AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Video
AZTV - “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpozium başlayıb
Mart 07, 2018 | 09:26 / Mühüm hadisələr
Oxunub 219 dəfə

Bakıda Heydər Əliyev Fondunun, Milli Elmlər Akademiyasının, Mədəniyyət və Turizm Nazirliyinin həmçinin Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı başlayır. Festival çərçivəsində “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpozium keçirilib. Simpozium martın 10-dək davam edəcək.

Festivallar, beynəlxalq  tədbirlərin məkanına çevrilən paytaxt Bakı bu dəfə ənənəvi olaraq keçirilən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalına ev sahibliyi edir.  Dünyanın tanınmış  musiqiçilərini, alim və araşdırmaçılarını, bütövlükdə muğamsevərləri ətrafına toplayan festival bu dəfə də diqqət mərkəzindədir. Tədbrin proqramına uyğun olaraq “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpozium keçirilir.  Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında təşkil olunan simpoziumda akademiyanın prezidenti Akif Əlizadə bildirdi  ki, muğam İslam coğrafiyasındakı xalqların milli mənəvi dəyərlərinin və tarixi-mədəni əlaqələrinin qorunub saxlanmasında və inkişafında müstəsna rol oynayıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalqımızın muğam sənətinə hörmət və sevgisindən, muğam sənətinin formalaşma mərhələlərindən, eləcə də milli mədəniyyətimizin inkişafına göstərilən dövlət qayğısından söz açdı. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə muğam sənəti ilə bağlı həyata keçirilən layihələrdən, muğam sənətinin qorunub saxlanması və təbliği istiqamətində görülən işlərdən danışdı. Fransa, Kanada, Hollandiya, Serbiya, Macarıstan, Türkiyə, İran və Özbəkistandan dəvət olunan  qonaqların  iştirak etdiyi  simpoziumda məruzələr təqdim olundu.

Simpozium “Muğam ifasının psixoloji təsir qüvvəsinin qaynaqları və musiqi terapiya”, “Muğam – makam ifaçılıq ənənəsi multikultural dünyanın təmas nöqtəsi kimi”, “Muğam yaradıcılığı elm və sənətin qovşağında”, “Muğamın inkişaf yolları – tarix və müasirlik”  bölmə iclasları ilə davam etdi.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015