AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA-da Yunus Oğuzun “Atabəy Eldəniz” tarixi romanının müzakirəsi keçirilib
Okt 24, 2017 | 12:17 / Konfranslar, iclaslar
Oxunub 49 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı-publisist Yunus Oğuzun “Atabəy Eldəniz” tarixi romanının ədəbiyyatşünas alim və tədqiqatçıların iştirakı ilə müzakirəsi keçirilib.

Romanın ön sözünün müəllifi AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli və Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərovdur.

Tədbirdə akademik İsa Həbibbəyli çıxış edərək müəllifin Azərbaycan Atabəyliyini dövlət səviyyəsinə qaldıran Atabəy Şəmsəddin Eldənizin həyat və fəaliyyətinə işıq saldığını söyləyib. Bildirib ki, son onillikdə Yunus Oğuz yeni dövrün müasir tarixi romançısı kimi ad qazanıb, "Nadir şah", "Təhmasib şah", "Əmir Teymur - Zirvəyə doğru", "Şah arvadı və cadugər", "Sultan Arp Aslan" və digər romanlarında Azərbaycanın və türk dünyası tarixinin müxtəlif dövrlərini təsvir etməklə müasirlərimizin milli gen yaddaşının oyanışına və dövlətçilik təfəkkürünün qüvvətlənməsinə məsuliyyətlə və şərəflə xidmət göstərib.

Akademik Nizami Cəfərov isə çıxışında Azərbaycanda Atabəylər dövrünə daima maraq göstərildiyini və buna qədər akademik Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti (1136-1225)” monoqrafiyasının və Xalq şairi Nəriman Həsənzadənin “Atabəylər” mənzum dramının qələmə alındığını söyləyib. Yazıçının sənətkarlıq xüsusiyyətlərindən danışan N.Cəfərov Yunus Oğuzun “Atabəy Eldəniz” tarixi romanını dəyərli əsər adlandırıb.

Sonra Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı Elnarə Qaragözovanın “Atabəy Eldəniz” romanında tarix və şəxsiyyət amili” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, professor Musa Qasımlı, filologiya elmləri doktoru Əlizadə Əsgərli, filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənova, romanın redaktoru, yazıçı Elçin Hüseynbəyli, əsəri türk dilinə çevirən Hüseyn Adıgözəl və digərləri çıxış edərək nəşrin Azərbaycanın qədim dövlətçilik tarixinə və ənənələrinə işıq saldığını vurğulayıblar.

Sonda Yunus Oğuz çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015