AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Sofiya Universitetində türkologiya ixtisasının 65 illik yubileyi qeyd olunub
Noy 14, 2017 | 04:48 / Konfranslar, iclaslar
Oxunub 17 dəfə

Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin klassik və yeni filologiya fakültəsinin türkologiya və altayşünaslıq kafedrasında türkologiya ixtisasının 65 illik yubileyi çərçivəsində “Türkologiya bu gün – çağırışlar və perspektivlər” mövzusunda ikigünlük beynəlxalq konfrans keçirilib. Tədbir universitetin şərq dilləri və mədəniyyətləri mərkəzində təşkil olunub.

Konfransın açılışında Sofiya Universitetinin rektoru Anastas Qerdjikov, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Qazaxıstanın Bolqarıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Temirtay İzbastin, universitetin klassik və yeni filologiya fakültəsinin dekanı, professor Madlen Danova, türkologiya və altayşünaslıq kafedrasının dosenti İrina Sarıivanova, şərq dilləri və mədəniyyətləri mərkəzinin direktoru Aleksandr Fedotov, Budapeştdəki “Qeorq Hazay” Şərqşünaslıq Fondunun direktoru Sesiliya Hazay, Bolqarıstan Tərcüməçilər İttifaqının sədri dosent İvo Panov çıxış ediblər.

Səfir N.Qurbanova dünya sivilizasiyasına böyük töhfələr vermiş və dünyanın müxtəlif bölgələrində yaşayan türkdilli xalqların sayının 250 milyondan artıq olduğunu, əsrlər boyu bu xalqların bir-biri ilə sıx əlaqədə olaraq dillərini, adət-ənənələrini, mədəniyyətlərini yaşada bildiyini söyləyib. Azərbaycanın türk dünyasında hər zaman vacib rolu olduğunu vurğulayan səfir dünya elminin, xüsusən də türk dünyasının böyük elmi hadisəsi sayılan Birinci Türkoloji Qurultayın 1926-cı ildə məhz Azərbaycanda, Bakıda keçirildiyi barədə tədbir iştirakçılarına məlumat verib. N.Qurbanova qurultayın türk xalqlarının elmi-mədəni birliyinə, ortaq milli mənəvi dəyərlərinin inkişaf etdirilməsinə və türkologiya elminə verdiyi töhfədən bəhs edib.

N.Qurbanova dilin hər bir xalqın milli varlığını təsdiqlədiyi kimi, Azərbaycan dilinin də xalqımızın milli varlığını müəyyənləşdirən başlıca amillərdən biri olduğunu vurğulayaraq tarix boyu türk dilləri içərisində seçilən Azərbaycan dilinin özünəməxsusluğundan söz açıb. Bildirilib ki, XVI əsrdə Səfəvilər dövlətinin rəsmi dövlət dili səviyyəsinə yüksəlmiş Azərbaycan dili bundan sonra 1918-ci ildə dünya miqyasında birinci müsəlman dünyəvi demokratik respublika olan və gələn il 100 illik yubileyini keçirəcəyimiz Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə dövlət dili elan edilib. Səfir rus yazıçısı Aleksandr Bestujev-Marlinskinin “Fransız dili ilə Avropanı gəzib dolaşmaq mümkün olduğu kimi, Azərbaycan dili ilə də Asiyanı bütövlükdə gəzib dolaşmaq olar” fikrini xatırladaraq dilimizin gözəlliyindən bəhs edib.

N.Qurbanova Azərbaycanın görkəmli professoru, akademik Məmmədağa Şirəliyevin 1953-1954-cü illərdə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində türk filologiyası kafedrasının rəhbəri olduğunu, onun Bolqarıstanın türk kəndlərini gəzib zəngin material toplayaraq həmin materiallar əsasında "Türk dialektologiyası" əsərini yazdığını, eyni zamanda, "Dilçiliyə giriş" dərsliyini tərtib etdiyini, 1953-1955-ci illərdə isə digər görkəmli dilçimiz Hadi Mirzəzadənin Bolqarıstan hökumətinin dəvəti ilə Sofiya Universitetində müasir türk dilindən mühazirələr oxuduğunu söyləyib. Qeyd edilib ki, M.Şirəliyevin fəaliyyəti bolqar ictimaiyyəti tərəfindən hər zaman yüksək qiymətləndirilib. Belə ki, bolqar alimi Emil Boyev 1966-cı ildə Ankarada keçirilmiş XI Türk Dili Qurultayında "Bolqarıstanda türk dialektlərinin araşdırılması" mövzusunda məruzəsində xüsusi vurğulayıb: "Bolqarıstanda türk dialektlərinin araşdırılmasının əsasını professor Məmmədağa Şirəliyev qoyub”.

Türkdilli xalqlar arasında əməkdaşlığın genişləndirilməsində TÜRKSOY təşkilatının rolunu xüsusilə qeyd edən səfir türk dünyasının YUNESKO-su hesab olunan TÜRKSOY-un fəaliyyəti barədə məlumat verib. O, keçən ay TÜRKSOY-un Baş katibi, professor Düsen Kaseinovun Bolqarıstana səfər etdiyini və 2019-cu il Avropa Mədəniyyət Paytaxtı olan Plovdivdə təşkil olunmuş “Altaydan Balkanlara qədər türk dünyasının rəsm sərgisi”nin açılışında iştirak etdiyini, Sofiya Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində olduğunu söyləyib.

Səfir türk xalqlarının mədəni irsinin təbliğində növbəti mühüm addım kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasını yüksək dəyərləndirib. Bildirilib ki, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanı birləşdirən fondun məqsədi müxtəlif proqramlar, layihələr vasitəsilə türk dünyasının mədəniyyətinin və irsinin öyrənilməsi, qorunması və təbliğidir. Fond YUNESKO, İSESKO və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

Digər natiqlər Sofiya Universitetində türkologiya ixtisasının böyük nüfuza malik olduğunu, əhəmiyyətli uğurlara imza atdığını, konfransın bunun parlaq nümunəsi olduğunu, bu qəbildən keçirilən tədbirlərin mədəniyyətlərarası dialoqa töhfə verdiyini, yeni elmi və tədris fəaliyyətlərini təşviq etdiyini, Bolqarıstanda gənclərin türk dillərini öyrənmək istəyinin ölkələr arasında münasibətlərdə müsbət mühit formalaşdırdığını bildirib, bu ixtisasın keçdiyi inkişaf yolundan söz açıblar. Həmçinin universitetdə türkologiya ixtisasının əsasını qoyan professor E.Boyevin fəaliyyətindən, 65 il ərzində türkologiya və altayşünaslıq kafedrasının türkoloji mərkəz kimi Bolqarıstanda şərqşünaslığa verdiyi töhfələrdən bəhs edilib. Bildirilib ki, hazırda bakalavriat proqramında Azərbaycan, türk və qazax dilləri tədris olunur və məhz bu amil türkologiya ixtisasını Balkan yarımadasında özünəməxsus edir.

Daha sonra iştirakçılar müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Yubiley konfransı müxtəlif ixtisas və institutlardan olan alimlər üçün müasir prioritetləri müəyyənləşdirməyə imkan verməklə Bolqarıstanda türkşünaslığın müasir şəklinin əsas elementlərini izləməyə şərait yaradır.

https://azertag.az/xeber/1111640

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015