AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Mifin tarixə müdaxiləsi: 21 dekabr 2012-ci il” kitabı işıq üzü görüb
Fev 09, 2018 | 03:54 / Yeni nəşrlər
Oxunub 326 dəfə

AMEA Rəyasət Heyətinin elmi katibi, Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayevin “Mifin tarixə müdaxiləsi: 21 dekabr 2012-ci il” kitabı çapdan çıxıb.

Kitabdakı “Mifin tarixə müdaxiləsi: 21 dekabr 2012-ci il” adlı məqalədə müəllif 21 dekabr 2012-ci ildə dünyanın dağılması ilə bağlı yayılan qlobal inancları tədqiqat obyekti kimi diqqət mərkəzinə gətirib. Burada müəllif folklorun dinamik, kollektiv və prosessual təbiətli sosial-mədəni hadisə olmasını konkret faktlar əsasında araşdırıb. Belə ki, Maya mifologiyasının təsiri ilə bu tarixdə dünyanın dağılacağı ilə bağlı çoxsaylı şayiələr sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində yayılmağa başlamışdır. Həmin vaxt ötdükdən sonra dünyanın sonu ilə bağlı inanclar dayanıqlıq nöqtəsini (gələcək qorxusunu) itirdiyinə görə bu tarixlə bağlı bədbin proqnozlu folklor faktları da aradan qalxmışdır. Psixoanalitik metodla aparılan tədqiqatlar nəticəsində müəllif belə qənaətə gəlmişdir ki, elmi şəkildə təkziblərə baxmayaraq, bu inancların yayılmaqda davam etməsinin səbəbi sözügedən “tarix” vasitəsi ilə tanataloji qorxuların (fərdi ölüm qorxularının) kollektiv ifa üçün münbit şərait əldə etməsi olmuşdur. Beləliklə, müəyyən olunmuşdur ki, bu ərəfədə dünyanın dağılması ilə bağlı inancların yayılmasında təkanverici emosiya fərdlərin ölüm qorxusu, həmin emosiyanın kollektiv dildə ifasının təminedicisi kimi isə ayrı-ayrı mədəniyyətlərdə mövcud olan oxşar ənənəvi metaforalar olmuşdur. Nəticədə, dünya miqyasında “ölüm qorxularını” aktuallaşdıran qlobal motivlər meydana gəlmişdir.

Kitabdakı “Yuxular fərdi kollektiv simvollar sistemi ilə əlaqələndirən psixokulturoloji proses kimi” adlı məqalədə yuxuların  toplanılması və onların folklor araşdırmaları üçün əhəmiyyəti diqqət mərkəzinə gətirilir. Həmçinin bu məqalədə yuxular fərdi kollektiv simvollar sistemi ilə əlaqələndirən psixokulturoloji proses kimi araşdırılır. Belə ki, psixoloji hadisə olan yuxuların ənənəvi mədəni kodlarla  yozulması (və ya qavranılması)  prosesi fərd və kollektiv emosiyalar arasında əlaqələndiririci rol oynamaqla yanaşı, mədəniyyətdəki simvolik prosessuallığının da təminedici kimi çıxış edir.

“Nağıllarda şah-vəzir münasibətləri əkizlər mif modelinin təzahürü kimi” adlı yazıda aydınlaşdırılır ki, nağıllardakı şah və vəzir münasibətlərində əkizlər mifinin  mənayaradıcı gücü də iştirak edir.

“Əkizlər mif modeli kontekstində Qırat və Dürat” adlı yazıda triksterik qəhrəman olan Koroğlunun atlarının mifik semantikası öyrənilmiş və bu planda onların səma və yer atları olması aşkarlanmışdır.

“Psixoloji arxetiplərin mədəni arxetiplərə transformasiyası: İblis obrazının mifik semantikası (H.Cavidin “İblis” faciəsi əsasında)” adlı məqalədə H.Cavidin “İblis” faciəsi əsasında kölgə arxetipindən qaynaqlanan İblis obrazı xaosun metaforası kimi təhlil olunmuşdur.  Məqalədə bu obrazın cilddəyişmə xüsusiyyəti ilə yanaşı, onun hərəkətlərini təmin edən “yuxu”, “rəqs”, “qəhqəhə” və s.kimi davranışların mədəni semantikası öyrənilmişdir.

“Basatın Təpəgözü öldürdüyü boy”un ritual-mifoloji semantikası” adlı yazıda “Kitabi-Dədə Qorqud”dastanının sözügedən boyu ritual-mifoloji baxımdan tədqiq olunmuşdur. Müəyyənləşdirilmişdir ki, xaotik qəhrəmana qarşı mübarizədə digər Oğuz bəylərinin deyil, məhz Basatın qalib gəlməsi onun özünün də təbiətində olan xtonik mənşəylə əlaqədardır.  

“Tanrı-Erlik qarşıdurması kontekstində triksterin davranış modelləri” adlı yazıda isə dünyanın yaradılışı prosesində Tanrı ilə birlikdə iştirak edən Erlik obrazının triksterik xüsusiyyətləri araşdırılmışdır. Türk mifoloji düşüncəsində dünyanın Tanrının iradəsindən fərqli şəkildə (bu günkü kimi) qurulmasının  səbəbi bu obrazın trikster kimi pozucu davranışı ilə əlaqələndirilir.

“Qəhrəman arxetipinin alp və aşiq funksionerləri: Qazan və Kərəm” adlı yazıda (Hikmət Quliyevlə birlikdə) filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoyun qəhrəman arxetipi ilə bağlı baxışları müasir elmi-nəzəri yanaşmalar kontekstində təhlilə cəlb  edilmişdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015