AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
"İslam incəsənəti XXI əsrdə: Ənənə və müasirlik" mövzusunda beynəlxalq konfrans keçirilib
Okt 09, 2017 | 03:01 / Konfranslar, iclaslar
Oxunub 19 dəfə

Oktyabrın 9-da AMEA-nın Əsas binasında Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə "İslam incəsənəti XXI əsrdə: Ənənə və müasirlik" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Azərbaycan alimləri ilə yanaşı, İran və Qazaxıstandan olan tədqiqatçıların da iştirak etdikləri tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli cari ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında ölkə Prezidentinin 2017-ci il 10 yanvar tarixli Sərəncamını xatırladıb. Sərəncamın böyük siyasi, iqtisadi, mənəvi və ideoloji əhəmiyyətindən danışan akademik İ.Həbibbəyli bildirib ki, Azərbaycan multikulturalizm, tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verib. O, bu gün keçirilən konfransın İslam mədəniyyətinin, İslam sivilizasiyasının öyrənilməsi istiqamətində bir başlanğıc olduğunu bildirib.

“İslam həmrəyliyi XXI əsrdə, Azərbaycan müstəqillik qazandıqdan sonra öyrənilməyə başlayıb” – deyən AMEA-nın vitse-prezidenti islami dəyərlərin düzgün təbliğ edilməsinin vacibliyini, eləcə də dinin siyasiləşdirilməsinin yolverilməz olduğunu bildirib. Qeyd edib ki, müasir dünyamızda ən böyük problemlərdən biri terrorizmdir. Lakin din və terrorizm bir-birinə zidd anlayışlardır. Əsl dinin olduğu yerdə ekstremizmə və radikalizmə yer yoxdur. Bu cür xoşagəlməz hadisələr bütün dünyada islamofobiya meyillərini artırmaqla yanaşı, İslam dünyası əleyhinə kampaniyalara səbəb olur.

Akademik İ.Həbibbəyli konfransın əhəmiyyətini vurğulayaraq müsəlman ölkələri arasında elm, mədəniyyət sahələri üzrə həmrəyliyin daha da gücləndirilməsinin vacibliyini bildirib.

Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə "İslam mədəniyyəti kontekstində türk incəsənətinin dövrləşdirilməsi" mövzusunda məruzə ilə çıxış edib. Dövrləşmə probleminin türk dünyası sənət tarixinin yaradılması yolunda əsas məsələlərdən biri olduğunu söyləyən Ə.Salamzadə bilirib ki, dövrləşmə zamanın kvantlaşmasıdır. Yəni sənət tarixinin konkret bir dövrü məlum ərazi və ya xalqa məxsus bədii prosesin daha sonra bölünməz olan hissəsindən ibarətdir.

İnstitut direktoru qeyd edib ki, postsovet türk ölkələri içərisində ən çox inkişaf edən Azərbaycan milli sənətşünaslıq məktəbidir. Burada Azərbaycan sənəti və memarlığı tarixi üzərində iş hələ 1940-1950-ci illərdə başlanmışdır.

“Türk sənəti dövrləşməsinin milli modelləri özündə iki qeyri-bərabər təbəqəni birləşdirir. Onlardan birincisi bilavasitə ümumtürk sənətinin inkişaf xronologiyasını müəyyənləşdirir və əsasən qədim dövrü, qismən orta əsrləri əhatə edir. İkinci təbəqə isə müəyyən coğrafi ərazidə, yaxud türk dünyasının bir qolu – qıpçaq, oğuz, qarluq və s. hüdudlarında inkişaf edən, etnomədəni baxımdan ayrılmış, əlahiddə bədii prosesin tarixini əks etdirir. Bu təbəqə xronoloji baxımdan inkişaf etmiş orta əsrlər dövrünə aiddir” – deyə Ə.Salamzadə bildirib.

Daha sonra AR Mədəniyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev çıxış edərək ölkəmizdəki tolerantlıq mühitinin dünyaya nümunə olduğunu, respublikamızda istər dini, istərsə də milli və irqi ayrı-seçkiliyin olmadığını vurğulayıb. O, Azərbaycanın dövlət-din münasibətlərinin tənzimlənməsi baxımından da İslam dünyasında model ölkə olduğunu bildirib, konfransın işinə uğurlar arzulayıb. 

Tədbirdə "Musiqi türkologiyasının mental modelləri", "İslam mədəniyyətində bədii üslublar", "Orta əsrlər Azərbaycan şəhərlərinin məhəllələri" və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015