışında Məhəmməd Baburun zəngin yaradıcılığının bu gün qarşılıqlı ədəbi əlaqələrimizin inkişafı üçün mükəmməl zəmin formalaşdırdığını söyləyib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin Aqrar Komitəsinin sədri, Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin sədri Eldar İbrahimov və Hindistan Respublikasının Azərbaycandakı səfiri Sanjay Rana Məhəmməd Baburun zəngin dövlətçilik fəaliyyəti və şair kimi yaradıcılığından danışıblar.

Beynəlxalq konfransda Daşkənd Milli Universitetinin professoru Həmidullah Baltabayevin “Özbəkistanda Zahirəddin Məhəmməd Babur yaradıcılığının öyrənilməsi”, Beynəlxalq Babur Fondunun Azərbaycan bölməsinin sədri, filologiya elmləri doktoru Almaz Ülvinin “Baburoğulları dönəmində Hindistanda memarlıq və incəsənət: Humayun və türbəsi və onun memarı”, filologiya elmləri doktoru Yaşar Qasımbəylinin “Zahirəddin Məhəmməd Baburun lirikası: dövlətçilik və şeiriyyət” və dosent Akif Azalpın “Baburnamə” ümumtürk intibahının milli ensiklopediyası kimi” mövzularında məruzələri dinlənilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015