AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Hüseyn Cavidin vəfatının 76-cı ildönümü qeyd olunub
Dek 05, 2017 | 09:37 / Konfranslar, iclaslar
Oxunub 23 dəfə

AMEA Hüseyn Cavidin Ev Muzeyində görkəmli şair, dramaturq Hüseyn Cavidin vəfatının 76-cı ildönümü münasibətilə anım tədbiri keçirilib.

Anım mərasimində cavidşünas alimlər, həmçinin ictimai xadimlər və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı çıxış edərək Hüseyn Cavidin keşməkeşli həyat yolundan, zəngin ədəbi yaradıcılığından bəhs edib. Bildirib ki, Hüseyn Cavid 1941-ci il dekabr ayının 5-də Rusiyanın İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində 59 yaşında vəfat edib və onun ölümü haqqında şəhadətnamə ailəsinə yalnız 7 il sonra təqdim olunub. G.Babaxanlı Hüseyn Cavidə əsl bəraətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini və onun nəşinin 26 oktyabr 1982-ci ildə Uzaq Sibirdən Azərbaycana gətirildiyini söyləyib. Alim ulu öndər Heydər Əliyevin göstərişi ilə Hüseyn Cavidin Bakıda və Naxçıvanda ev muzeylərinin yaradıldığını, Naxçıvandakı məzarı üzərində məqbərə ucaldıldığını diqqətə çatdırıb.

Muzey direktoru romantizm cərəyanının dramaturqun yaradıcılığında xüsusi yer tutduğunu və ədibin əsərlərində qoyduğu problemlərin öz aktuallığını bu gün də saxladığını vurğulayıb.

Sonra qonaqlar muzeyin “Cavidin faciəsi” otağında yer alan dəyərli eksponatlarla tanış olublar.

Sonda H.Cavidin nəşinin vətənə gətirilməsini əks etdirən “Qayıdış” filmi və onun müxtəlif illərdə çəkilmiş fotolarından ibarət slayd nümayiş etdirilib. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015