AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ədəbiyyat tarixçiliyi: universal akademizmdən akademik universaliyaya. AKADEMİK İSA HƏBİBBƏYLİNİN "ƏDƏBİ ŞƏXSİYYƏT VƏ ZAMAN" KİTABINDAN QAYNAQLANAN DÜŞÜNCƏLƏR
Noy 23, 2017 | 10:51 / Müsahibələr, çıxışlar
Oxunub 288 dəfə

Tehran ƏLİŞANOĞLU

AMEA-nın müxbir üzvü

Akademik İsa Həbibbəyli bu gün Azərbaycan ədəbiyyatşünaslığında ən mötəbər söz sahibidir. 

Ədəbiyyatın canlı praktikasına təmasdan hərtərəfli elmi öyrənilməsi və intişarınacan bütün incəliklərinə varan, tarixi dərinlərinə baş vurub gündəm genişliyinə açılan alimin fəaliyyəti əsl akademik universaliya örnəyidir. Bu gün ədəbiyyatın elə bir sahəsi, meydanı, instansiyasını tapmaq çətindir ki, akademikin iti və miqyaslı nəzərlərindən yayınmış olsun, bilavasitə fəaliyyət predmetinə çevrilməsin. Ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixçiliyi, ədəbi proses və tənqid, ədəbiyyat maarifçiliyi: ədəbiyyatın tədrisi, təbliği və təşviqi məsələləri, elm təşkilatçılığı və ədəbiyyatın inkişaf strategiyası...

Akademikin bu yaxınlarda çapdan çıxmış və artıq elmi ictimaiyyətin kifayət qədər marağına səbəb olmuş iri həcmli (1068 səh.) "Ədəbi şəxsiyyət və zaman" kitabı bütövlükdə bu həqiqəti təsdiq etməklə yanaşı, hələ yalnız bir istiqaməti - ədəbiyyat tarixçiliyini ehtiva edir. Ən qədim dövrdən günümüzəcən Azərbaycan ədəbiyyatının varlığını, tarixi sərhədləri və bütünlüyünü, faktları, mərhələləri və şəxsiyyətlərini nəinki bilmək, təsəvvür etmək, üstəlik təsvir və şərh etmək, dərk və təhlil etmək, dəyərləndirmək, müasir canlı obrazını təqdim etmək ayrıca bir tədqiqatçı üçün asan məsələ deyil. Təqribən 1300-1500 illik bir məsafəni əhatə edən həmin mənzərələri uzun və intensiv tədqiqatlardan sonra adətən akademik kollektivlər yekunlaşdırır (yada salaq: Ədəbiyyat İnstitutunun 1943-1944-cü il ikicildliyini; 1957-1960-cı il üçcildliyini; 2004-cü ildən nəşr olunan yeddi cildliyi). Ayrılıqda bu uzaqmənzilli niyyətlərə yalnız akademiklər cürət edirlər və İsa Həbibbəylinin "Ədəbi şəxsiyyət və zaman" kitabını akademik elmdə yaranmış böyük fasilədən sonra belə bir mötəbər cəhdə yozmaq olar. "Klassik ədəbiyyat", "Erkən yeni dövr", "Realizm epoxası" ("Maarifçi realizm", "Tənqidi realizm"), "Azərbaycan romantizmi", "Ədəbiyyatşünaslıq", "Azərbaycan mühacirət ədəbiyyatı", "Çətin yollarda" (sovet dövrü), "Müasirlik işığında", "Müstəqillik andı" ... - müxtəlif illərdə qələmə alınmış 67 məqalə və oçerki ehtiva edən bölmələrin hələ yalnız adlarını sadalamaq bəs edir ki, monoqrafik həcmli kitabın miqyası və əhəmiyyətini duyasan.

Bir zaman bundan əvvəl İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı tarixinin yeni və yenidən dövrləşdirmə konsepsiyası ilə çıxış etdi (İsa Həbibbəyli, "Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası" // Nizami adına Ədəbiyyat İnstitutunun Əsərləri, Xüsusi buraxılış XXVI cild. Bakı, "Elm və təhsil", 2015, s. 3-8). Yeni biliklər, tədqiqat materialları toplandıqca tarixə yenidən baxış da zəruri olur. Hazırda Ədəbiyyat İnstitutunda start verilmiş on cildlik ədəbiyyat tarixinin zəminində duran həmin konsepsiyanı akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyətinin yığıncağında (fevral, 2015) və daha sonra Astanada - türkdilli xalqların akademik Ədəbiyyat İnstitutlarının toplantısında (5 oktyabr, 2015) məruzə etdi. Daha sonra həmin təsnifat daha da təkmilləşdirilərək aşağıdakı kimi formalaşdırılmışdır:

"1. Qədim dövr Azərbaycan ədəbiyyatı. Mifologiya və epos.

2. Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-XI əsrlər). 

3. İntibah dövrü Azərbaycan ədəbiyyatı (XII əsr).

4. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər)

5. Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər)

6. Azərbaycan ədəbiyyatının maarifçi realizm dövrü (XIX əsr)

7. Tənqidi realizm və romantizm epoxası (XIX əsrin 90-cı illərindən 1920-ci ilə qədər)

8. Azərbaycan ədəbiyyatında sosialist realizmi mərhələsi (1920-1970-ci illər)

9. Milli özünüdərkə qayıdış mərhələsi və keçid dövrü Azərbaycan ədəbiyyatı (1970-1995)

10. Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı".

"Ədəbi şəxsiyyət və zaman" kitabında toplanmış, "Nizami Gəncəvi haqqında söz"lə başlayan və müasir dövrlə - "Vətəndaşlıq mövqeyi, plyus lirizm" məqaləsi ilə tamamlanan oçerklər sırası sanki həmin konsepsiyanın əyani illüstrəsi və ilkin təqdimatı səciyyəsi daşıyır. Təkcə bu əsəri deyil, ümumən də akademik İsa Həbibbəylinin geniş və universal yaradıcılığını müasir ədəbiyyatşünaslığımızın nailiyyəti olan bu konsepsiyanın baş məşqi hesab etmək olar. Belə ki, "Ədəbi şəxsiyyət və zaman" kitabı akademikin 2016-2018-ci illərdə çapı nəzərdə tutulan on cildliyinin yalnız 2-ci cildini təşkil edir, bütövlükdə külliyyatının mündəricəsini isə alim özü bu şəkildə nişan verir: "I cild. Ədəbiyyat nəzəriyyəsi məsələləri. II cild. Ədəbi şəxsiyyət və zaman. III cild. Azərbaycan yazıçıları. IV cild. Naxçıvan ədəbi mühiti. V cild. Ədəbiyyatşünaslıq: köklər - budaqlar. VI cild. İncəsənət və folklor. VII cild. Ədəbi əlaqələr və mətbuat. VIII cild. Siyasət, elm və tarix. IX cild. Cəlil Məmmədquluzadə. X cild. Yollar şeirdən başlanmışdı. B., 2016" (bax: İsa Həbibbəyli, Əsərləri, X cild. Bakı, "Elm və təhsil", 2016, s. 452). 

Yüz illəri ehtiva edən ədəbiyyat tarixi üçün ən universal meyar nə ola bilər? Böyük ədəbiyyatşünas Yaşar Qarayev deyirdi: "Meyar - şəxsiyyətdir". Akademik İsa Həbibbəyli də belə düşünür; və əgər söhbət ədəbiyyat tarixindən gedirsə, daha konkret: meyar - ədəbi şəxsiyyətdir. Min illər, yüz illər keçsə də, mətnlərindən boy verən, görünən ədəbi şəxsiyyətlər. Milli ədəbiyyat tarixini bu və ya digər amillərə nəzərən izləmək praktikası vardır: dil amili, etnosun tarixi, ölkə tarixi, ideya və ideologiyalar sırası və s. Bütövlükdə İsa Həbibbəyli də həmin prinsiplərdən sərf-nəzər etmir, bu və ya digər mərhələnin müəyyənləşməsində bu və ya digərinin üstünlüyünə diqqət yetirir ("1. Sivilizasiya amili; 2. Ədəbi-tarixi proseslərin reallıqları; 3. Azərbaycanda ədəbi cərəyanlar; 4. Azərbaycançılıq məfkurəsi" // bax: Nizami adına Ədəbiyyat İnstitutunun Əsərləri, Xüsusi buraxılış XXVI cild. Bakı, "Elm və təhsil", 2015, s. 4). Lakin zaman-zaman bu və ya digər meyarlar kəsərini itirdikdə, İnsan amili yenə də qalır. Ədəbiyyatı zamanda daşıyan məhz ədəbi şəxsiyyətlərdir. Akademik İsa Həbibbəyli ədəbiyyat və zaman dialektikasını belə izah edir: "Səma cisimləri göy qübbəsinin, İnsan yer kürəsinin, Ədəbiyyat Zamanın atmosferini təyin edir. Zamanın yüksək idealları özünün böyük yazıçısını və ədəbiyyatını yetişdirir. Yazıçı Zamanı düşündürən və qabaqlayan böyük ideallar səviyyəsinə çatdıqda ədəbi şəxsiyyətə çevrilir. Ədəbi şəxsiyyət - möhtəşəm ədəbiyyat məbədinin yük daşıyan divarı, onu çiyinlərində saxlayan dayanıqlı sütun, Zamanı və ədəbiyyatı irəli dartan at gücüdür. Ölkəsi və xalqı ilə həmrəylik miqyasındakı səviyyə sənətkarın cəmiyyətdəki və ədəbiyyatdakı yerini müəyyənləşdirir" ("Ədəbiyyat və zaman").

Doğrudan da, bir anlıq düşünəndə, məsələn, "bütün mədəni dünyanı fəth etmiş sərkərdə", "Xəmsə"nin dahi yaradıcısı" Nizami Gəncəvi ("Nizami Gəncəvi haqqında söz") və xalqının yolunda təvazökar xidmətləri az qala unudulmaqda olan "görkəmli yazıçı və ictimai xadim", "böyük demokrat ədib Cəlil Məmmədquluzadənin ən yaxın məsləkdaşı" Eynəli bəy Sultanovu ("Yazıçı-publisist Eynəli bəy Sultanov") bir sırada, bir pəncərədən, bir araya gətirən nədir? Təbii ki, kitabın təsbit etdiyi kimi: ədəbi şəxsiyyət!; ədibi, yazıçını Zaman və Ədəbiyyat müstəvisinə qaldıran hünərvərlik: "Azərbaycan ədəbiyyatında sənətkar və Zaman münasibətlərində həmişə böyük ədəbiyyatın özünəməxsus möhürü olmuşdur. Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirzə İbrahimov, Mir Cəlal, Rəsul Rza, Mikayıl Müşfiq, İlyas Əfəndiyev kimi qüdrətli sənətkarlar Zamanın fövqündə duran böyük idealların carçısıdırlar" ("Ədəbiyyat və zaman").

Təbii ki, akademik Ədəbiyyat panteonunda ilk növbədə zamanın yükünü daşıyan "nəhənglər"ə yer verir: "Nizami Gəncəvi: Azərbaycandan dünyaya", "Cahana sığmayan şair" (İ.Nəsimi), "Məhəmməd Füzulinin yaradıcılığında aşiq", "Molla Pənah olan şair", "Xoş gördük, Mirzə Fətəli Axundzadə", "Üzeyir Hacıbəyov əfsanəsi", "Böyük demokrat Cəlil Məmmədquluzadə", "Mirzə Ələkbər Sabirimiz", "Hüseyn Cavid və sənəti", "Məhəmməd Hadi yaradıcılığının sənətkarlıq xüsusiyyətləri", "Böyük mütəfəkkir Əli bəy Hüseynzadə", "Xalq şairi Səməd Vurğun haqqında söz", "Ustad Məhəmmədhüseyn Şəhriyar" və s. məqalələr minillik boyu tarixdə daşınan ədəbiyyatımızın zirvə çağları-çağlayışını bütün cazibəsi və hüsnü ilə fəhm və seyr etməyə imkan verir. Həm də bu zaman tədqiqatçı "nəhənglər"in ədəbiyyat tarixində ali yerini təyin edən epitetlərə heç də qızırqalanmır: "Şərqdən doğan ədəbiyyat günəşi olan Nizami Gəncəvi"; "Seyid İmadəddin Nəsimi görkəmli Azərbaycan şairi və mütəfəkkiridir. Onun şeirləri insanın qüdrəti haqqında himn kimi səslənir"; "Həqiqətən də Füzulinin lirikası, şeiriyyatı orta əsrlər Azərbaycan şeirinin kulminasiya nöqtəsidir"; "Vaqifin "Durnalar"ı Azərbaycan şeirinin durna qatarının önündədir"; "Mirzə Fətəli babamız Şərq qiyafəli, Avropa düşüncəli, Azərbaycançı milli məzmuna malik ictimai fikrin və mədəniyyətin inkişafında böyük xidmətlər göstərmişdir"; "Cəlil Məmmədquluzadə çoxəsrlik Azərbaycan ədəbiyyatının milli iftixarı, dünya bədii mədəniyyətinin görkəmli nümayəndəsidir"; "Milli ədəbiyyatda tənqidi realizmin əsas yaradıcılarından biri kimi geniş şöhrət qazanmış Mirzə Ələkbər Sabir bədii fikirdə humanizmin və demokratik ideyaların, milli oyanış və dirçəlişin ən fədakar carçılarındandır"; "Böyük iftixar hissi ilə demək olar ki, Üzeyir Hacıbəyov Azərbaycan professional musiqi sənətinin Koroğlusudur" və s.

Akademik İsa Həbibbəylinin dərin tədqiqata və geniş ümumiləşmələrə söykənən təyinlərində az qala aforizm dürüstlüyü var: "Nizami Gəncəvi şeirin Allahıdır. Dünyanın harasından, Şərqdən, yoxsa Qərbdən baxılmasından  asılı olmayaraq, o, şeir-sənət səmasında günəş kimi parlayır". "Aşiq Füzulinin varlığı eşqdən və kədərdən yoğrulmuşdu. Məhəmməd Füzuli sənətində eşq aşiqin mənəvi pasportu, kədər isə onun ictimai mahiyyəti və məzmunudur". "Saib Təbrizi - Azərbaycan klassik romantik şeirinin realist ədəbiyyata doğru keçdiyi təkamül prosesinin əsas hərəkətverici qüvvəsi olan görkəmli sənətkardır". "Nəriman Nərimanovun müəllim Məhəmmədağa obrazı ilə ədəbiyyatımıza "ağıldan bəla" motivi gətirilmişdir. Eşqdən bəla motivini ağıldan bəla düşüncəsi əvəz etməyə başlamışdır" və s. 

Lakin ədəbiyyatın tarixi yalnız zirvələrdən təşəkküllənmir, bu və ya digər ədəbiyyat epoxasını təmsil edən, şəkilləndirən çox sayda adlar, imzalar, ədəbi şəxsiyyətlər kəşf və yenidən-kəşf olunduqca bu sırada yerini alır; təsəvvürlər dəyişir, dolğunlaşır, əvvəlki mənzərələr daha da yenilənir, yeniləri ilə əvəz olunur. "Marağalı Əvhədi", "Klassik poeziyada yeniləşmə meyilləri və Saib Təbrizi",  "Nəriman Nərimanov: tənqidi-realist, yoxsa maarifçi demokrat?", "Məsləki tərcümeyi-halı olan şair" (Abbas Səhhət), "Xalq yazıçısı Mirzə İbrahimov", "Mir Cəlal müəllim", "Rəsul Rzanın sənət qüdrəti", "Həyatın gerçəkliyi və təhkiyənin nağılı" (İlyas Əfəndiyev), "Milli istiqlal şairi Bəxtiyar Vahabzadə" və s. məqalələrdə akademik bəlli, dəfələrlə cızılmış ədəbi portretlərə yeni rakurs və notlar artırmaqla, əslində, ədəbiyyat tarixində məhz bu günün aşkarladığı təkrarsız yaradıcılıq örnəklərini təsbit etməyə nail olur.

Bu zaman akademik İsa Həbibbəyli, həmçinin, diqqətdən kənarda qalmış, mühüm xidmətləri lazımınca qiymətini almamış ədəbi şəxsiyyətlərin portretinə həssas yanaşır, ədəbiyyat tarixi sırasında layiqi haqlarını bərpa edir. "Ürfani şeirin Şəmsi" - Şəms Təbrizi: "O, türk-müsəlman dünyası ədəbiyyatında və ictimai fikrində böyük mütəfəkkir Mövlana Cəlaləddin Ruminin ən yaxın məsləkdaşı və görkəmli ürfan şairi kimi tanınmışdır". "Maarifçilik hərəkatının və maarifçi ədəbiyyatın görkəmli nümayəndəsi" - "Böyük maarifçi ədib və pedaqoq Məhəmməd Tağı Sidqi maarifçilik hərəkatı və maarifçi ədəbiyyat istiqamətlərinin hər ikisində "keçid dövrü"nün lideridir. XIX əsrin son 25 ilində və XX əsrin əvvəllərində həm maarifçilik hərəkatı, həm də maarifçi realist ədəbiyyatı baxımından Məhəmməd Tağı Sidqi səviyyəsində xidmət göstərən görkəmli ziyalı göstərmək çətindir". "Millətin canlı heykəli" - Məhəmmədağa Məhəmmədtağı oğlu Şahtaxtlı: "Bu nəhəng şəxsiyyətin Azərbaycana Qərb maarifçiliyi ənənələrini gətirmək, doğma xalqını Şərq fanatizmindən xilas etmək, Qərblə Şərqi yaxınlaşdırmaq kimi böyük vəzifələrin həyata keçirilməsinə təkbaşına etdiyi xidmət həmin amala ömür sərf etmiş bütöv bir ziyalı nəslinin fəaliyyətinə bərabərdir". "Yazıçı-publisist Eynəli bəy Sultanov": "XX əsrin əvvəllərində... Azərbaycan siyasi-maarifçi publisistikasının bənzərsiz nümunələrini yaratmışdır. Zaqafqaziya mətbuatında Eynəli bəy Sultanovun fəaliyyətini yalnız Məhəmməd ağa Şahtaxtlı ilə müqayisə etmək olar" ...   

Bu gün ədəbiyyat tarixinin zirvəsindən baxanda dünənin bir çox səhifələri bir başqa görünür; dünən yaxından və bəlkə yaxın olduğu üçün çox da görünməyən yeni-yeni "nəhənglər"i görürük.

(Ardı var)

525-ci qəzet

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015