AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Folklorşünaslıq elminin nəzəri-metodoloji problemlərinə həsr olunan seminar keçirilib
İyl 19, 2017 | 05:41 / Mühüm hadisələr
Oxunub 686 dəfə

İyulun 19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Folklor İnstitutunun təşkilatçılığı ilə filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin "İctimai-humanitar elmlərin folklorşünaslıq paradiqması: obyekt və predmet müstəvisində" mövzusunda seminarı keçirilib.

Tədbiri institutun Mifologiya şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoy açaraq seminarın ictimai-humanitar fənn sahəsi kimi folklorşünaslıq elminin nəzəri-metodoloji problemlərinə həsr olunduğunu bildirib. Alim son illərdə folklorşünaslığın müasir istiqamətlərinə dair tədqiqatların, Azərbaycan folklorşünaslığının dünya folklorşünaslığına daxil edilməsi çərçivəsində müzakirələrin aparıldığını söyləyib.

Daha sonra Sərxan Xavərinin məruzəsi dinlənilib.

Alim bildirib ki, yarandığı dövrdən tarixi-müqayisəli metoda əsaslanan və filoloji profilli sahə kimi formalaşan folklorşünaslıq ötən əsrin ikinci yarısından sonra Qərbdə, xüsusilə Amerikada ictimai-humanitar elmi düşüncədə baş verən ciddi paradiqmatik dəyişikliklərə müvafiq olaraq, tamamilə yeni nəzəri-metodoloji baxışlar əsasında multidissiplinar istiqamətdə inkişaf etməyə başlayıb. O, bunun səbəbinin Qərb ictimai-humanitar elmlərində baş verən bir sıra fundamental dəyişikliklər olduğunu, bütün elm sahələrindəki nailiyyətlərin isə folklor hadisəsinə və fakturasına münasibətdə sintez edilərək folklorşünaslığın multidissiplinar elm sahəsi kimi sürətli inkişafına təkan verdiyini diqqətə çatdırıb.

Məruzəçi fənn sahəsi olaraq folklorşünaslığın ictimai-humanitar elmi düşüncədə koqnitiv institutlaşmasının mədəni faktın (xalq biliyinin) ümumi mədəniyyət sistemi içərisindən avtonom vahid kimi ayrılaraq humanitar elmi düşüncənin predmetinə çevrilməsi nəticəsində meydana gəldiyini qeyd edib. Bildirib ki, folklorşünaslıqda tədqiqat obyektinin (xalq biliyinin) "kəşf" edilərək elmi humanitar düşüncənin fokus nöqtəsinə gətirilməsi ilə bu fənn sahəsinin özü də yaranıb.

S.Xavəri folklorşünaslığın tarixi inkişaf prosesinin dinamikasını həm diaxron, həm də sinxron modelləşdirmək, bu inkişaf prosesinin müxtəlif mərhələlərində özünəməxsus xüsusiyyətlərini üzə çıxarmaq və perspektiv inkişaf istiqamətlərini proqnozlaşdırmaq baxımından bu fənnə məşhur Amerika elmşünası Tomas Kunun "elmi paradiqma" anlayışının işığında, həm də professional elmşünaslıqda kəsb etdiyi mənada yanaşmaq lazım olduğunu söyləyib.

Alim dünya humanitar elmlərinin mütərəqqi təcrübəsinə əsaslanaraq folklorşünaslığın, əsasən "mətn" və "kontekst" mərkəzli folklorşünaslıq paradiqmatik istiqamət bloklarında təmərküzləşdiyi fikrini irəli sürüb.

S.Xavəri folklorşünaslığın bəşəriyyətin sosial tərəqqisinin bütün mərhələlərini elm olaraq anlamaq, bəşər fenomeninin genezisini müəyyənləşdirmək, təşəkkülünü, təkamülünü modelləşdirmək, hətta perspektivini ssenariləşdirmək baxımından digər ictimai fənn sahələri ilə müqayisə oluna bilməyəcək elmi universallığa malik olduğunu vurğulayıb. Qeyd edib ki, folklorşünaslığın əsas strateji hədəfi "folk"da ifadə olunan sosial və "lore"də ifadə olunan kultural sistemlərin vəhdətindən yaranan metamədəni sistemi - folkloru bütün mürəkkəbliyi ilə məhz bu baxış bucaqlarından öyrənməkdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015