AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
“Ölkəmizdə milli və dini həmrəylik” mövzusunda elmi-praktik konfrans keçirilib
İyl 06, 2017 | 05:43 / Konfranslar, iclaslar
Oxunub 581 dəfə

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, AMEA Folklor İnstitutu və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində “Ölkəmizdə milli və dini həmrəylik” mövzusunda elmi-praktik konfrans keçirilib. 

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyini, bununla əlaqədar Zaqatala rayonunda da silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Zaqatala rayonunda qədimdən müxtəlif xalqların nümayəndələri, ayrı-ayrı dini dəyər daşıyıcıları mehribanlıq və həmrəylik şəraitində yaşayıb, fəaliyyət göstəriblər. Multikultural dəyərlərin, ənənələrin, İslam həmrəyliyinin qorunub saxlandığı Zaqatalanın 127 min nəfərlik əhalisinin 68 faizini azərbaycanlılar, 21,5 faizini avarlar, 10 faizini saxurlar, qalanlarını isə digər azsaylı xalqların nümayəndələri təşkil edir. Bu xalqların nümayəndələri Azərbaycanı həmişə öz doğma Vətəni hesab edirlər.

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov bildirib ki, multikulturalizm, tolerantlıq və İslam həmrəyliyi Azərbaycan xalqının mədəniyyətində həmişə olub, bir-birinə və digər xalqlara münasibətində əsrlər boyu davam edib. Bu gün Azərbaycana gələn qonaqlar Zaqatala rayonunun timsalında multikulturalizm və tolerantlıq nümunələrini əyani şəkildə görürlər. Zaqatalada yaşayan xalqların nümayəndələri vahid bir dövləti, milləti təmsil edən və son dərəcə bir-birinə bağlı olan insanlardır. Onların bir yerdə yaratdıqları mədəniyyət çox zəngindir. Bu mədəniyyət milli və dini baxımdan müxtəlif olsa da, eyni zamanda, bütöv və ahəngdardır.

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015