AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
“Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” dilimizin və tariximizin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır
Mart 29, 2018 | 10:48 / Mühüm hadisələr
Oxunub 502 dəfə

AMEA Naxçıvan Bölməsində Nəsimi adına Dilçilik İnstitutu ilə birgə “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər salıb, ana dilimizin xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvəti olduğunu bildirib.

Azərbaycan dilinin qorunması və saflığı uğrunda ölkəmizdə həyata keçirilən islahatlardan, xalqımızın çoxəsrlik qədim mədəniyyət ənənələrindən söz açan alim ana dilimizin dünya dilləri arasında layiqli yerini tutmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, Prezident İlham Əliyevin Azərbaycan dilinin geniş təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışıb. O, bu sahədə imzalanan mühüm dövlət sənədlərini xatırladıb.

Akademik İ.Hacıyev ictimaiyyətə təqdim olunan atlasın Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən hazırlandığını bildirib. Qeyd edib ki, Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi məqsədilə Dilçilik İnstitutunun əməkdaşları 2014-cü ildə Naxçıvana gələrək 151 yaşayış məntəqəsində olublar. Zəngin dialektoloji materiallar əsasında dilin bütün səviyyələrini əhatə edən 250 xəritədən ibarət yüksək elmi və poliqrafik keyfiyyətdə “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” tərtib edilib.

Alim Dilçilik İnstitutunun və bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun dilçi alimlərinin son illərdə apardığı məhsuldar tədqiqatın uğurlu nəticəsi olan atlasın nəşrini yüksək qiymətləndirib, müəlliflərə elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin dialektologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyeva çıxış edərək Azərbaycan dilinin ayrı-ayrı dialekt və şivələrinin tədqiqinin dialektoloji atlasın tərtibinə xidmət etdiyini bildirib. Qeyd edib ki, Naxçıvan dialektologiyasının ayrıca öyrənilməsi ilk növbədə strateji əhəmiyyət daşıyır. Torpağımıza göz dikən xain qonşularımızın saxtalaşdırmağa, özününküləşdirməyə cəhd etdikləri bölgədəki xalqımızn mənəvi sərvəti yeni nəşrdə elmi baxımından sübut edilib. Onun sözlərinə görə, tədqiqatlarda bu torpağın ən qədim yerli əhalisinin-aborigen sahiblərinin Azərbaycan türkləri olduğu göstərilir.

“Atlasda dialekt vahidlərinin yayılma coğrafiyası kodlar, riyazi işarələr vasitəsilə ifadə olunub” – deyən K.İmamquliyeva hazırda Qarabağ dialektoloji atlasının hazırlanması istiqamətində işlərin görüldüyünü diqqətə çatdırıb.

Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın dilimizin və tariximizin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015