AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
1 avqust tarixi Azərbaycan Dili və Əlifbası Günü
Avg 02, 2017 | 09:08 / Müsahibələr, çıxışlar
Oxunub 934 dəfə

Hər il olduğu kimi bu il də 1 avqust tarixi Azərbaycan Dili və Əlifbası Günü kimi qeyd olunur. İllər keçsə də, biz hələ də bəzən bir əşyanın Azərbaycan dilindəki ifadə formasını tapa bilmir, yaxud qəbul etmək istəmir və danışarkən rus, türk sözlərindən istifadə edirik. Bəs görəsən dilimizdəki bu çatışmazlıqlar nədən qaynaqlanır? Əlifbamızın bir neçə dəfə dəyişilməsi hansı problemlərin yaranmasına səbəb olub?

Yazıçı-publisist, hüquq elmləri doktoru Çingiz Abdullayev hesab edir ki, əsas əlifbamızın bir daha dəyişilməməsidir:

“Bu gün Azərbaycan dilində və əlifbasında müəyyən problemlər, çatışmazlıqlar var. Biz yeganə millət idik ki, XX əsrdə düz 4 dəfə əlifbamızı dəyişdik. Dünyada ikinci belə bir millət yox idi. İnanıram və ümid edirəm ki, heç olmasa XXI əsrdə bizim dilimiz də, əlifbamız da inkişaf edəcək və bir daha biz onu dəyişməli olmayacağıq. Bizim uşaqlarımız da, nəvələrimiz də, onların nəvələri də bizim danışdığımız dildə danışıb, bizim istifadə etdiyimiz əlifbadan istifadə edəcəklər. Xırda problemlər var, amma bunlar düzələndir. Əsas odur ki, bu problemləri əlifbanı dəyişmək yolu ilə həll etməyə qalxmayaq!”

Filologiya elmləri doktoru, professor, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu əlifbamızın türk dünyasının ən mükəmməl əlifbası olduğunu söyləyir:
“Ulu öndərin fərmanı ilə bu gün Azərbaycan dili və əlifba günü kimi qeyd olunur. Bunun da səbəbi 2001-ci ilin avqust ayında latın əlifbasına keçidin normallaşmasıdır. Düzdür, bu gün qarşıda duran müəyyən məsələlər var, amma bunları problem kimi dəyərləndirmək olmaz. Əlifbamıza gəldikdə isə bizim əlifbamız türk dilləri içərisində ən mükəmməl əlifba sayılır. Bu yaxınlarda keçirilən tədbirlərdən birində Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali dedi ki, biz Azərbaycan əlifbasını türk dünyası üçün əsas götürməliyik”.

Yazıçı-publisist, teleaparıcı Həmid Heresçi də əlifbanın dəyişilməsini ciddi problem hesab edir:

“Əlifba çox nadir hallarda dəyişməlidir. Amma bizdə hələ nöqtə qoyulmayıb. Bu, yaxşı hal deyil. 3-4 dəfə əlifbamız dəyişilib və ola bilər ki, yenə də dəyişsin. Allah bizi beşincidən saxlasın. Buna artıq bir “dur!” deyilməlidir.

Başqa millətlər öz əlifbalarına çox sadiqdirlər. Bizsə, sanki əlifbamızı yox, paltarımızı dəyişirik. Anlamalıyıq ki, əlifba paltar deyil. Bu, qəbul olunub. Artıq müzakirələr olmamalıdır. Elə məsələlər var ki, müzakirə edilmir. Əlifba da müzakirə olunmamalıdır. Amma biz onu tez-tez müzakirəyə çıxardırıq. Qısacası, mənim sözüm budur. Əlcəkləri dəyişərlər, əlifbanı isə yox! Dəyişikliyə inkişaf donu geyindirmək də lazım deyil. Bu, 4 dəfə olub artıq. 5-ci yol verilməzdir.

Hər il keçirilən əlifba bayramına bir çox xalqların nümayəndələri gəlir. Biz də gedirik. Amma 4 dəfə əlifbasını dəyişən bir millət kimi... Bu, bilirsiz nəyə bənzəyir? Elə bil biz 4 dəfə ailəmizi dağıtmışıq”.

Filologiya üzrə fəlsəfə doktoru, dilçi-alim və Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitunun elmi katibi Aynel Məşədiyeva dilimizin təkmilləşdirilməyə ehtiyacı olduğunu bildirir:

“Bizim lüğətimizlə bağlı bəzi çatışmazlıqlar var. Orfoqrafiya lüğətimiz bir qədər təkmilləşdirilməlidir. Alınma sözlər də dilimizdə çoxdur. Bunu da tənzimləmək lazımdır. Ona görə də lüğətimizi yenidən çapa verməyi planlaşdırırıq. Son orfoqrafiya lüğətimiz 2013-cü ildə çıxmışdı. 4 ildə çox dəyişikliklər olub. Ona görə də biz 2017-ci ildə yeni versiyada lüğət istehsal edəcəyik.

Bir dilçi kimi deyərdim ki, bizdə elə bir güclü dil problemi yoxdur. Dil və əlifbamız dəyişməməlidir, sadəcə, inkişaf edib təkmilləşdirilməlidir”.

Xatırladaq ki, 1940-cı ildən Azərbaycanda kiril qrafikalı əlifba qəbul olunmuşdu. Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq, Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzaladı. Həmin vaxtdan etibarən avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan olundu.

http://teleqraf.com/news/art/144322.html

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015