AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
"Folklorun sosial aspektləri: kommunikasiya və virtual ənənə" adlı konfrans keçirilib
Dek 28, 2017 | 11:54 / Konfranslar, iclaslar
Oxunub 315 dəfə

Dekabrın 28-də AMEA-nın Əsas binasında Folklor İnstitutunun təşkilatçılığı ilə "Folklorun sosial aspektləri: kommunikasiya və virtual ənənə" mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli  qeyd edib ki, Azərbaycan folklorşünaslığı son illər ictimai-humanitar elmlər içərisində nəzəri-metodoloji araşdırma istiqamətlərinin müasir dünya standartlarına uyğunlaşması baxımından intensiv inkişafda olan elm sahələrindəndir. Xalqımızın milli-mənəvi dəyərləri, dövlətçilik təfəkkürü və etnik özünəməxsusluğunu bütöv mədəni sistem səviyyəsində təcəssüm etdirən folklorun müasir nəzəri-metodoloji prinsiplər əsasında araşdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Folkloru zəngin mədəniyyət xəzinəsi olaraq xarakterizə edən akademik Teymur Kərimli onun mahiyyətinin tam üzə çıxarılması üçün multidissiplinar və sosioloji aspektdən araşdırılmasının vacibliyindən danışıb. Akademik Teymur Kərimli vurğulayıb ki, müasir qloballaşma şəraitində, xüsusən informasiya cəmiyyətinə keçid dövründə folklorun sosial aspektlərini kommunikativ və virtuallıq baxımından tədqiq etmək xüsusi elmi aktuallıq kəsb edir.

Konfransda Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu çıxış edərək son illər institutun mühüm elmi istiqamətlərindən birini folklorşünaslığın nəzəri-metodoloji problemlərinin yeni elmi paradiqmalar şəklində araşdırılmasının təşkil etdiyini deyib. O bildirib ki, folklor kimi mürəkkəb mədəniyyət fenomeninin ümumnəzəri izahı ilə bağlı sovet dövründə formalaşmış elmi stereotiplər hazırda folklorun sosial-mədəni mahiyyətinin öyrənilməsi üçün yetərli deyil. Folklorun onu yaradan xalq, sosial mühit əsas götürülməklə araşdırılmalı olduğunu deyən natiq burada sosial və mədəni proseslərin bir-biri ilə qarşılıqlı əlaqədə olacağını vurğulayıb. Bu tədbirin folklorun sosial aspektlərinə həsr edilməsinin xüsusi elmi mahiyyət daşıdığını söyləyən akademik folklora kommunikativ baxışın vacib olduğunu dilə gətirib.

Akademik bildirib ki, hazırda Azərbaycan folklorşünaslığında diqqəti cəlb edən əsas elmi tendensiyalardan biri multidissiplinarlıqdır. Folklora bu cür yanaşmada sosioloji aspektin mühüm yer tutduğunu deyən akademik bu elm sahəsinin bütün hallarda xalq həyatı, məişəti və davranışı ilə bilavasitə bağlı olduğunu söyləyib. Alim folklorun sosioloji aspektən araşdırılmasının, xüsusən onun fərd-fərd və fərd-cəmiyyət münasibətləri formasında kommunikativ funksiyasının öyrənilməsinin zəruriliyindən bəhs edib.

Tədbirdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Məmmədov çıxış edib. O bildirib ki, son illər Akademiyada, ictimai-humanitar elmlər sahəsində həyata keçirilən tədbirlər, xüsusən dünyanın çağırışları ilə səsləşən yeni elmi prioritetlərin aktuallaşması təhsil prosesinə də müsbət təsirini göstərməkdədir. Elçin Məmmədov humanitar elmlər və folklorşünaslıqdakı yeni araşdırma nəticələrinin təhsilə təsiri üçün elm və təhsilin inteqrasiyasının bundan sonra da davam etdirilməli olduğunu vurğulayıb.

Konfransda filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri "Kommunikasiya folklorun funksional strukturunun sosial şərti kimi" adlı məruzə ilə çıxış edib. Folklorşünaslıqda "kommunikasiya" anlayışının elmi tədqiqatın mərkəzi predmeti olaraq araşdırılmasının nəzəri-metodoloji yanaşma konteksti ilə şərtləndiyini deyən natiq bunun dünya nəzəri folklorşünaslığında "icra mərkəzli folklorşünaslıq paradiqması", "kontekstualizm", "performans" və s. yeni elmi paradiqmalarla bağlı olduğunu ifadə edib. Yeni elmi paradiqma aspektindən yanaşdıqda yalnız mədəni deyil, sosial-mədəni sistem kimi nəzərdən keçirilməsi zəruri olan folklorun strukturunun funksionallığının əsas hərəkətverici qüvvəsi statusunda sosial kommunikasiyanın çıxış etdiyini irəli sürüb.

Məruzədə auditoriya ilə mədəni ənənə arasında, sosium üzvlərinin bir-biri ilə, auditoriyanın mətnlə, eləcə də mətn və mədəni məzmun arasında qarşılıqlı kommunikasiya tipləri üzrə bir sıra elmi mülahizələr irəli sürülür. Məruzəçinin fikrincə, kommunikasiya vasitəsilə idarə olunan folklorda istənilən ənənə keçmişin yeniliyi, istənilən yenilik isə gələcəyin ənənəsi kimi təzahür edir. Məruzədə, həmçinin fərdi və  kollektiv yaddaş arasındakı münasibətlərdə kommunikasiyanın iştirak mexanizmləri sinxron və diaxron funksionallıq aspektlərində nəzərdən keçirilib.

Filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev "Texnokulturoloji mühitdə folklor: virtual ənənə və kommunikasiya" adlı məruzə ilə çıxış edərək qeyd edib ki, müasir dövrdə dünya folklorşünaslığında folklorun sosial aspektlərinin, eləcə də kommunikasiya məsələlərinin öyrənilməsi prioritet mövzulardandır. Xüsusilə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı hesabına virtual mühitin meydana gəlməsi və onun imkanlarının genişlənməsi folklor prosesləri üçün də yeni platforma rolunu oynamaqdadır. Məruzəçi müasir dövrdə İnternetin canlı folklor proseslərinin getdiyi sosiotexnoloji mühit olduğunu vurğulayıb.

Məruzədə virtual məkanda folklorun yaranması, yayılması, variantlaşması məsələləri, müasir sosial-mədəni proseslərdə folklorun kəsb etdiyi yeni mənalar, xalq biliyinin transformasiyası problemləri geniş təhlil olunub. Alim bu gün texnokulturoloji mühitin insanların ünsiyyətinin yeni transformativ məkanı kimi mədəniyyət və texnologiyanın bir-birinə güzəşti əsasında formalaşdığını, bu mühitdə ənənəvi folklorun bəzi keyfiyyətlərinin yeni məzmun qazandığını diqqətə çatdırıb. Hikmət Quliyev virtual mühitdə folklorun öyrənilməsinin aktuallığından bəhs edib, gələcək tədqiqatlar üçün təkliflər irəli sürülüb.

Filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayev "Edip kompleksinin mənayaradıcı gücü: psixoloji konfliktdən sosial-mədəni normalara" adlı məruzə ilə çıxış edib. Öncə psixoanalitik nəzəriyyənin tibbi metoddan sosial-mədəni hadisələri izah edən metoda çevrilməsi prosesinə qısa nəzər salıb. Məruzəçi Ziqmund Freyd, Otto Rank, Geza Roheym, Ernest Cons, Bruno Bettelheym kimi psixoanalitiklərin folklora baxışlarına nəzər salaraq onların yanaşmalarındakı spesifik məqamlara diqqət yönəldib: "Psixoanalitiklərin folklora yanaşmalarında əsas tədqiqat obyekti kimi psixoloji proseslər müəyyənləşdirildiyinə görə bu tədqiqatlarda folklorun bir çox cəhətləri gözardı edilib. Alan Dandes tərəfindən psixoanalitik metod folklor üçün uğurlu modifikasiya olunub. Bu kontekstdə Edip kompleksi anlayışına aydınlıq gətirərək demək istəyirəm ki, o, Edip süjetindən fərqli hadisədir". Səfa Qarayev bildirib ki, Edip süjeti dedikdə, birbaşa olaraq Edip dramında olduğu kimi ata-ana-övlad üçlüyü arasında "naməlumluq" kontekstində insest faktını özündə ehtiva edən folklor hadisələri nəzərdə tutulur. Bu süjet Aarne_Tomson kataloqunda 931 nömrəsində kodlaşıb. Alim qeyd edib ki, Edip süjetindən fərqli olaraq, Edip kompleksi nevroz və digər tipli psixoloji yaşantılarda, insanın yuxu, qarabasma kimi qeyri-şüuri fəaliyyətlərində, onun inkişafının 3-5 yaşarası mərhələsində, yaradıcılıq aktlarında və s.-də özünü büruzə verən psixoloji prosesdir. Məruzəçi vurğulayıb ki, bu kompleks folklorda vahid deyil, müxtəlif forma və məzmunlarda, konflikt səviyyələrində özünü büruzə verə bilən psixoloji hadisədir.

Sonda çıxış edən filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyev "Şifahi ünsiyyət prosesində folklorun semantikası" probleminə diqqəti yönəldib. Qeyd edib ki, folklor faktlarının daha dərin təbiəti canlı ünsiyyət prosesində aşkarlana bilər. Çünki onun mahiyyəti məzmunla, mədəniyyətin dərin kökləri ilə qarşılıqlı əlaqədədir. Alimin irəli sürdüyü nəzəri qənaətlər onun canlı folklor prosesindən topladığı kontekstual məlumatlar əsasında izah olunub. Vurğulanıb ki, folklorun toplanması prosesində kontekst barədə məlumatlar dəqiq qeydə alınmalı və sonrakı tədqiqatlar üçün baza rolunu oynamalıdır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015