AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA-nın Humanitar Elmlər Bölməsi hesabat verib
Fev 07, 2018 | 05:42 / Konfranslar, iclaslar
Oxunub 46 dəfə

Fevralın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA Humanitar Elmlər Bölməsinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında bölmənin akademik-katibi, akademik Teymur Kərimli məruzə ilə çıxış edib. Hesabat ilində bölmədə fəaliyyətin mühüm istiqamətlərə uyğun həyata keçirildiyini bildirən akademik 2017-ci ilin mühüm nailiyyətlərlə xarakterizə olduğunu deyib. Qeyd edib ki, ötən il bölmə üzrə 33 problemin 83 mövzusu, 363 işin 186 mərhələsi üzrə tədqiqat işləri aparılıb. İlin sonunda 122 işin 109 mərhələsinin başa çatdığını deyən akademik bölmənin elmi müəssisələri tərəfindən 8 respublika və 4 beynəlxalq miqyaslı tədbirin keçirildiyini diqqətə çatdırıb.

Məruzəçi 7-si xaricdə olmaqla 129 kitab, 8-i xaricdə olmaqla 101 monoqrafiya, 234-ü xaricdə olmaqla 2108 məqalə və 35-i xaricdə olmaqla 168 tezis çap edildiyini bildirib. 2017-ci ildə bölmə əməkdaşlarının impakt faktorlu jurnallarda 24 məqaləsinin dərc edildiyini, bu elmi əsərlərə 76 dəfə istinad olunduğunu söyləyib. Kadr hazırlığı məsələsinə toxunan natiq vurğulayıb ki, hesabat ilində fəlsəfə doktorluğu üzrə 38, elmlər doktorluğu üzrə isə 7 nəfər müdafiə edib. T.Kərimli Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən 3 layihənin maliyyələşdirildiyini də nəzərə çatdırıb. 

Akademik hesabat dövründə dövlət proqramları üzrə tapşırıqların və ölkə Prezidentinin Molla Pənah Vaqifin 300 illik, Bülbülün 120 illik, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik, Hüseyn Cavidin 135 illik və Qara Qarayevin 100 illik yubileylərinin keçirilməsi, eləcə də Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiqinə dair sərəncamlarının böl­mə­nin elmi tədqiqat müəs­sisələri tərəfindən yüksək səviyyədə icra olunduğunu bildirib.

Məruzəçi Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Sərəncamının icrası, eləcə də respublikada bu hadisənin ictimai-siyasi, beynəlxalq və ideoloji əhəmiyyətini təbliğ etmək məqsədilə bölmənin elmi müəssisələrinin səfərbər olaraq bir sıra təqdirəlayiq işlər gördüyünü deyib.

Natiq məruzəsində 2017-ci ilin MDB məkanında “Ailə ili” elan olunması ilə əlaqədar humanitar və ictimai elmlər bölmələrinin birgə təşkilatçılığı ilə “Ədəbiyyatda və incəsənətdə multikulturalizm və tolerantlıq” mövzusunda elmi sessiyanın və AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sərəncamına əsasən HEB-in akademik-katibi, akademik Teymur Kərimlinin layihəsi üzrə AMEA-da “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsinin keçirildiyini bildirib.

Akademik-katib hesabatda AMEA-nın Rəyasət Heyətinin qərarlarının və AMEA prezidentinin sərəncamlarının icrası, struktur dəyişiklikləri, keçirilən konfrans, sessiya, simpozium, seminar və yubi­ley­lər, təltiflər, xarici ezamiyyət və s. məsələlərə də toxunub. Bölmənin bəzi elmi müəssisələrinin Çin, İran, Misir, Türkiyə, Rusiya, Özbəkistan və Qazaxıstanın tanınmış universitetləri, elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələri qurduğunu deyib.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, hesabat ətrafında akademiklər - İsa HəbibbəyliNazim MəmmədovRafael HüseynovMuxtar İmanov, AMEA-nın müxbir üzvləri - Əminağa SadıqovƏrtegin Salamzadə, AMEA-nın elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.

Sonra hesabat təsdiq olunub, bölmə üzrə mühüm elmi nəticələr akademiyanın illik hesabatına daxil edilib. Multidissiplinar tədqiqatların aparılması istiqamətində humanitar elmlərin başqa elm sahələri ilə əlaqələrini möhkəmləndirmək, əməkdaşların dünyanın aparıcı ölkələrinin qrant layihələrində iştirakını intensivləşdirmək və digər məsələlərə dair tapşırıqlar verilib.

İclasda Rəyasət Heyətinin növbəti qərarı ilə AMEA Hüseyn Cavidin Ev Muzeyinin strukturunda qismən dəyişiklik edilib. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015