AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Əlişir Nəvai – 577
Fev 12, 2018 | 10:09 / Mühüm hadisələr
Oxunub 18 dəfə

Tam 79 ildir ki, Özbəkistanda hər il Əlişir Nəvainin doğulduğu gün - fevral ayının 9-u ( və ya fevralın ilk ongünlüyü) milli bayram kimi qeyd edilir. Bütün ölkə “Əlişir Nəvai bayramı”nın sevincinə bürünür.

Artıq 11 ildir ki, mən də Əlişir Nəvai yubileyinə - bu möhtəşəm el bayramına dəvət alıram (2008-ci ildən Daşkənddə türk dünyasının mütəfəkkiri Əlişir Nəvainin 567-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransa dəvət alıram). Əlişir Nəvai ədəbi şəxsiyyətini və irsini əhatə edən məruzələrlə Nəvai şərəfinə keçirilən elmi məclislərdə iştirak etməyimdən məmnun oluram. Əslində, bir tədqiqatçı kimi, bu konfranslarda iştirak edərək (2-3 günlük olsa da), dünya nəvaişünasları ilə görüşür, tanış olur və yeni elmi əlaqələr yaradırıq. Nəvaişünaslar məclisində Azərbaycanın bütün nəvaişünasları, Azərbaycan-özbək ədəbiyatı tədqiqatçıları, onların araşdırmaları xatırlanır, əsərlərindən örnəklər səslənir.

Ötən ildən Əlişir Nəvai yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans şairin adını daşıyan Nəvai şəhərində keçirilir.

Beləliklə, 2018-ci il 6-7 fevralda Özbəkistanın Nəvai şəhərində böyük özbək şairi Əlişir Nəvainin həyat və yaradıcılığı ilə əlaqədar “Əlişir Nəvai irsi və ümumbəşəri mənəvi dəyərlər” mövzusunda II beynəlxalq konfrans keçirildi.

Artıq ənənə halını almış II beynəlxalq konfransa Azərbaycanın, Türkiyənin, Özbəkistanın, Qazaxıstanın, Rusiyanın, Əfqanıstanın, Pakistanın və digər ölkələrin nəvaişünas alimləri qatılmışdılar.

Xatırlatmaq istəyirəm ki, 2017 – ci ildə keçirilən I Büynəlxalq elmi konfransda Azərbaycan nümayəndə heyəti olaraq yalnız mən iştirak etsəm də, İnstitutumuzdan beş nəfərin – akademik İsa Həbibbəylinin, klassik irsin tanınmış tədqiqatçıları Mahirə Quliyeva,  Ataəmi Mirzəyev,  Zəhra Allahverdiyevanın Əlişir Nəvainin yaradıcılığı haqqında məqalələri dərc edilib. Konfransda məruzə etdiyim “Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” adlı araşdırma yazım da həmin kitabda yer alıb.

2018-ci ildə keçirilən II Beynəlxalq konfransa isə Azərbaycandan beş nəfər dəvət alsa da, doqquz alimin məqaləsi dərc edilmişdir. Dəvət olunan alimlər -  Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun “Nəvai və klassik Azərbaycan ədəbiyyatı”, Bakı Dövlət Universitetinin professoru Ramiz Əsgər “Nəvainin Azərbaycanda öyrənilməsi, nəşri və tədrisi məsələləri”,  filologiya üzrə fəlsəfə doktoru Könül Hacıyevanın “Nəvai irsinin Kişvəri yaradıcılığına təsiri”, “Türkologiya” dərgisinin məsul katibi Elçin İbrahimov “Əlişir Nəvai və türk dünyası” və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın “Baburnamə”də Əlişir Nəvainin portreti” mövzularında məruzələri  dinlənilib.

 

Tədbirdə Əlişir Nəvainin irsi ilə bağlı digər ölkələrdən gələn alimlərin də məruzələri dinlənildi. Axşam isə konfrans iştirakçılarının şərəfinə böyük konsert proqramı təşkil edilmişdi.

Konfransın səhəri günü Azərbaycan nümayəndə heyəti üçün qədim Buxara şəhərində gəzinti keçirilmişdi.

 

Almaz Ülvi

filologiya üzrə elmlər doktoru,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri,

Beynəlxalq Babur Fondunun Bakı filialının sədri

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015