AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
“Azərbaycan multikulturalizmi” dərsliyinin təqdimatı olub
İyl 17, 2017 | 12:02 / Mühüm hadisələr
Oxunub 590 dəfə

İyulun 14-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan multikulturalizmi” dərsliyinin təqdimatı olub.

Tədbirdə  AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, akademik Möhsün Nağısoylu, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə iştirak ediblər. ADU-nun rektoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev ölkəmizdə multikulturalizmin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu söyləyib. Bildirilib ki, müasir dövrdə Azərbaycan cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin düzgün tənzimlənməsi sahəsində örnək ölkələrdən biridir. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri sülh və qardaşlıq münasibəti şəraitində yaşayırlar. Azərbaycanda multikulturalizm dəyərləri təhsildə, mətbuat və ictimaiyyətdə davamlı olaraq təşviq olunur. Dini-mədəni müxtəliflik mühiti dövlət səviyyəsində qorunur və bu sahədə Azərbaycan böyük nailiyyətlər əldə edib. Bu nailiyyətlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda Prezident İlham Əliyev tərəfindən multikulturalizm siyasəti ölkəmizdə uğurla aparılır. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan edilməsi isə ölkəmizdə bu məsələyə olan xüsusi diqqətin təzahürüdür.

K.Abdulla qeyd edib ki, artıq iki ildir Avropanın 15 universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Fənnin uğurla tədris olunmasının əsas şərtlərindən biri bu sahə üzrə dərsliyin hazırlanmasıdır. Qeyd olunan zərurəti nəzərə alaraq dövlətimizin başçısının 2016-cı il 11 mart tarixli Sərəncamı ilə təsdiq edilən “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm İli” elan olunmasına dair Tədbirlər Planında” bu dərsliyin hazırlanıb nəşr etdirilməsi vəzifəsi qoyulub. Kitab Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Azərbaycan tarixi, ədəbiyyatı, fəlsəfəsi, hüququ, psixologiyası, müasir siyasəti, dili, etnoqrafiyası, beynəlxalq əlaqələri üzrə otuza yaxın tanınmış alimin birgə səyi ilə hazırlanıb. Bu dərslik Azərbaycan multikulturalizm modelini sistemli şəkildə, elmi cəhətdən təqdim edən ilk vəsaitdir.

 AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, professor Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov və başqa çıxış edənlər bu gün ölkəmizdə multikulturalizmin siyasət və elm müstəvisindən təhsil müstəvisinə proyeksiya olunduğunu söyləyiblər. Bildirilib ki, ölkəmizdə multikulturalizm elmin, mədəni dəyərlərin qorunmasına yönəlib. Kitab Azərbaycanın multikulturalizm modelinin öyrənilməsində tələbələr və müəllimlər üçün dəyərli mənbə, eyni zamanda, gənc nəslin bu sahədə maariflənməsinə böyük töhfədir.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015