AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ədəbiyyat tarixçiliyi: universal akademizmdən akademik universaliyaya. AKADEMİK İSA HƏBİBBƏYLİNİN "ƏDƏBİ ŞƏXSİYYƏT VƏ ZAMAN" KİTABINDAN QAYNAQLANAN DÜŞÜNCƏLƏR
Noy 24, 2017 | 10:56 / Müsahibələr, çıxışlar
Oxunub 45 dəfə

Tehran ƏLİŞANOĞLU

(Əvvəli ötən sayda)

Akademik İsa Həbibbəyli Məmməd Səid Ordubadi haqqında oçerkini "Böyük ədəbiyyat nəhəngi" adlandırır və lap yaxınlaracan sovet yazıçıları sırasında andığımız ədibi dünya ədəbiyyatının "nəhəng"lərindən biri - Lev Nikolayeviç Tolstoyla yanaşı gətirməklə yenidən kəşf edir: "Böyük Lev Tolstoy rus ədəbiyyatının tarixində malik olduğu səviyyə etibarilə hansı yeri tutursa, Məmməd Səid Ordubadi də Azərbaycan ədəbiyyatında həmin mövqeyə sahibdir.
 
Məmməd Səid Ordubadinin məşhur tarixi romanları, xüsusən "Dumanlı Təbriz", "Qılınc və qələm" özünün monumentallığına, əzəmətinə görə, epoxanın eposunu yaratmaq xüsusiyyətlərinə görə Lev Tolstoyun "Hərb və sülh" romanı ilə müqayisə oluna bilər...".

Yaxud Xalq şairi Səməd Vurğunun xalq arasında olan "xalqın şairi" kultunu bir daha təsbit etməklə ("Xalq şairi Səməd Vurğun haqqında söz"), daha bir - "Akademik Səməd Vurğun" adlı geniş tədqiqatında İsa Həbibbəyli şairi həmçinin, yeni  rakursdan - hərtərəfli humanitar biliyə malik fitrətən alim kimi kəşf edir, AMEA-nın təsisçilərindən biri olmasının heç də təsadüfi olmadığını zəngin faktlar və məntiqi dəlillərlə isbata yetirir: "Səməd Vurğun üçün ədəbiyyat və elm cəmiyyəti irəli aparmağın, insanı daha da inkişaf etdirməyin böyük vasitəsidir. Səməd Vurğunun elmdən qidalanan əsaslı yazıçı sözü respublikada ədəbiyyatın yüksəlişinə təkan vermişdir. Onun ədəbi təcrübədən, yazıçı təxəyyülündən gələn idealları nəzəri səviyyədə ifadə etməsi elmi intellektual düşüncənin yetkinliyində, dərinliyində öz əks-sədasını tapmışdır. Bu dərin, yetkin və həm də emosional düşüncənin doğurduğu ideyalar nəticə etibarilə cəmiyyətin sözü səviyyəsində ümumiləşmişdir".

XX əsr dünya ədəbiyyatının bestsellərindən olan "Əli və Nino" romanını Azərbaycan ədəbiyyatına yalnız müstəqillik illəri qaytara bilmişdir. Akademik İsa Həbibbəyli daha bir addım atır. "Məhəmməd Əsəd bəy dünyası və Orxan Aras" məqaləsində romanın müəllifi Qurban Səid imzasının arxasında duran, "barəsində haqlı-haqsız mübahisələrin kəsilmədiyi" Məhəmməd Əsəd bəyin də, geniş həyat və yaradıcılıq materialları əsasında, milli ədəbiyyat tarixində birdəfəlik yerini müəyyənləşdirir: "Əsərlərindən görünür ki, Qurban Səid - Məhəmməd Əsəd bəy üçün Azərbaycan hər şeydən üstün olmuşdur. "Əli və Nino" romanı Azərbaycan haqqında Avrasiya təfəkkürü ilə yazılmış möhtəşəm bədii əsərdir. Bundan başqa, Məhəmməd Əsəd bəy - Qurban Səid Azərbaycan ədəbiyyatının ən mükəmməl romançı-bioqrafıdır. Roman-bioqrafiyanı, yaxud bioqrafik romanı Məhəmməd Əsəd bəy - Qurban Səid ardıcıl olaraq dalbadal yazdığı əsərlərlə Avropa miqyasında inkişaf etdirmiş, bu janrı daha da populyarlaşdırmışdır. O, Avropanın və ümumən dünya ədəbiyyatının məşhur bioqraflarından biri kimi tanınır. Bu, Azərbaycan ədəbiyyatının fəxri ola biləcək görkəmli bir yazıçı olmaq deməkdir. Bütövlükdə Məhəmməd Əsəd bəy Azərbaycan mühacirət ədəbiyyatının qüdrətli yaradıcılarındandır..."

Müasir humanitar elm iqrar edir ki, tədqiqatçının tədqiqat predmetini daha yaxından duyması həm də onun öz bioqrafisinin faktları ilə bağlıdır. Məsələn, Hans-Ulrix Humbrext yazır ki, ilk dəfə dörd yaşında valideynlərindən "ekzistensializm" sözünü eşitməsi onun sonrakı ekzistensializm araşdırmalarının dolayısı təkanvericisi olmuşdur (bax: Hans-Ulrix Humbrext, "Müasir tarix" dəyişən xronotopun indisində // Tənqid.net jurnalı, № 5, 2008, s. 205). Bioqrafik faktorun əhəmiyyətini akademik İsa Həbibbəylinin yaradıcılıq stixiyasında da müşahidə edirik. Alimin böyük ədəbiyyata təması və böyük elmə yolu ilk növbədə doğulub boya-ərsəyə çatdığı Naxçıvan torpağından güc alır. Bu, ədəbiyyatımıza həmincə: Cəlil Məmmədquluzadə, Məmməd Tağı Sidqi, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Məhəmməd ağa Şahtaxtlı, Eynəli bəy Sultanov kimi böyük realistləri və maarifçiləri, Hüseyn Cavid, Məmmədcəfər Cəfərov ("Yeni dövr ədəbiyyatşünaslıq məktəbinin banisi"), Məmməd Araz ("Xalq şairi Məmməd Araz") kimi böyük romantiklər və sarsılmaz mənəvi iradə sahiblərini vermiş, habelə müasir yazıçı və şairləri - Hüseyn İbrahimovu ("Şəxsiyyətin və sənətin bütövlüyü"), İslam Səfərlini ("Romantik pafosdan lirizmə. İslam Səfərli"), Əyyub Abbasovu ("Əyyub Abbasov"), Cavad Cavadlını ("Ədəbiyyat və mətbuat cəbhəsində"), Elman Həbibi ("Günəş doğan yerdə poeziya"), Rüstəm Behrudini ("Bütövlük və genişlik"), Asim Yadigarı ("Vətəndaşlıq mövqeyi, plyus lirizm")...   yetirən həmin o münbit mədəni mühitdir ki, bu gün İsa Həbibbəylinin akademik qələmində bir daha dilə gəlib danışır, zamanın sözünü, tarixin həqiqətlərini söyləyir. Və bir anlıq tədqiqatçının nəzərləri ilə ədəbiyyat tarixinə ən yaxından və ən qədimdən - Nuhçıxandan baxanda bir çox səhifələr yenidən və bir başqa görünür.

Bu yerdə, həmçinin, İsa Həbibbəylinin tükənməz Mirzə Cəlil sevgisini də anmaq gərəkir; yada salaq akademik elmdə ilk parlaq qələbəsi - "Cəlil Məmmədquluzadə. Mühiti və müasirləri" monoqrafiyasının (Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1997) əks-sədasını... Eyni torpağın suyunu içib havasını bölüşdüyü mütəfəkkirin iziylə gedib, bu yol akademiki birbaşa çağdaş dünyaya çıxarır. Mənəvi varis olaraq, Cəlil Məmmədquluzadənin əsərlərini hər il dünya dillərinə çevirtdirib, geniş ön söz və tanıtımlarla - urdu, gürcü, Litva, macar dillərində çap etdirməsi akademik İsa Həbibbəylinin mirzəcəlilşünaslığa böyük töhfəsi, eyni zamanda, vətəndaşlıq hünəridir. Bu baxımdan alimin kitabda yer alan "Böyük demokrat Cəlil Məmmədquluzadə" adlı növbəti tədqiqatı həm informativ əhatəsi və fakt zənginliyi, həm də elmi sanbalı, müasir yanaşma metodologiyası ilə ədəbiyyat tarixçiliyinə örnək olası misallardandır.

Akademik İsa Həbibbəylinin tədqiqatçı kimi ağırlığını şərtləndirən, təmin edən digər bir önəmli faktor - klassik ədəbiyyatşünaslıq tərbiyəsi almasıdır. Yeri gəldikcə adlarını andığı və isnad etdiyi Məmməd Cəfərdən - dərin nəzəri fəhm, Həmid Araslıdan - israrlı tədqiqat əzmi, Əziz Mirəhmədovdan - əlahəzrət faktın həqiqəti, Yaşar Qarayevdən - miqyaslı kontekst yanaşması akademikin predmetə, tekstə, mətnə münasibətində öyrəndiyi cəhətlər, tədqiqatçılıq xasiyyətini təyin edən əlamətlərdir. Onun hər bir tədqiqatında əsaslı nəzəri bilgi (nəzəriyyə), gərgin axtarışlardan hasil olan araşdırma nəticələri (tarix) və müasir dəyərləndirmə prizması (tənqid) hakimdir. Bununla belə, İsa Həbibbəylinin akademik dəst-xəttində heç bir filoloq-alimdə olmadığı qədər təxəyyül genişliyinə də yer var; mülahizələrində fakt həqiqətindən doğan fərziyyələr tarixin məntiqi ilə uyuşur, vəhdətdə çıxış edir.

"Nizami Gəncəvi: Azərbaycandan dünyaya" məqaləsində alim ədəbiyyat tarixçiliyində mövcud olan bir ehtimalı xatırladır: "Memarlığın daş "Xəmsə"sini yaratmış Əcəmi Naxçıvaninin söz sənətinin "Xəmsə"sinin qüdrətli yaradıcısı ilə görüşməsi bu iki böyük dühanın bir-birinə hörmət və ehtiramının ifadəsi olardı. Eyni əsrdə vahid ölkə daxilində yaşayan bu qədər nəhəng sənətkarların bir-birini görməyə, tanımağa ehtiyac duymamaları qeyri-mümkündür. Hər ikisinin Atabəylər dövlətinə yaxın olmaları da onların görüşünü şərtləndirir". Və həmin görüşün məhz harada (Naxçıvan şəhərində) və nə vaxt ("daha çox XII əsrin səksəninci illərinin ikinci yarısında") mümkünlüyünü məntiqi dəlillərlə yerinə qoyur.

Bu baxımdan akademik İsa Həbibbəylinin ədəbiyyat tarixçiliyində sanki "Mendeleyev cədvəli"nə xas boşluqları ləğv etmək, tədqiqatçıların üzə çıxardığı  gerçək, lakin hələ gərəyincə kəşf olunmamış faktları, hadisələri, ədəbi şəxsiyyətləri məntiqi sırasına otuzdurmaq əzmi müşahidə olunur. Məsələn, Azərbaycan ədəbiyyatının nə zamandır gah "gecikmiş orta əsrlər" və gah da "yeni dövrün başlanğıcı" kimi öyrənilən tarixi əraziləri (XVII-XVIII əsrlər, XIX əsrin əvvəlləri), Cəfər Cabbarlının bircə dəfə müəyyənləşdirdiyi "Füzuli tilsimi"nin tilsimindən qurtula bilmirdi. "Erkən yeni dövr" deyə təyinat verdiyi həmin epoxanın tarixi missiya və  parametrlərini akademik iki aparıcı tendensiya və ədəbi şəxsiyyətin - Saib Təbrizi ("Klassik poeziyada yeniləşmə meyilləri və Saib Təbrizi") və Molla Pənah Vaqifin timsalında ("Molla Pənah olan şair") təsbit etməklə milli ədəbiyyatın öz inkişaf məntiqini "bərpa" etmiş olur, hələ nə qədər də yeni tədqiqatlara zərurəti ortaya çıxarır. "Beləliklə, XVII əsr ədəbiyyatı Məhəmməd Füzuli ilə Molla Pənah Vaqif arasında mühüm bir körpü funksiyasını yerinə yetirmişdir... Aydın surətdə görünür ki, XVII əsrdə  ədəbiyyatın həyatiləşməyə doğru prosesləri genişlənmişdir. Ona görə də ədəbiyyat XVII əsrin epik-didaktik meyillərini yaşamadan, birdən-birə realist şeirə keçə bilməzdi. Bu mənada XVII əsr Azərbaycan poeziyasına Məhəmməd Füzuli lirikasının davamı olmaqla bərabər, həm də Molla Pənah Vaqif şeirinin əvvəli kimi baxmaq lazımdır. Bu, Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və əhəmiyyəti olan xüsusi bir mərhələdir".

"Ədəbi şəxsiyyət və zaman" kitabında Azərbaycan ədəbiyyatının min illik mündəricə və gəlişmələri ayrı-ayrı problemlər və ədəbi şəxsiyyətlər ətrafında nəzərdən keçirilsə də, qeyd olunduğu kimi, konseptual bütövlükdə təqdim olunur. Kitabda ədəbiyyatşünaslığın bir çox janrlarında: nəzəri problem məqalə ("Mirzə Fətəli Axundzadənin ədəbiyyat nəzəriyyəsi görüşləri və "nazimi-ustad" məsələsinə yenidən baxış", "Molla Nəsrəddin" və füyuzatçılar", "Məhəmməd Hadi yaradıcılığının sənətkarlıq xüsusiyyətləri", "Yeni dövr ədəbiyyatşünaslıq məktəbinin banisi"), həyat və yaradıcılıq oçerki ("Mirzə Ələkbər Sabirimiz", "Hüseyn Cavid və sənəti", "Məsləki tərcümeyi-halı olan şair", "Əliqulu Qəmküsarın ədəbi taleyi: sənətdə və həyatda", "Ustad Məhəmmədhüseyn Şəhriyar" və s.), monoqrafik tədqiqat ("Böyük demokrat Cəlil Məmmədquluzadə", "Akademik Səməd Vurğun", "Böyük ədəbiyyat nəhəngi"), ədəbi portret ("Marağalı Əvhədi", "Cahana sığmayan şair", "Molla Pənah olan şair", "Xoş gördük, Mirzə Fətəli Axundzadə", "Milli istiqlal şairi Bəxtiyar Vahabzadə" və s.), esse ("Ədəbiyyat və zaman", "Məhəmməd Füzuli yaradıcılığında aşiq"), publisist araşdırma ("Rəşid bəy Əfəndiyevin iki məktubu", "Firidun bəy Köçərlinin Qoridən yazılmış məktubları" və s.), ədəbiyyatşünaslıq resenziyası ("Eynəli bəy Sultanov kimdir sualının ilk elmi cavabı"), yubiley oçerki ("Nizami Gəncəvi haqqında söz", "Ədəbiyyatda milli istiqlal (Məhəmməd Əmin Rəsulzadə)", "Vətən həsrətli Ceyhun Hacıbəyli", "Müstəqillik işığında Əli bəy Hüseynzadə" və s.), ədəbi proses icmalı ("Müstəqilliyin şərəfli yolu və ədəbiyyatı"), portret cizgiləri ("İsa Hüseynovdan İsa Muğannaya: axırıncı əlyazma və bütöv dünya", "Yaş o yaş deyil ki (Fikrət Qoca)") və s. yazıları vahid bir istiqamət - ədəbiyyat tarixçiliyi bir araya gətirir. Belə ki, nə zamandır çoxsaylı mülahizələr və nəzəri sxemlər içərisində dolaşıb-qalan ədəbiyyat tarixçiliyimizə İsa Həbibbəyli sınaqdan çıxmış akademik ölçüləri qaytarır. Ədəbi şəxsiyyətin ədəbiyyat tarixində yeri; həyatının geniş və təfərrüatlı faktları; yaradıcılığının ideya-məzmun istiqamətləri və janrlar üzrə təhlili; ayrı-ayrı yaradıcılıq sahələrində rolu, yenilikçi mövqeyi və poetikası; dövlətçilik (azərbaycançılıq) baxımından ideoloji dəyəri; öyrənilməsinin vacibliyi, aktuallığı, tarixi və problemləri, müasirlik çəkisi və gündəmliyi... - İsa Həbibbəylinin janrından asılı olmayaraq hər bir yaradıcılıq oçerki, arxasında ciddi tədqiqat durmaqla, ədəbiyyat tarixçiliyinin konkret modelini təqdim edir.

Ədəbiyyat tarixçiliyinin predmetini tarix təşkil etsə də, fənnin zərurətini müasirlik diktə edir. Ədəbi şəxsiyyətlər tarixin uzaqlığından keçib məhz müasirlik işığında əsl miqyas və dəyər kəsb edir. Bu baxımdan müasirliyin özünü ədəbiyyat tarixçiliyi meyarları ilə qiymətləndirmək, müasirlərə "müasirlik işığında" dəyər vermək daha çətindir. Bununla belə, akademik İsa Həbibbəyli "Müasirlik işığında" örnək verdiyi: Anar ("Xalq yazıçısı Anar: gerçəkliklə ideal arasında"), Elçin ("Xalq yazıçısı Elçinin özü və sözü"), Nəriman Həsənzadə ("Nəriman Həsənzadənin mənzum-poetik dramaturgiyası"), Yusif Səmədoğlu, Vaqif Səmədoğlu   ("Səmədoğlu ədiblər") portret-oçerklərində akademik ölçülərə eynən riayət etməklə bu dəfə yaradıcı müasirlərimizin tarixi obrazını işıqlandırır, məhz müasirliyin tarixini cızır.

Ümumən, müasirlik və tarixin sərhədlərini təyin etmək, hər bir tarixi mərhələnin bitib müasirliyə adladığı hüdudları müəyyənləşdirmək ədəbiyyat tarixçiliyinin ümdə problemlərindəndir. Xüsusən "müasirliyin tarixi"ni yazanda bu, ikiqat çətin olur, çünki tarixin keçdiyi yolun perspektiv planını təyin etmək lazım gəlir. "Müstəqilliyin şərəfli yolu və ədəbiyyatı" məqaləsində akademik İsa Həbibbəyli ilk dəfə olaraq yaşadığımız müstəqillik dövrü ədəbiyyatının tarixi parametrlərini müəyyənləşdirir; tipoloji xüsusiyyətlərini, təşəkkül və inkişaf yolunu nəzərdən keçirməklə, eyni zamanda, "Müstəqillik andı" adı altında bir sıra ədəbi şəxsiyyətlərə diqqət cəlb edir. "Ədəbiyyatda vətəndaşlıq və professionallıq" (Hidayət), "Elmilik və bədiilik: paralelliklərin vəhdəti" (Kamal Abdulla), "Şair-vətəndaş Sabir Rüstəmxanlı", "Zəlimxan Yaqub sənətinin özünəməxsusluğu", "Yazıçı-publisist Elmira Axundova", "Bütün yönləri ilə yaradıcı (Rəşad Məcid)", "Cəmiyyətin və mənəviyyatın bədii dərki (Hüseynbala Mirələmov)", "Həyati proseslərin axarında (Xeyrəddin Qoca)", "Şairlər günü"ndə Nurəngiz Gün", "Günəş hənirli nəğmələr (İsa İsmayılzadə)", "Bütövlük və genişlik (Rüstəm Behrudi)" və s. kimi yaradıcılıq portretlərində həm də yaşadığımız "müasir tarix" dəyişən dünya kontekstində bütün rəngarəngliyi ilə ədəbiyyatdakı izlərini bəlirtə bilir.

"Ədəbi şəxsiyyət və zaman" kitabı müasirliyin yükünü çəkən universal bir ədəbi şəxsiyyətin - akademik İsa Həbibbəylinin akademik elmə layiqli tarixi töhfəsidir. Kitab bu gün AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda start götürən on cildlik Azərbaycan ədəbiyyatı tarixini müjdələməklə, yeni fundamental tədqiqatlara inam oyadır.

525-ci qəzet

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015