AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Azərbaycan xalqı yenə öz düzgün seçimini etdi! Daha doğrusu, tərəddüd etmədən tarixi seçiminin üstündə möhkəm dayandı.
Apr 17, 2018 | 10:01 / Müsahibələr, çıxışlar
Oxunub 394 dəfə

NİZAMİ CƏFƏROV,
Milli Məclisin deputatı, akademik

Ölkəmizin dövlət müstəqilliyini xilas etmiş və əbədilik yoluna çıxarmış ümummilli lider Heydər Əliyevin istiqlal missiyasını 15 ildən bəri böyük uğurla davam etdirən Prezident İlham Əliyev növbəti seçkidə də parlaq qələbə qazanaraq milli dövlətimizə rəhbərlik etmək səlahiyyətini qoruyub saxladı. Bu mənada xalqımız, əslində, dövlət müstəqilliyinin qorunub möhkəmləndirməsinə səs verdi!

Bu möhtəşəm hadisənin doğurduğu misilsiz, bir millətin tarixi idealları baxımından isə təbii coşqunun miqyasını təsəvvür etmək üçün istiqlal tariximizə üz tutmaq lazım gəlir. Bu yaxınlarda 100 illiyini qeyd edəcəyimiz Azərbaycan Xalq Cümhuriyyətindən üzü bəri həqiqi vətənpərvərlərin keçirdiyi hissləri xatırlamaq kifayətdir. Yüz il ərzində haradan haraya gəldik?! O illərin məşhur milli müstəqillik mübarizləri və liderləri Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, sonrakı illərdə Nəriman Nərimanov və Heydər Əliyev kimi millət xadimlərinin arzuları bu gün tam mənası ilə gerçəkliyə çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı, dünya dövlətləri sırasına çıxardığı suveren Azərbaycan Respublikası əsrin dörddə biri qədər dövrdə nəinki müstəqil yaşamağa, eyni zamanda, bir sıra sahələrdə beynəlxalq maraq doğuran ciddi iqtisadi, sosial, siyasi və mədəni uğurlara imza atmağa nail olmuşdur. Bu möhtəşəm uğurların qazanılmasında ölkəyə 15 ildən bəri rəhbərlik edən Prezident İlham Əliyevin xidmətləri, heç şübhəsiz, müstəsnadır! O yüksək intellektinin, sarsılmaz iradəsinin, tükənməz quruculuq enerjisinin, ən əsası, mənsub olduğu xalqın ideallarına sədaqətinin nəticəsi olaraq ümummilli etimad qazanmış, yalnız ölkəsinin deyil, bütövlükdə, dünya azərbaycanlılarının lideri kimi şöhrətlənmişdir!

Mən Ağstafadan seçilmiş millət vəkili kimi neçə illərdir müşahidə edirəm ki, bölgədə dövlət başçısı İlham Əliyevin nüfuzu ilbəil deyil, aybaay, günbəgün yüksəlir. Bu yaxınlarda, seçki ərəfəsində Yeni Azərbaycan Partiyasının təbliğat qrupu ilə rayonu yenidən kəndbəkənd dolaşarkən maraqlı, eyni zamanda, tamamilə qanunauyğun bir halın şahidi oldum. Qrupumuzun üzvləri dövlət başçısı İlham Əliyevin ötən illərdə gördüyü tarixi işlərdən danışarkən sadə adamlar bu söhbətləri böyük maraqla dinləməklə yanaşı, həm də duyğulanaraq, gündəlik həyatlarında şahidi olduqları daha konkret faktları xatırladırdılar. Onlar dövlət başçısının həmin xidmətlərini elə incəliklə dəyərləndirirdilər ki, prezidentliyə namizəd İlham Əliyevin ən yaxşı vəkillərinin elə onların özlərinin olduğunu görürdük.

Azərbaycan Prezidenti İlham Əliyevin ali siyasi nüfuzunu, eləcə də müxtəlif təbəqələrdən olan insanların dövlət başçısına ümumxalq məhəbbətini mən tez-tez olduğum xarici ölkələrdə dünya azərbaycanlıları arasında da çox görmüşəm. Əlbəttə, Xalqın öz Liderinə məhəbbəti, ehtiramı zəruridir. Ancaq ondan da əsası odur ki, Xalq həmin Liderin ətrafından böyük əməllər naminə birləşməklə zaman-zaman yığılıb qalmış problemləri həll edir, həm də gələcəyə nikbin baxır.

Dünya miqyasında tanınan və dəyərləndirilən siyasət və dövlət adamı İlham Əliyevin hər yeni qələbəsilə sübut edir ki, o, müstəqilliyinə qovuşmuş bir xalqın möhtəşəm Lideridir. Budəfəki seçkilərin nəticəsi də bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı və dövləti növbəti ümumxalq seçiminin baş şüarına çevrilmiş “İlhamla irəli!” çağırışını tale hökmünə çevirməyi bacardı.

Möhtərəm Prezidentimiz İlham Əliyevi və onun arxasında möhkəm dayanmış ulu xalqımızı bu möhtəşəm qələbə münasibətilə təbrik edir, gerçəkləşmiş ümummilli qərarın ölkəmizi daha xoş günlərə aparacağına qəti əminliyimi bildirirəm.

"Xalq" qəzeti, 16 aprel, 2018-ci il

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015