AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Video
AMEA Humanitar Elmlər Bölməsinin elmi müəssisələrində 20 Yanvar faciəsi ilə bağlı anım tədbirləri keçirilib
Yan 19, 2018 | 02:49 / Konfranslar, iclaslar
Oxunub 75 dəfə

AMEA Humanitar Elmlər Bölməsinin elmi müəssisələrində 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə anım tədbirləri keçirilib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş tutan tədbirdə AMEA-nın vitse-prezidenti, bu müəssisənin direktoru, akademik İsa Həbibbəyli çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və milli suverenlik tələbinin qarşısını almaq üçün törədildiyini və hadisələrə ilk siyasi qiyməti ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyindəki kəskin bəyanatı ilə verdiyini bildirib.

Nəsimi adına Dilçilik İnstitutunda keçirilən tədbirdə institutun direktoru, akademik Möhsün Nağısoylu 20 yanvar faciəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu vurğulayıb. Bildirib ki, 20 Yanvar hadisələri faciəvi olsa da milli dövlətçiliyimizin bərpasında və milli dövlətçiliyimizə gedən yolda çox önəmli xarakter daşıyır. 

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda keçirilən “20 Yanvar- Ümumxalq hüzn günü” adlı elmi sessiyada AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, müəssisənin direktoru, akademik Teymur Kərimliçıxış edərək faciənin xalqımızın yaddaşında silinməz izlər qoyduğunu deyib. O, 20 Yanvar faciəsini sovet imperiyasının digər xalqları əsarətdə saxlamasına sonuncu cəhd kimi dəyərləndirib və imperiya ambisiyalarının məhz Azərbaycanda qırıldığını bildirib.

Folklor İnstitutunda öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə institutun direktoru, akademik Muxtar İmanov çıxış edərə faciənin yaranma səbəbləri və Qanlı Yanvarda törədilən dəhşətlər haqqında ətraflı məlumat verib. O, bütün qanlı əməllərə baxmayaraq xalqımızın müstəqillik əzminin sönmədiyini deyib və Şəhidlər Xiyabanının ölkəmizin and yerinə çevrildiyini vurğulayıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “İstiqlal yolunun 20 yanvar aşırımı” mövzusunda keçirilən elmi sessiyada “İstibdaddan istiqlala” mövzusunda məruzə ilə çıxış edən muzeyin direktoru, akademik Rafael Hüseynov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin canlı şahidi olaraq keçmiş sovet ordusunun insanlığa yaraşmayan faciə törətməsindən, dinc əhaliyə qarşı həyata keçirdiyi vəhşiliklərdən söhbət açıb, bu hadisənin xalqımızın azadlığı və müstəqilliyi yolunda böyük əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, 20 Yanvar hadisəsi əslində Azərbaycanın sonralar yenidən elan edəcəyi istiqbalının, bərpa edəcəyi dövlət müstəqilliyinin təməlini qoydu. Bu Azərbaycanın öz haqqları, bir millətin azadlığı uğrunda mübarizəsinin təkan nöqtəsi idi.

Hüseyn Cavidin Ev Muzeyində isə “20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib, həmçinin faciə ilə bağlı nəşr, fotolardan ibarət sərgi təşkil edilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015