AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“İki çocuğun Avropa səyahəti” əsəri Almaniyada nəşr olunub
İyl 03, 2017 | 11:45 / Yeni nəşrlər
Oxunub 556 dəfə

Məmməd Səid Ordubadinin “İki çocuğun Avropa səyahəti” adlı əsəri alman dilində işıq üzü görüb.

Almaniyanın “Borsdorf Winterwork” nəşriyyatında çap olunan kitaba AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Məmməd Səid Ordubadi və «İki çocuğun Avropa səyahəti» əsəri” adlı Ön söz yazıb. Akademik Avropa oxucusuna M.S.Ordubadinin həyat və yaradıcılığı, habelə “İki çocuğun Avropa səyahəti” əsəri haqqında müfəssəl məlumat verib.

Əsəri alman dilinə Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova tərcümə edib.

Alman Milli Kitabxanasının biblioqrafiyasında qeydiyyatdan keçirilən əsər haqqında ətraflı məlumatı  http://www.d-nb.de saytında əldə etmək mümkündür.

Qeyd edək ki, əsər ilk dəfə 1907-1908-ci illərdə Bakıda nəşr edilən “Tazə həyat” qəzetində əski əlifba ilə hissə-hissə çap olunub. 94 günlük səyahəti canlandıran əsər on məktubdan ibarət olub, Şərq-Qərb müqayisəsi yolu ilə milli oyanışa və dirçəlişə çağırış motivini əks etdirir.

“Tərəqqi yoluna çox cəsarətlə addım atmış Almaniya”, “Ticarətdə dünyaya güzgü misalı olan Belçika”, “Dünyamızın bir ümumi mədrəsəsi olan Paris”, “Dünya içində bir dünya olan Avstriya” və “Avropa şəhərləri səviyyəsində inkişaf edən Türkiyə” adlı məktublarda sözügedən ölkələrin siyasi-iqtisadi mənzərəsi, həyat tərzi haqqında ümumi məlumat verilir. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015