AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Akademik Rafael Hüseynov: Humanitar elmin təbliği istiqamətində səylərimizi birləşdirməliyik
Fev 09, 2018 | 09:46 /
Oxunub 292 dəfə

Humanitar elmin təbliği istiqamətində səylərimizi birləşdirməli, bu sahədə əldə olunan nailiyyətləri “Vikipediya”da geniş təbliğ etməliyik.

Bu fikri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov söyləyib.

R.Hüseynov son dövrlərdə humanitar elm sahəsində ciddi irəliləyişlərin, böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb. Humanitar elmin prioritet istiqamətlərində araşdırmaların aparılması və dünya elminə inteqrasiya baxımından Avropa, həmçinin ərəb və fars dillərini mükəmməl bilməyin zəruriliyini qeyd edib.

Bildirilib ki, dünya humanitar elminə ineqrasiya olunmaq üçün ölkədə mütəmadi konfranslar təşkil etməli, xarici alim və mütəxəssislərlə təcrübə mübadiləsi aparılmalıdır.

Akademik Azərbaycan dilinin orfoqrafiya lüğətinə edilən dəyişikliklərlə bağlı fikirlərini də bölüşüb. Qeyd edilib ki, yeni dəyişikliklərlə bağlı ölkə ictimaiyyətinin fikri öyrənilməli, müvafiq sahə üzrə alim və mütəxəssislərin irad və təklifləri nəzərə alınmalı, son nəticədə mükəmməl lüğət ortaya qoyulmalıdır. Dilin ümumi inkişafına zərər yetirən əlamətlər aradan qaldırılmalı, bu istiqamətdə birgə fəaliyyət göstərilməlidir.

Akademik R.Hüseynov, həmçinin Azərbaycanda muğam sənətini öyrənməyin son dərəcə vacib olduğunu, bu istiqamətdə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda fəaliyyət göstərən muğamşünaslıq şöbəsinin qarşısında ciddi vəzifələrin dayandığını bildirib. “Muğam bizim milli sərvətimizdir”, – deyən R.Hüseynov bu sənətin incəliklərinin dərindən öyrənilməsi üçün musiqi savadının olmasının və qədim mənbələrin araşdırılmasının əhəmiyyətini qeyd edib.

AZƏRTAC

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015