AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Çoxmetodlu Azərbaycan ədəbiyyatı. Müstəqillik dövrü - İsa Həbibbəyli yazır
Yan 16, 2018 | 09:37 / Müsahibələr, çıxışlar
Oxunub 199 dəfə

İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik 

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı milli ədəbiyyatımızın, ədəbi-ictimai fikrimizin inkişafı yollarında mühüm tarixi hadisə və xüsusi ədəbi mərhələdir.
 
Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatında müstəqil dövlətçilik ideyaları XX əsrin əvvəllərindən etibarən formalaşmağa başlamışdır. Mollanəsrəddinçilər və cümhuriyyətçi yazıçılar Azərbaycan ədəbiyyatında dövlət müstəqilliyi ideyalarının möhkəm təməllərini formalaşdırmışlar. Ona görə də yeni tarixi epoxada “Molla Nəsrəddin” ədəbi məktəbinin açıq-aydın şəkildə meydana qoyduğu azərbaycançılıq  ideyaları, ölkənin coğrafi sərhədlərinin real olaraq təsəvvür edilməsi və qorunub möhkəmləndirilməsi, ana dili, milli oyanışı ilə bağlı böyük ideallar müstəqil dövlətçiliyə nail olmağın və bu dövrün özünəməxsus ədəbiyyatını yaratmağın həlli zəruri olan problemlərə çevirmişdir. Vaxtilə böyük demokrat yazıçı, milli istiqlal ədəbiyyatının sərkərdəsi Cəlil Məmmədquluzadənin azərbaycançılıq ideyalarına və  istiqlal uğrunda mübarizəyə həsr edilmiş əsərləri və mollanəsrəddinçilik hərəkatının - azərbaycançı  milli-mənəvi birliyi və müstəqil dövlət ideyasını özündə birləşdirən çağırışları yeni şəkildə böyük ədəbiyyatı düşündürməyə başlamışdır.  İlk növbədə sovet hakimiyyəti illərində ədəbiyyatda canlandırılan vətənpərvərlik ideyalarının dərin mahiyyətindəki müstəqillik düşüncəsinə də yaradıcılıqla nəzər salınmışdır. Xüsusən, XX əsrin yetmişinci illərinin sonu və səksəninci illərinin əvvəllərində ölkəmizə rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda dövlət səviyyəsində dəstəklənən və uğurla həyata keçirilən ümummilli ideyaların, azərbaycançı mövqenin Azərbaycan ədəbiyyatı və ictimai fikrindəki böyük əks-sədası, xalqı gələcək dövlət müstəqilliyinə hazırlamaqda mühüm əhəmiyyət kəsb etmiş ədəbiyyatın enerjisi müasir ədəbi prosesi idarə etmək üçün daha da canlandırılmışdır. Dövlət müstəqilliyi ərəfəsində, xüsusən Dağlıq Qarabağ probleminin meydana çıxdığı 1988-1990-cı illərdə Azərbaycan ədəbiyyatının ölkənin ərazi bütövlüyü və xalqın milli azadlığı uğrunda apardığı mübarizə, bu ruhda yaranmış bədii əsərlər dağılmaqda olan sovet imperiyasına ağır zərbə vurmuş, dövlət müstəqilliyinin qaçılmazlığını meydana qoymuşdur.

Müstəqil Azərbaycan Respublikasının 18 oktyabr 1991-ci il tarixdə imzaladığı “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı - İstiqlal Bəyannaməsi cəmiyyət həyatında və ədəbiyyatda bütün cəbhə boyu milli, azad, demokratik düşüncənin inkişafına start vermişdir. Bu, həm də milli-demokratik məfkurə əsasında yaranan yeni tipli ədəbiyyatın və ictimai fikrinin də bəyannaməsi demək idi. Ölkədə müstəqil dövlətin yaranmasının həyəcanını ifadə edən poetik örnəklərin və çevik publisistikanın nikbin reaksiyası müstəqillik dövrü ədəbiyyatının ilk şəfəqləridir. Ədəbiyyatın hadisələrə və insana münasibətdə yanaşmaların dəyişməsi, bədii fikirdə müstəqil dövlətçiliyin maraqları və məsuliyyətinin nəzərə alınması tədricən hiss olunmağa başlanmışdır. Lakin keçmiş sovet rejiminin yıxılmasının və yeni dövlət quruculuğunun başlanğıc dövrünün xaosu, iqtisadi böhranı, qeyri-sabit həyat tərzi, cəbhə xəttindəki uğursuzluqlar ədəbiyyatda dövlət müstəqilliyi hadisəsindən bəhs edən geniş həcmə malik, dərin və əhatəli əsərlərin yaranmasını gecikdirmişdir.

Dağlıq Qarabağ ətrafında ərazilərin işğalı, qaçqın və köçkün axınlarının yaratdığı böyük çətinliklər, şəhidlərin qapıları döyməsindən doğan fəryadlar, dövlət çevrilişi cəhdləri cəmiyyətdə təbii olaraq birmənalı qarşılanmamışdır. Baş verən hərbi-siyasi və iqtisadi-mənəvi çətinliklərin bəzən hətta ümidsizlik və çaşqınlıq doğurması ədəbiyyatda müəyyən bir dövrdə durğunluğa və məyusluğa şərait yaratmışdır.  Lakin görkəmli dövlət xadimi Heydər Əliyevin 21 sentyabr 1993-cü ildə Azərbaycan ziyalıları ilə Elmlər Akademiyasında görüşündə irəli sürdüyü fikirlər, oyatdığı böyük ümid, qarşıya qoyduğu məsul vəzifələr müstəqilliyin inkişaf edib möhkəmləndiriləcəyinə inamı qüvvətləndirmişdir: “İndi respublikamız ağır vəziyyətdədir. Təsəvvür edin ki, dənizdə qasırğanın dağıtdığı gəmini dalğalar sahilə atmışdır. Həmin gəmini yenidən tikmək, elə vəziyyətə salmaq lazımdır ki, bir daha dənizə çıxa bilsin. ...Azərbaycan indi təxminən belə vəziyyətdədir. ...Ancaq əgər mən bu vəzifəni öz üzərimə götürmüşəmsə, deməli, Azərbaycanı bu vəziyyətdən çıxarmağın yollarını (əlbəttə, xalqla, onun ağıllı, düşünən adamları ilə birliklə) arayıb-axtarmağı bacararam”.

Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin cəmiyyət həyatının digər sahələri kimi, ədəbiyyat və incəsənətin, elmin və mədəniyyətin inkişafına göstərdiyi böyük diqqət və qayğı, həyata keçirdiyi məqsədyönlü islahatlar keçid dövrü kimi məsuliyyətli bir mərhələnin adlanmasına şərait yaratmışdır. Azərbaycan Elmlər Akademiyasının, Yazıçılar İttifaqının dağıdılmaqdan və onun mətbu ədəbi orqanlarının bağlanmaqdan xilas edilməsi, dövlət büdcəsi vasitəsilə maliyyələşdirilməsinin təmin olunması, ağsaqqal nəsil yazıçılar üçün Prezident təqaüdünün, istedadlı gənc ədəbi nəsil üçün isə Prezident mükafatının təsis edilməsi, yubileylərin keçirilməsi ölkədə beyin axınının qarşısını almış, yaradıcı insanlara yenidən qol-qanad vermişdir. Ədəbiyyat özünə gəlmiş, müstəqillik ab-havası ilə nəfəs almağa başlamışdır. Bu zəmində XXI əsrin əvvəllərindən etibarən ölkədə və dünyada gedən proseslərin dərkindən doğan və irəliyə baxan ədəbiyyatın cürətli addım səsləri artıq eşidilməyə başlamışdır.

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı aşağıda qeyd olunan iki mərhələdə inkişaf etmişdir:

1.            Müstəqillik axtarışları və yeni epoxanın ədəbiyyatının formalaşması

2.            Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının inkişaf edib möhkəmlənməsi

Müstəqillik uğrunda mübarizənin real gerçəklikləri Azərbaycan ədəbiyyatına öz mövzularını gətirmişdir. Azərbaycan ədəbiyyatında mövcud ənənəvi janrların intonasiyası dəyişmişdir. Ədəbiyyatda milli ruh, vətəndaşlıq mövqeyi, həyəcan, çağırış, birlik və vətənpərvərlik duyğusu qüvvətlənmişdir. 20 yanvar, şəhidlik və milli istiqlal mövzusu, azərbaycançılıq duyğusu Azərbaycan ədəbiyyatının tarixi salnaməsinə yeni motivlər, fərqli obrazlar, təsirli səhifələr əlavə etmişdir. Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması elegiya yox, milli istiqlal marşının nidaları kimi səslənmişdir. Xəlil Rza Ulutürkün “Davam edir 37” şeirində hələ ayaqda olan sovet imperiyasına qarşı milli istiqlala köklənmiş xalqımızın dönməz hərbə-zorbası əks-səda tapmışdır. Məmməd Arazın, Sabir Rüstəmxanlının, Hidayətin, Zəlimxan Yaqubun, Rüstəm Behrudinin və başqalarının şeirlərindəki imperiya mifini dağıdan düşüncələr, kəsərli fikirlər Azərbaycan ədəbiyyatında müstəqil dövlətçilik qayəsinin dərinləşməsinə və möhkəmlənməsinə xidmət etmişdir. Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeiri 20 yanvar faciəsinin ümummilli elegiyası kimi yaranmışdır. Hidayətin hazırlayıb nəşr etdirdiyi “Qara yanvar”, “Didərginlər” kitablarında toplanmış əsərlər bütünlüklə müharibə və qaçqınlıq mövzusuna həsr olunmuşdur. Qarabağ - müharibə mövzusu olmaqdan çox, milli istiqlal mövzusuna çevrilmişdir. Xocalı faciəsi ilə Azərbaycanda ölkənin ərazi bütövlüyü uğrunda aparılan mübarizənin faciəli səhnələri ədəbiyyata gəlmişdir. Nürəngiz Günün “Xocalı simfoniyası” əsəri anaların fəryadı üstündə köklənmişdir. Azərbaycan ədəbiyyatında çağırış, səfərbərlik poeziyası qüvvətlənmiş, publisistikanın vətəndaşlıq kəsəri artmışdır. 

Azərbaycan ədəbiyyatında dövlət müstəqilliyinin başlanğıc illərinin bədii nəsrinin ilk addımları atılmışdır. Anarın “Otel otağı” romanında Qarabağ müharibəsinin fonunda ölkəni tərk edib getmiş ziyalının faciəli aqibəti təqdim olunmuşdur. Sabir Əhmədlinin “Qara yanvar hekayələri”, İsi Məlikzadənin “Məndən nigaran qalmayın”,  Əlabbasın “Halal qan”, Xalidə Hasilovanın “Yollara yağan qanlı qərənfillər”, “Kəşfiyyatçı” və sair hekayələrində artıq müharibə mövzusunun ayrı-ayrı təsirli məqamları təsvir edilmişdir. Yeni tarixi mərhələdə qaçqınlıq da öz ədəbiyyatını yaratmışdır. Elçin Hüseynbəylinin “Qumru quşu”, “Kəndə gün çıxanda qayıdacığıq”, Əli Səmədlinin “Gəlin gəlir”, Kamran Nəzirlinin “Qoca uşaq” hekayələrində qaçqın həyatının məşəqqətli tabloları canlandırılır. Sabir Əhmədlinin “Kütlə” romanı müstəqillik uğrunda mübarizənin bütün mahiyyəti ilə, real şəkildə dərk olunmasına xidmət edir.

Yeni mərhələnin dramaturgiyası əsas diqqəti yaxın keçmişdən miras qalan baxışlarla yeni həyat tərzinin, müasir yanaşmaların toqquşmasından doğan proseslərə yönəltmişdir. Bu isə nəticə etibarilə dramaturgiyanın cəmiyyətdə irəliyə doğru hərəkata təkan vermək funksiyasını həyata keçirmişdir. Xalq yazıçısı Elçinin dram əsərlərinin səhnəyə çıxarılması ilə Azərbaycanda yeni tipli absurd teatr yaranmışdır. Bu, Azərbaycan cəmiyyətindəki xaos mərhələsinin absurd tragikomediyaları gerçəkliyin obyektiv dərk olunmasına və irəliyə doğru baxışların formalaşmasına işıq salan orijinal bədii əsərlərdir. Bu dövrdə görkəmli yazıçı-ədəbiyyatşünas Kamal Abdulla Azərbaycan səhnəsinə posmodernist dramın yaddaqalan və bənzərsiz nümunələrini çıxarmışdır. Azərbaycan səhnəsinin mövzuları da, obrazları da, səs tembri də dəyişmişdir. Beləliklə, müstəqillik dövrü Azərbaycan ədəbiyyatı bütün istiqamətlərdə ciddi formalaşma prosesi keçirmişdir.

XXI əsr - həm də müstəqillik dövrü Azərbaycan ədəbiyyatının özünütəsdiq mərhələsidir. Bu dövrdə artıq müstəqil Azərbaycanda demokratik cəmiyyət quruculuğunun inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərin dərinləşməsi və sabitləşməsi ədəbiyyatın da həyatı və insanı daha dərindən, əsaslı şəkildə dərk etməsi, milli meyarlara  və dövlətçilik maraqlarına həmahəng surətdə inkişafını təmin etmişdir. Azərbaycan ədəbiyyatşünaslıq elminin haqlı qənaətinə görə, “son on, on beş ildə Azərbaycan ədəbiyyatı inkişaf edərək yeni bir keyfiyyət göstərmişdir. Bu, dünya xalqları içərisində öz səsi, öz yeri olan bir xalqın, millətin ədəbiyyatıdır. Post-sovet respublikaları üzrə ən sürətlə inkişaf edən, göstəricilərinə görə heyrət doğuran bir ölkənin ədəbiyyatıdır.

... Azərbaycan ədəbiyyatı bütövlükdə Azərbaycançılıq ideologiyası zəminində inkişaf edir (bax: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı. B., 2017, səh.15).

Artıq müstəqillik dövrü Azərbaycan ədəbiyyatının sadəcə mövzuları, obrazları və janrlarının deyil, bütövlükdə xarakterinin dəyişməsi və əsas inkişaf xüsusiyyətləri haqqında ciddi elmi qənaətlər irəli sürülmüşdür: “...Müasir Azərbaycan ədəbiyyatı çoxvektorlu, çoxsəsli ədəbiyyatdır. ...Bu gün Azərbaycan ədəbiyyatı müxtəlif bədii-estetik təmayüllərin təmsil olunduğu rəngarəng bir mənzərə yaradır. Milli ədəbiyyatın dünya ədəbi prosesinə inteqrasiyası güclənir”. (Yenə orada, səh.16).

Bütövlükdə, həqiqətən də müstəqillik dövrünün çoxmetodlu ədəbiyyatı yeni Azərbaycanı və onun qurucuları olan müasir insanın bədii obrazını bütün yönləri ilə təqdim edir.

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişafında altmışıncılar və yetmişincilər ədəbi nəsilləri ilə yanaşı, yeni tarixi epoxanın meydana çıxardığı müasir yazıçılar nəsli də yaxından və fəal iştirak edir. Daha doğrusu, müstəqillik dövrü Azərbaycan ədəbiyyatı öz yaradıcılarını da yetirib formalaşdırmışdır. Afaq Məsud, Vaqif Bayatlı Odər, Ramiz Rövşən, Aqil Abbas, Rəşad Məcid, Rüstəm Behrudi, Əjdər Ol, Elxan Zal, Sona Vəliyeva, Seyran Səxavət, İlqar Fəhmi, Səyyad Aran, Nəriman Əbdülrəhmanlı, Sara Oğuz, Adil Cəmil, Rafiq Yusifoğlu, Yunis Oğuz, Vaqif Məmmədov, Xanəli Kərimli, Muxtar Qasımzadə, Elçin Hüseynbəyli, Əliabbas, Asim Yadigar, İbrahim Yusifoğlu və başqaları müstəqillik dövrü ədəbiyyatının əsas aparıcı arsenalını təmsil edirlər. Eyni zamanda, bilavasitə müstəqilliyin yetirməsi olub, bu dövr ədəbiyyatını yaradanların sıralarında özlərini təsdiq edən Salam Sarvan, Qulu Ağsəs, Səlim Babullaoğlu, Qanturalı, Şəmil Sadiq, Əkbər Qoşalı, Şərif Ağayar, Aqşin Yenisey, Seymur Baycan, Müşfiq Xan, Elxan Qaraqan, Murad Köhnəqala, Nərgis, Rasim Qaraca, Elxan Yurdoğlu, Qismət, Fərid Hüseyn və başqaları artıq böyük ədəbiyyat yollarında həvəslə və inadla çalışmaqda davam edirlər.

Dövlət müstəqilliyinin 27 ili ərzində Azərbaycanda müxtəlif ədəbi baxışları və fərqli üslubları əhatə edən çoxmetodlu ədəbiyyat formalaşmışdır. Başlanğıc mərhələdə əvvəlcə ədəbi qruplar və yaradıcılıq birlikləri meydana gəlmiş və ədəbiyyatın hər hansı bir yeni istiqamətdə inkişafında maraqlı olduqlarını bəyan etmişlər. Bu zəmində XX əsrin doxsanıncı illərində yaranmış “Baca” (Rasim Qaraca), “Ağ yol” (Fəxri Uğurlu və b.), “2+” (Xanəmir, Dəyanət Osmanlı), “AYO” (Murad Köhnəqala), “Avanqard” (Dəyanət Osmanlı), “Dəniz” (İbrahim İlyaslı), “Ay işığı” (Ramiz Qusarçaylı), “Yeni Yazarlar və Sənətçilər Qurumu” (Aydın Xan), “Dünya Gənc Türk Yazarlar Birliyi” (Əkbər Qoşalı), “Ədəbi klub” (Əjdər Ol), “Sözün davamı” (Elçin Mirzəbəyli), “Şəms” (Simuzər Baxışlı), “Xatun” (F.Hacıyeva), “Pərvanə ədəbi məclisi” (Qəşəm Nəcəfzadə), “Nöqtələr” (Bilal Alarlı), “Eqo Yaradıcılıq ordeni” (Elçin Hüseynbəyli) və sair müxtəlif məqsədlərlə fəaliyyət göstərən ədəbi qruplar, birliklər və məclislər geniş mənada yeni tarixi şəraitdə ölkədə demokratik ədəbi gedişatınvə fərqli ədəbi mühitin formalaşdırılmasına şərait yaratmış, çoxsəsli Azərbaycan ədəbiyyatının yaranmasının hərəkətverici qüvvəsinə çevrilmişdir. Bir çox hallarda bu ədəbi qruplar arasında gedən yaradıcılıq mübahisələri, hətta onlardan bəzilərinin Azərbaycan Yazıçılar Birliyi ilə haqlı-haqsız üz-üzə gəlmələri nəticə etibarilə ədəbiyyatda fikir müxtəlifliyinin, demokratik ab-havanın, yaradıcılıq metodları və bədii üslubların mübarizəsinə meydan açmışdır. Ədəbi tənqidin obyektiv olaraq qeyd edildiyi kimi, “ötən əsrin təcrübəsi də bir məramı təsdiqləyir: qruplar, dərnəklər, birliklər, manifestlər gərəkli hava, mühit, zəmin yaradır, istedadlara ədəbiyyata gəlmək, özünü ədəbiyyatda tapmaq üçün yalnız vəsilə olur. Bu günün ədəbiyyatını yaradanların sırasında 1990-cı illərin mürəkkəb ictimai-tarixi və ədəbi-mədəni mühitini dəf edib imza qazananlar, imzasını təsdiqləyənlər çoxdur” (Tehran Əlişanoğlu).

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı belə çətin, ağrılı, mürəkkəb, lakin zəruri prosesləri keçərək çoxsəsli, çoxmetodlu ədəbiyyat kimi formalaşmışdır. Fikrimizcə, müstəqillik epoxasında yeni ədəbi cərəyanların yaranmasında adıçəkilən ədəbi qrup və birlikləri mühüm rolu olmuşdur. Daha doğrusu, yeni epoxanın ədəbi cərəyanları ədəbi qrupların və birliklərin yaratdığı demokratik yaradıcılıq mühitinin əsasında formalaşmışdır. Hətta bu yaradıcılıq qruplarından  bəziləri yeni ədəbi cərəyan formalaşdırmaq üçün yola çıxmışdır. Murad Köhnəqalanın mətbuata açıqlamasında ifadə olunduğu kimi, təsisçiləri Azərbaycan Yazıçılar Ocağını əvvəlcədən ədəbi cərəyan olaraq nəzərdə tutmuş, lakin davamlı olmadığı və əhatə dairəsi genişlənə bilmədiyi üçün bu iş alınmamışdır. Bununla belə, bütövlükdə əvvəlcə ayrı-ayrı ədəbi qruplarda və birliklərdə təmsil olunan yeni və orta nəsil yazıçı və şairlər bir az sonra XXI əsrdə bu zəmində meydana çıxmış ədəbi cərəyanlarda özlərini tapmışlar. Keçmiş təkmetodlu sosialist realizmi ədəbiyyatı əvəzinə müstəqillik illərində çoxmetodlu Azərbaycan ədəbiyyatı yaranıb inkişaf etmişdir.

XX əsrin doxsanıncı illərində eksperimentlər şəkilndə meydana çıxan yaradıcılıq axtarışları Zamanın süzgəcindən keçərək Mirzə Ələkbər Sabirin sözləri ilə desək, nehrə kimi çalxalanaraq “yağı yağ üstə çıxır, ayranı - ayranlıq olur” məntiqi ilə inkişaf edib yeniləşmişdir. Artıq müstəqillik dövrünün demokratik ədəbi mühitinin doğurduğu yeni ədəbi cərəyanlar: tənqidi realizm, postmodernizm, dekadentizm, magik realizm ədəbiyyat meydanındadır. XX əsrin altmış-yetmişinci illərində yaradıcılıq metodu kimi yenidən yaranmağa başlamış tənqidi realizm müstəqillik dövründə inkişaf edərək ədəbi cərəyan səviyyəsinə qalxmışdır. Ədəbiyyatda modernizm dalğası genişlənmiş və qüvvətlənmişdir. Bədii metodların yeni təzahürlərinin meydanının genişlənməsi və ya fərqli ədəbi cərəyanların yaranıb inkişaf etməsi geniş mənada modernizm hərəkatını hazırlamışdır. Ədəbi prosesdəki sürətli yeniləşmə və dəyişikliklər, fərqli bədii metodların və üslubların mübarizə meydanında olması modernləşmənin ədəbiyyatın bütün cəbhəsi boyu inkişafını təmin etmişdir. Beləliklə, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında modernizm adında xüsusi bir ədəbi cərəyan yaranmasa da, ayrı-ayrı modernist cərəyanların meydana çıxması ədəbi prosesdə yeniləşmə hərəkatının müxtəlif qütblərinin təzahürünə təkan verən hərəkətverici qüvvəyə çevrilmişdir. Artıq yeni ədəbi təmayülün başında dayanan Kamal Abdullanın ətrafında mərkəzləşən postmodernizm ədəbi cərəyanı tərəfdarlarının artmaqda davam etməsi və müxtəlif janrlarda yeni əsərləri meydana gətirməsi ilə bu ədəbi axın inkişaf etməkdədir.  Postmodernizmin çoxgedişli imkanları ilə müasir cəmiyyətdəki fərqli inkişaf və baxış istiqamətləri bu ədəbi cərəyanın hələ də real perspektivlərə malik olduğunu göstərir. Davamlı proses olan Azərbaycan postmodernizmi nəinki tərəfdarlarını, hətta yeni-yeni yaradıcılarını, fərqli janrlarını yaratmaqla ədəbi cərəyan şəklində görünməyə başlamışdır. Kamal Abdulla, İlqar Fəhmi, Firuz Mustafa, Həmid Herisçi, Murad Köhnəqala, Seymur Baycan, Nərmin Kamal, Aqşin Yenisey, Qanturalı, Kəramət Böyükçöl, Fərid Hüseyn və başqaları postmodernizm ədəbiyyatını təmsil etməkdə davam edirlər.

Bundan başqa, məlum olduğu kimi, ədəbiyyatşünaslıq elmində haqqında söz açılmasa da, XIX-XX əsrlərdə Azərbaycan ədəbiyyatının tarixində magik realizm əlamətləri mövcud olmuşdur. Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” povestində, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” dramında, Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” romanında magik realizmə məxsus hadisələr, təsəvvürlər, münasibətlər canlandırılmışdır. Lakin XX əsrin səksəninci illərindən etibarən xalq yazıçısı İsa Hüseynovun yaradıcılığındakı ciddi dönüş bu istiqamətdə yaranan ədəbiyyatın dini təmayülçülüyə meyl edən mistik realizmdən tədricən uzaqlaşaraq özündə inanclarla yanaşı, mifoloji baxışı, folklor motivlərini, cəmiyyət hadisələrində ideal axtarmaq meyllərini də birləşdirərək magik realizmə çevrilməsi nəticəsində yeni nəfəs qazanmasını təmin edə bilmişdir. İsa Muğannadan başqa, Yusif Səmədoğlu, Mövlud Süleymanlı, Afaq Məsud, Şəmil Sadıq da magik realizmin ədəbiyyatda fərqli çalarlarını, milli təzahürlərini əks etdirən yaddaqalan əsərlər yaratmışlar. XXI əsrin əvvəllərində magik realizmin şəbəkəsinin genişlənməsi onu ədəbi cərəyan müstəvisinə çıxarmışdır. Lakin ədəbi cərəyan üçün zəruri şərtlərdən olan lider, yaxud ideal şəxsiyyət mənasında bu axının əsaslarını yaratmış xalq yazıçısı İsa Hüseynovun dünyasını dəyişməsi ilə Azərbaycan magik realizmində davamlılıq prosesi zəifləmişdir.

XX əsrin doxsanıncı illərində cəmiyyətdə yaranmış  ümidsizlik, çaşqınlıq, çöküş, böhran əhval-ruhiyyəsi üstündə köklənmiş dekadentizm Vaqif Səmədoğlu, Ramiz Rövşən, Seyran Səxavət, Vaqif Bayatlı Odər, Rüstəm Behrudi, Qulu Ağsəs, Akif Səməd, Sabir Sarvan və başqaları kimi müxtəlif ədəbi nəsilləri təmsil edən yazıçıların timsalında ədəbi cərəyan səviyyəsinə qalxmışdır. Lakin Azərbaycan cəmiyyətində çöküş dövrü, böhran halları artıq arxada qaldığı, ölkədə böyük inkişaf prosesləri getdiyi üçün ədəbiyyatda dekadentizmin meydanı daralmışdır. Dekadans şairlərin indi mənəviyyatdakı çöküş proseslərindən bəhs edən əsərlər yazmaları da uzun müddətli perspektiv vəd etmir. Tədricən hiss olunur ki, dekadentizm ədəbi cərəyanı simvolizmi və ya yeni romantizmi doğurmaq istiqamətində inkişaf edir.  Hər halda dekadentizmdən romantizmə keçid prosesi müşahidə olunsa da, hələlik yeni romantizmin ədəbi cərəyana çevrilmək iddiasında olduğu görünmür. Bu ədəbi cərəyanın taleyini dekadans şair və yazıçıların romantizmə və ya simvolizmə doğru inkişafındakı ağırlıq nöqtəsi müəyyən edəcəkdir.

Müstəqillik dövründə Azərbaycan ədəbiyyatında ən davamlı ədəbi cərəyan kimi tənqidi realizm çıxış edir. XX əsrin altmışıncı illərindən etibarən yeni ədəbi nəsil keçən yüzilliyin əvvəllərində meydana çıxıb, böyük ədəbiyyat şedevrləri yaratmış tənqidi realizm ədəbi cərəyanının və həm də bu axının böyük yaradıcısı Cəlil Məmmədquluzadənin adı ilə bağlı olan ənənələri müasir şəraitə uyğun olaraq  yenidən yaradıcılıqla “bərpa” etmişdir. Bununla da “tənqidi realizm istər fəlsəfədə, istərsə də bədii yaradıcılıqda formalaşdırdığı modellərlə təkcə XX əsrin başlanğıcının yox, onun davmının da aktual yanaşması” (Tahirə Məmməd) olduğunu bir daha sübuta çatdırmışdır. XX əsrin əvvəllərinin “kiçik adam”ının yeni zamandakı davamçıları olan Məmmədnəsirlər və Balaqədeşlər “altmışıncıların” ədəbiyyatında zühur etmişdir. İnsan ideoloji statusu ilə yox, gerçək adi həyatı və dərin mənəviyyatı ilə ədəbiyyatda canlandırılmışdır. Bir qədər sonra, yetmişinci-səksəninci illərdə artıq cəmiyyətin vəsfi, tərənnümü deyil, real təzahürləri və tənqidi dərki hətta siyasi sistemin dəyişmə, yeniləşmə zərurəti ədəbiyyatda öz əksini tapmışdır. Əslində, bu xüsusiyyətlərin heç biri “məzmunca sosialist ədəbiyyatı” olan, sosialist realizmi ilə tam səsləşmirdi. Bunları həqiqətən tənqidi realizm ədəbiyyatı nümunələri, tənqidi realizm ədəbiyyatı adlandırmaq sovet ədəbiyyatının vahid yaradıcılıq metodu olan sosialist-realizmi mühitində odla oynamaq demək olardı. Ona görə də Azərbaycan ədəbiyyatının yeni dövr tənqidi realizmini ilk olaraq təmsil edən “altmışıncılar” və onların ardınca yetmişincilər sosialist realizmini inkar etmədən, yaxud yeni bir ədəbi cərəyan yaratdıqlarını bəyan etməyərək, tutduqları gerçəkçi ədəbiyyat yolunu davam etdirmişlər. Bu proses 70-90-cı illərdə Azərbaycanda Heydər Əliyev epoxası dövründə ölkədə yaranmış münbit şəraitlə əlaqədar olaraq daha da dərinləşmiş və yeni bir keyfiyyət halına gəlmişdir. Müstəqillik dövründə də yaradıcılıqlarını uğurla davam etdirən “altmışıncılar” və “yetmişincilər”, habelə artıq onlarla birlikdə addımlayan yeni ədəbi nəsillər Azərbaycan tənqidi realizminin cəbhəsini genişləndirmişlər. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında klassik “altmışıncılar” ədəbi nəslinin görkəmli nümayəndələri olan xalq yazıçıları Anar və Elçin, xalq şairi Fikrət Qoca, Məmməd Aslan ilə, yetmişincilər ədəbi nəslini təmsil edən xalq şairi Sabir Rüstəmxanlı, Çingiz Abdullayev, Fərman Kərimzadə, Hidayət, Firuzə Məmmədli, Natiq Rəsulzadə, Xeyrəddin Qoca, Rafiq Yusifoğlu, Mustafa Çəmənli, Çingiz Əlioğlu, Aqil Abbas, Hamlet İsaxanlı, Məmməd Oruc, müstəqilliyin yetirmələri olan Rəşad Məcid, Əjdər Ol, Yunus Oğuz, Əlabbas, Sara Oğuz, Səyyad Aran, Əhməd Qəşəmoğlu, Elçin Hüseynbəyli, Aslan Quliyev, Şərif Ağayar, Adil Cəmil, Ənvər Əhməd, Xanəli Kərimli, Azad Qaradərəli, Barat Vüsal, Məmməd Alim və başqaları ilə birlikdə yeni dövr Azərbaycan tənqidi realizmini inkişaf etdirir, həmin istiqamətdə yazdıqları ciddi bədii əsərlərlə bu ədəbi cərəyanı forma və məzmunca daha da zənginləşdirirlər.

Konkret tarixi şəraitdə eyni bədii metod mövqeyindən çıxış edən ədəbi cəbhənin  genişlənməsi müstəqillik dövrü Azərbaycan ədəbiyyatında yeni tipli tənqidi realizm cərəyanını formalaşdırmışdır. Klassik tənqidi realizmdən fərqli olaraq, müasir dövrün tənqidi realizm ədəbi cərəyanı ifşa yolu ilə getməyərək müasirlik mövqeyindən cəmiyyətin dərin və əsaslı bədii dərkini meydana qoyur, yeni insanın gerçək obrazlarını yaradır, müasir cəmiyyətə və insan mənəviyyatına zərər gətirən, milli-mənəvi dəyərlərə zərbə vuran hallara qarşı çıxış edir, müasir inkişafa təkan verirlər. Bu mənada yeni mərhələ üçün “tənqidi realizm” anlayışındakı “tənqid” sözü real olaraq tənqidi realizmin klassik təyinatındakı eyni ifadənin daşıdığı mənanı tam əks etdirmir. Ona görə də müstəqillik dövrünün tənqidi realizminin xarakterinin müəyyən edilməsi ədəbiyyatşünaslıq elminin qarşısında duran mühüm vəzifələrdəndir. Əlbəttə, bu təyinatın müəyyən olunması müstəqillik dövrü Azərbaycan ədəbiyyatının bu qolunun xüsusi olaraq əsaslı şəkildə tədqiq edilərək süzgəcdən keçirilməsi ilə dəqiqləşdirilə bilər. Bununla belə, düşünürük ki, yeni tarixi epoxanın tənqidi realizmin kəskin tənqid və ifşa üsullarına istinad etmədiyi üçün “gerçəkçi realizm” adlandırılmasi mümkündür. Doğrudur, realizm anlayışının özü də lüğəti mənada gerçəklik deməkdir. Lakin buradakı realist yox, realizm ifadəsi artıq sadəcə gerçəkliyin obyektiv təsvir edilməsini deyil, mövcud reallıqların mahiyyətini əks etdirən ədəbi cərəyan mənasını ifadə edə bilər. Bu baxımdan gerçəkçi realizm - ədəbiyyatada həyatı, insanı, cəmiyyəti obyektiv meyarlarla əks etdirən, dərindən qavramağa kömək edən, irəliyə doğru hərəkata təkan verən ədəbi cərəyan kimi başa düşülməlidir. Bu isə öz növbəsində ölkədə müstəqil dövlət quruculuğu prosesinin daha da inkişaf etdirilib möhkəmləndirilməsində, yeni insanın formalaşdırılmasında müasir tipli tənqidi realist ədəbiyyatın yaxından iştirak etdiyini nümayiş etdirir.

Son illərin ədəbiyyatşünaslıq elmində müasir dövrün tənqidi realizminin “yeni realizm” adlandırılması faktları da nəzərə çarpır. Klassik neorealizmdən fərqli olaraq, müasir dövrün “yeni realizmi” ultra modernist xarakteri ilə yox, ictimai-siyasi mühitin yeniləşdirilməsinə müdaxiləsi ilə səciyyələnən realizm tipi kimi çıxış edir.  Lakin nəzəri fikir bu məqamda realizmin yox, tarixi prosesin dəyişməsindən doğan yeniliyin daha öndə olduğunu qəbul etməklə əslində, “yeni realizm” anlayışını çıxdaş edir. Son dövr nəzəriyyəçilərinin fikrincə, bu halda “yeni realizm” həyata münasibət etibarilə “məişət realizmi” formatı alır. Belə qənaətlərdən birində çıxış yolu kimi obrazlı şəkildə “yeni realizm özü üçün geniş yol aça bilmədi, ancaq yaratdığı döngələrdən bir neçə yollar meydana çıxdı. Bir qədər şərti də olsa həmin yolları (istiqamətləri) məsələn, liberalizm, vətəndaşlıq və ya naturalizm adlandırmaq olar” (Andrey Timofeyev). Deməli, yeni epoxanı təsvir etdiyinə görə meydana çıxan “yeni realizm” hələlik özünün fərqli sənət konsepsiyasını formalaşdıra bilməmişdir.

Müstəqillik dövrünün tənqidi realzimi əslində, klassik tənqidi realizmin XX əsrin altmış-yetmişinci illərində müasirləşdirilməsi əsasında yenidən formalaşdrılmış realizm tipinin bədii irdakdakı inkardan çox təsdiq ruhu ilə səciyyələnən yeniləşmiş modelidir. Ona görə də müasir dövrün tənqidi-realist ədəbiyyatı yeni tənqidi realizm kimi çıxış edir. Bundan başqa, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında hələ ki, ədəbi cərəyan səviyyəsinə qalxmasa da, sürrealizm, postromantizm, sentimentalizm meylləri də müşahidə olunur. Bu inkişaf meyllərindən hansının müstəqil ədəbi cərəyana çevriləcəyini Zaman və ədəbi prosesin gedişatı həll edəcəkdir.

Göründüyü kimi, müstəqillik dövrünün çoxmetodlu Azərbaycan ədəbiyyatı azərbaycançı mövqeyi, forma və məzmun yeniliyi, cəmiyyətə, insana gerçək münasibəti ifadə etməsi və fərqli ədəbi cərəyanların, bədii metodların və üslubların meydanının genişlənməsi ilə çoxəsrlik milli ədəbi fikrin tarixində yeni mərhələdir.

Ədəbi prosesin sürəkli təbii axarı cərəyanlardan və üslublardan hansıların ölkə ədəbiyyatında yaşamaq, sabitləşmək haqqına malik olduğunu üzə çıxarır. Bir-birini tamamlayan və yanaşı addımlayan ədəbi cərəyanların və üslubların təkamülü ədəbi mühitin və yaradıcılıq proseslərinin inkişafının demokratik xarakterini nümayiş etdirir. Bu, müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatının gerçək simasıdır.  Qeyd edilən ədəbi cərəyanları təmsil edən yazıçılar bədii forma və üslub müxtəlifliyi cəhətdən bir-birlərindən fərqlənsələr də, onları ölkə maraqları və milli mənafelər, insanı dərk və kəşf etmək qayəsi birləşdirir. Beləliklə, artıq ölkəmizdə müstəqilliyin doğurduğu böyük idealları təsvir və tərənnüm edən çoxsəsli Azərbaycan ədəbiyyatı yaranıb inkişaf edir.


Müstəqillik dövrünün çoxmetodlu Azərbaycan ədəbiyyatı milli ədəbiyyatın böyük örnəklərini meydana qoyur, dünya təcrübəsinə və ölkə reallıqlarına əsaslanmaqla çoxəsrlik Azərbaycan ədəbiyyatını yeni mövzular, cəlbedici bədii formalar, fərqli obrazlarla daha da zənginləşdirməyə uğurla xidmət edir. 

525-ci qəzet

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015