AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Video
AZTV- İnternet folkloru tədqiqat obyekti kimi (07.02.2018)
Fev 08, 2018 | 08:52 / Müsahibələr, çıxışlar
Oxunub 41 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev  AZTV-nin "Səhər" musiqili-informasiya proqramına müsahibə verib. O, bildirib ki, XXI əsrin əvvəllərində, qlobal informasiya şəbəkəsinin, İnternetin imkanlarının genişlənməsi, xüsusilə də interaktiv kommunikasiyaya şərait yaradan sosial şəbəkələrin, forum və bloqların ortaya çıxması ünsiyyət və müzakirə üçün yeni platforma təqdim etdi. Beləliklə, real dünyaya alternativ olan virtual aləmin meydana gəlməsi, inkişaf etməsi, onun  sərhədlərinin sürətlə genişlənməsi prosesi başlandı. Bu isə fiziki məkana bağlı olan, kənddə, rayonda və ya şəhərdə yaşamasından asılı olmayaraq insanların vahid bir informasiya məkanında birləşməsinə şərait yaratdı. Bununla da, bir zamanlar kənddə yaşayan, sonra iri şəhərlərə doğru addımlayan insanın virtual dünyaya “köç”ü baş verdi. İnsanlar özlərinin bütün antropoloji keyfiyyətləri, mədəni dəyərləri, mənəvi dünyası və ən nəhayət folkloru ilə birlikdə virtual aləmə daxil oldu. Ənənəvi folklor nümunələri ilə bərabər, virtual folklor faktları da meydana gəldi. Təbii ki, virtual aləmdə meydana gələn folklor nümunələrinin forması, məzmunu, üslubu və s. əvvəlkilərdən fərqli oldu. Belə nümunələr söz, şəkil, animasiya, rolik və s. formatlarda meydana çıxmaqdadır. Hazırda dünya folklorşünaslığında, sosial və antropoloji tədqiqatlar sahəsində virtual aləmdə meydana gələn folklor nümunələrinin öyrənilməsi prioritetlik təşkil edir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015