AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
“Azərbaycan musiqi tarixi" kitabının II cildinin təqdimatı olub
Okt 03, 2017 | 03:22 / Yeni nəşrlər
Oxunub 57 dəfə

Oktyabrın 3-də AMEA-nın Əsas binasında görkəmli sənətşünas alim, musiqi mənbəşünaslığının banisi, Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərovanın “Azərbaycan musiqi tarixi" kitabının II cildinin təqdimat mərasimi keçirilib.

Memarlıq və İncəsənət İnstitutunun bir qrup əməkdaşının birgə əməyinin bəhrəsi olan kitab akademik Z.Səfərovanın layihəsi əsasında və onun elmi redaktorluğu ilə nəşr edilib.

Tədbir çərçivəsində alimin bir sıra kitablarından ibarət sərgi də nümayiş olunub.

Mərasimi institutun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə açaraq ictimaiyyətə təqdim olunan yeni nəşrin çoxillik kollektiv araşdırmasının məhsulu olduğunu və Azərbaycan-rus dillərində oxuculara təqdim edildiyini söyləyib. O, kitabda XX əsrin əvvəllərindən fəaliyyətə başlamış bəstəkarlarımızın xronoloji ardıcıllıqla portretlərinin verildiyini, onların yaradıcılıqlarının tədqiq olunduğunu bildirib. Qeyd edib ki, musiqi tariximizdən bəhs etdiyimiz bu dövr dahi Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov, Asəf Zeynallı, Əfrasiyab Bədəlbəyli, Niyazi, Səid Rüstəmov və Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın adı ilə bağlıdır.

Ə.Salamzadə nəşrdə, həmçinin dövrün görkəmli ifaçıları H.Sarabski, Bülbül, Ş.Məmmədova, Q.Almaszadə, R.Behbudov və digərləri haqqında məlumatların yer aldığını, nadir fotoların, musiqi nümunələrinin ilk dəfə oxuculara təqdim olunduğunu söyləyib.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Z.Səfərovanın Azərbaycanın musiqi tarixini, problemlərini uzun illər araşdırdığını, kitablarının Rusiya və Türkiyədə çap olunduğunu, onun ölkəmizin hüdudlarından kənarda da görkəmli tədqiqatçı kimi tanındığını diqqətə çatdırıb. Kitabın Azərbaycanın musiqi mədəniyyətinə böyük töhfə olduğunu deyən akademik İ.Həbibbəyli XX əsrin əvvəllərində yaranan bəstəkarlıq yaradıcılığının onun bugünkü inkişafı üçün əsas olduğunu vurğulayıb.

Akademik müasir Azərbaycan musiqişünaslığının əsasını Üzeyir Hacıbəyovun qoyduğunu və onun "Leyli və Məcnun", "Koroğlu" operalarına, "Arşın mal alan" operettasına, "Sənsiz", "Sevgili canan" roman qəzəllərinə kitabda xüsusi fəsillərin ayrıldığını söyləyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışında bu gün müstəqil Azərbaycanda qadınların öz sözlərini sərbəst şəkildə deyə bildiklərini və təqdimatı keçirilən nəşrin bunu sübut etdiyini söyləyib. Z.Səfərovanın 30-dan artıq kitab, 200-ə yaxın məqalənin müəllifi olduğunu deyən H.Hüseynova nəşri Azərbaycanın musiqi tarixi və mədəniyyəti üçün önəmli əsər adlandırıb.

Təqimat mərasimində Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə çıxış edərək bu gün Z.Səfərovanın rəhbərliyi ilə yeni musiqişünaslar ordusunun formalaşdığını söyləyib. Alim kitabda Azərbaycanın qadın bəstəkarları - Ağabacı Rzayeva, Şəfiqə Axundova və digərləri barəsində məlumatların, həmçinin Ü.Hacıbəylinin onlara olan münasibətinin əksini tapmasını yüksək qiymətləndirib.

Tədbirdə kitabın rəyçisi Tariyel Məmmədov, nəşrin yaradıcı kollektivinin üzvü Şəhla Hüseynova və digərləri çıxış edərək tədqiqat əsərinin ərsəyə gəlməsindən, eləcə də elektron versiyasının internet məkanında yerləşdirilməsinin önəmindən danışıblar.

Sonda Z.Səfərova çıxış edərək nəşrin III cildinin hazırlandığı barədə məlumat verib və tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015